Xəbər lenti
Bütün xəbərlər

“Ailəm yoxdur, bir Allahım var, bir özüm, bir də qarmonum...” – FOTO

  • 09 sen 2018, 15:25

İstirahət düşərgəsini özünə məskən seçən həvəskar qarmonçu Hişiyev Ədalətin həyat hekayəsi; "Mən "Çoban bayatısı” ifa elədim, Alim Qasımov da oxudu, gözlərimə və qulaqlarıma inanmadım.  Arif Babayevi də müşayiət eləmişəm”

"Qarmona həvəsim 7-ci sinifdə yaranmağa başladı. Gördülər ki, musiqi qabiliyyətim var, məni Ağdamın Qaradağlı musiqi məktəbinə yazdılar. İlk qarmonumu 1500 manata aldım.  Onda Leninin pulu idi. İlk qarmonum "Kazan” olub. Mən əsgərlikdə Kuril adalarında olmuşam. O vaxt istəmişdim, qarmonumu ora da göndərmişdilər”.

Bunu bizim həmsöhbətimiz Hişiyev Ədalət Qəşəm oğlu deyir. Onunla rayonlardan birindəki istirahət mərkəzində tanış oldum. Qarmanunu çiyninə aşırıb, heç kimə əhəmiyyət vermədən müxtəlif musiqi parçaları ifa edirdi.

"Muqisi fasiləsi”ndən istifadə edib onu kənar bir yerə çəkib Musavat.com üçün danışdırmaq istədim, etiraz etmədi. Deyir "kağızda” yaşı 58 olsa da, özünü daha yaşlı sayır: "Sənəddə yazılıb ki, yaşım 58-dir. Amma qəlbimdə min yaşım var. Mən yazıb-oxuya bilmirəm. Daha doğrusu, latın qrafikasını bilmirəm. 8 illik təhsilim var. Ağcabədi rayonunun Bayat sovetliyindəki Hacılar kəndində oxumuşam. Notu heç mənimsəyə bilməmişdim. Amma 1982-ci ildən müəllim işləməyə başlayanda məcburən notu öyrənməyə başladım. Şənbə-bazar da el toylarına gedirdim, bu, həyati məktəbdir”.

17 il musiqi məktəbində müəllim işlədiyini deyən Ədalət kişi indiki toyları bəyənmir: "İndiki toylar qabaqkılara çatmaz. Onda muğam, muqisi yaşanırdı. İki gün, iki gecə toy olurdu. Səhər saat 10-dan başlanırdı, kimin yuxusu gəlirdi, gedib yatırdı, oynayan oynayır, oxuyan oxuyurdu. Nəmər də yerində...Çox şirinliklə, ədəblə, hörmətlə dinlənilirdi. İndi 3 saatlıq toyda bilinmir nə yeyilir, nə deyilir. Yaxşı deyiblər nə gördüyünü demək olmaz, nə də yemək”.

Sözarasi həmyerlisi, Qarabağın dəyərli ziyalılarından olan deputat Aqil Abbası gözəl tanıdığını deyir. Amma bir əlavəsini də edir: "Mən Allahın əmri ilə nəyisə üzə vuran deyiləm. Amma evim yanandan sonra mənə söz vermişdi ki, ev tikib verəcəyəm. Məhəmməd Füzulinin heykəlinin qarşısında dedilər ki, bu kişinin evi yanıb. Qayıtdı ki, ikisini söz vermirəm, amma birini tikib verəcəyəm ona. Bir il sonra Azər Hüseyn pavilyonunda gördüm uzaqdan. 20-30 nəfərlə birgə oturmuşdu. Amma yaxınlaşmadım, bəlkə də xatırlatsaydım, nəticə olardı”. Deyir sonradan ev tikməyə də ehtiyac olmadı: "Elə divarların üstünü örtdüm, eləcə qaldı”.

Ailə-uşağını soruşanda "ailəm yoxdur, bir Allahım var, bir özüm, bir də bu qarmonum” deyir. Onu da əlavə edir ki, 4 qardaşın böyüyüdür: "Onların səhvlərini mən yeməliydim. Allahtala dedi ki, böyük olan yerdə kiçikdə günah görmə”.

Ə.Hişiyev 1996-cı ildə Sibirə gedib, 2004-cü ildə geri qayıdıb.  Həmin günləri belə xatırlayır: "O illərdə ellər qara geyinmişdi, musiqi yaşamırdı. Hərə çörək dalınca bir tərəfə gedirdi. Mənim də qardaşım ordaydı, dedi gəlmək istəyirsənsə, gəl. Mən də getdim. Təbbi ki, doğulduğum yerdən üstünü yoxdur. Necə ki, atalar deyib "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”. Sibir bilirsiniz nəyi mənə xatırlatdı? Stalin o zaman insanlarımızı Sibirə sürgün etdirirdi, amma biz könüllü getdim, yaşadıq orda”.   

Söhbətimizin baş tutduğu Qax rayonuna necə gəlib çıxması barədə danışır: "2006, ya 2007-ci il il idi. Onda beş "məmməd”im var idi. Telefonum yox idi, heç yeri də tanımırdım. Çıxdım yola, dedim gedəcəyəm, qoy qurd-quş yesin, canım qurtarsın. Qarmon da mənimləydi. Onu da deyim ki, Sibirdən gələndə düşündüm bəlkə qarmonu aparım satım. Nə qədər hərləndim, amma Allahtala dedi ki, ixtiyar səndə deyil ki, istədiyini alasan, istədiyini satasan, get, mən verən ömrü şəllə kürəyinə, başını qat. Şükür olsun. Gəldim bura çıxdım. O gündən bəri, 10 ildən artıqdır bura gəlib-gedirəm”.

Bir az dərin fikrə gedir, sonra gülümsəyərək ardını danışır: "Onda "Səngər qala” içərisində yekə bir daş, onun da yanında bu "budka” var idi. Ora çatanda mənim danışası halım yox idi. Daşdan səs çıxardı, məndən yox. Axşam tərəfi idi. Bir nurlu simalı kişi yaxınlaşdı ki, a bala, bu, nə gündür belə? Heç nə demədim, qarmonu "sumka”dan çıxartdım. Kənarda bir aşıq da var idi. Başladım zümzümə eləməyə. Aşıq yaxınlaşdı. Bu nurlu kişi də aşığa qayıtdı ki, bu, yaxşı adama oxşayır, götür özünə şagird elə! Mən də o gündən burdayam”.

Həvəskar qarmon ustası dolanışığından gileyli deyil: "Eli var olsun! Toya gedirəm, vaya getmirəm. Şükür olsun”. Mehmanxanada qaldığını deyir: "10 ildən artıqdır yayda bura gəlirəm. Yayı burda, qışı Ağcabədidə qalıram”.

Bu məkanda gördüyü məşhurlardan da danışır: "Arif Babayev tez-tez gəlir, gedir. Alim Qasımovla rastlaşdım, qeyri-adi səsi var. Mən Allahın əmri ilə 1998-ci ildən televizora baxmıram. Mən burda Alim Qasımovu dinlədim, qeyria-adi səsi var. Üstəlik yüksək qabiliyyətin sahibi olan bu insan olduqca sadədir. Özü də burda oxudu. Mən "Çoban bayatısı” ifa elədim, Alim Qasımov da oxudu, gözlərimə və qulaqlarıma inanmadım.  Elə Arif Babayev də ifa edib, mən onu müşayiət etmişəm”. Gülərək A.Babayevin hətta ona nəmər verdiyini də söyləyir.

Qarabağ müharibəsi illərini də ağrı ilə xatırlayır: "O vaxt getdim könüllülərə qoşulmağa, qəbul eləmədilər. Amma müharibəni daxilimdə yaşadım. İnşallah yəqin ki, sülhlə başa çatar. İnsanlar bir-birini dərk etsə, müharibə yaşanmaz. Mən vaxtilə Şuşada, pioner düşərgəsində olmuşam. Laçına da çox getmişəm. 2004-cü ildə Sibirdən gələndən sonra həsrətlə o tərəflərə baxıram. Deyirəm illər boyu o yerlərə gedib-gəlmişəm, niyə indi gedə bilməyim?”

Söhbətimizin bundan sonrakı hissəsi musiqi ilə davam edir. Qarmona marağımı görüb özümü sınamağımı istəyir. Bir az dinləyəndən və heç vaxt müəllim yanında olmadığımı eşidəndən sonra maraqla "davam etdirsən, yaxşı musiqiçi olardın” deyir. Ardınca Ədalət kişi qarmonu sinəsinə sıxıb özünü unudur. Özü demişkən, "Bir Allahı, bir özü, bir qarmonu” olan həvəskar musiqiçinin tamam ayrı dünyası varmış...

Elşad PAŞASOY,

Musavat.com
Oxşar xəbərlər