Misirdə Roma dövrünə aid sarkofaqlar tapılıb

  • 30 dek 2018, 20:42

Misirin Qədim Abidələrlə İş üzrə Nazirliyinin nümayəndələri Aralıq dənizi sahillərində yerləşən Dubyat şəhərinin Təl-əd-Deyr rayonu ərazisində Misir tarixinin Roma dövrünə aid sarkofaqlar aşkar ediblər. "Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə bazar günü nazirlik məlumat yayıb.

"Roma dövrünə aid oval şəkilli, qırmızı rəngli gil sarkofaqlar aşkar olunub”, – deyə məlumatda bildirilir.

Qədim Abidələr üzrə Ali Şuranın baş katibi Mustafa əl-Vazirinin sözlərinə görə, bəzi sarkofaqlarda insanın üz cizgilərini, digərlərində mühəndis avadanlıqlarını görmək olar. Sarkofaqlarda ölmüş insanların qalıqları aşkar olunub.

Həmçinin qazıntılar zamanı yüzlərlə gil qab-qacaq və zərgərlik məmulatları tapılıb. Xüsusilə, üzərində üzüm tənəyi təsvir olunan üzüklər üzə çıxıb.

Daha əvvəl Mərakeşdə 90 min il yaşı olan qədim bıçaq tapılıb.

Oxşar xəbərlər