Leyla Əliyeva yeni şeirlərini oxudu - Fotolar
- 26 apr 2017, 08:03
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan dilini öyrənən tələbələrlə və Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasının kollektivi ilə görüşüb.
Görüşdə toxunulan mövzular arasında ekologiya, təbiəti mühafizə, müxtəlif
ekoloji sistemlərin bir-birindən asılılığı problemləri xüsusi maraq doğurub.
Leyla Əliyeva görüş iştirakçılarına "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq
dialoq” İctimai Birliyinin – IDEA-nın (International Dialogue for Environmental
Action) və RAGB-ın fəaliyyətindən danışıb.
Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasında Azərbaycan dilini öyrənən tələbələr
qonaqlara Məcid Şamxalovun "Qayınana” pyesinin motivləri əsasında eyniadlı
tamaşanı təqdim ediblər. Tələbələr Müslüm Maqomayevin "Mavi əbədiyyət”
mahnısını və Azərbaycan milli rəqsini ifa ediblər.
Leyla Əliyeva gözəl quruluşa görə tələbələrə təşəkkür edərək deyib: "Tamaşa məndə çox güclü təəssürat oyatdı, qürur və sevinc hissləri keçirdim, özümü xoşbəxt hiss etdim”.
Leyla Əliyeva yeni şeirlərini oxuyaraq institutun kollektivinə özünün "Ulduzlar
pillə-pillə düzülsəydi səmaya” ("Если б звезды ступеньками стали”) şeirlər
toplusunu hədiyyə edib.
AAÖİ-nin fəxri prezidenti, MDU-nun professoru Mixail Meyer instituta gəldiyinə
görə Leyla Əliyevaya təşəkkür edib və Azərbaycan dilini öyrənən tələbələrin təhsilində
Heydər Əliyev Fondunun rolunu vurğulayıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AAÖİ-yə ilk
dəfə gəlmir. Fond bir neçə il əvvəl instituta linqafon kabineti hədiyyə edib.
Ən yaxşı tələbələr isə Azərbaycan xalqının mədəniyyəti və ənənələri ilə
yaxından tanış olmaq üçün ölkəmizə səfər etmək imkanı qazanıblar.
Demokratik.Az