Yeni Azərbaycan filmlərinin gəlirləri niyə gizlədilir?

  • 05 fev 2018, 22:38

Film sənayemizdəki təkanlar özü ilə mübahisələri də gətirir.

Bəzi filmlər məsələn, "Kəklikotu”, "Stalinin başı” kimi filmlər tamaşaçıların böyük bir qismi tərəfindən bəyənilsə də, bəzi filmlər çox ciddi tənqidlərlə üzləşir.

Elə filmlər də var ki, tamaşaçı qıtlığına görə hətta 10 gündən sonra kinoteatrlardan yığışdırılır. Belə olduqda bir nəticəyə gəlmək olar ki, bu filmlərin yaradıcı heyəti xeyir götürmək əvəzinə, ziyana işləyiblər.

Maraqlısı budur ki, demək olar, heç bir yeni Azərbaycan filminin "Wikipedia” səhifəsində nə xərci, nə də gəliri qeyd edilib. Dünyada isə Hollivuddan Bollivuda qədər bütün film sənayelərində kinoteatr gəlirləri barəsində mütləq məlumat verilir.

Azərbaycan film istehsalçıları nə üçün büdcəni və gəliri açıqlamaqdan çəkinir?

Kinoşünas Aygün Aslanova minval.info-a açıqlamasında köhnə qaydaların davam etməsinin buna əsas verdiyini bildirib: "Sovet dövründə digər sahələrdə olduğu kimi film sənayesində də sərf olunan vəsaitin ictimaiyyətə açıqlanması təcrübəsi yox idi. Müasir Azərbaycanda kino idarəetməsi dəyişmədiyi üçün bu qaydalar da yenilənməyib.

Əvvəl necə, indi də elə. Kinematoqraflar özləri təxminən hara, nə qədər xərclənir bilirlər, amma bunu açıb-ağartmağı məqsədəuyğun hesab etmirlər”.

Aygün Aslanova gəlirin açıqlanmama səbəbi kimi isə, ümumiyyətlə, heç bir qazancın olmamasını göstərir: "O ki qaldı gəlirlərin elan edilməsinə, ilkin səbəb kino sahəsində gəlirlərə tətbiq edilən vergilərin yüksək olmasıdır. Amma bundan daha vacib bir səbəb də var: gəlirin, ümumiyyətlə, olmaması… Azərbaycanda gəlir gətirə biləcək kino bazarı yoxdur. Dövlət sifarişi ilə çəkilən filmlər nəyinki əlavə gəlir gətirmir, hətta öz xərcini də ödəmir. Kommersiya filmləri isə nadir hallarda – 5 film çəkilirsə, ondan biri gəlir gətirir”.

Bütün büdcənin şəffaflıqda göstərilməsi verginin də şəffaflıqla ödənməsini tələb edir, gəlirin az göstərilməsi isə filmin uğursuzluğa uğradığını bəyan edir. Ona görə də, film istehsalçıları nə şiş yansın, nə kabab deyib büdcəni və gəlirləri tamamilə gizlədirlər.

Oxşar xəbərlər