O bunu bacardı: Ramil Usubov kimdir?

  • 19 fev 2017, 17:53

ANV.az hər həftənin cümə axşamı oxucuların görüşünə gələn "Məmur portreti” adlı rubrikanı davam etdirir.

Rubrika vasitəsilə oxucular dövlət rəhbərliyində təmsil olunan, ölkənin müxtəlif sahələrinə rəhbərlik və nəzarəti həyata keçirən məmurların keçdiyi həyat yolu, ictimai mövqeyi, gördüyü işlərlə tanış olurlar.

"Məmur portreti”inin növbəti qonağı Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovdur.

Ramil Usubov kimdir?

Uzun illərdir ölkəmizdə sabitliyin təmin olunmasına, ictimai asayişin qorunmasına rəhbərlik edən Ramil Usubov 22 dekabr 1948-ci ildə  Xocalı rayonunda anadan olub.

Oğlaq bürcünə aid olan Ramil Usubov bu bürcə aid tipik xüsusiyyətləri özündə birləşdirir:

Onlarla birlikdə işləmək bir fərəhdir. Vəzifəsindən bir pillə aşağı işləsəniz, sizin onunla ünsiyyət yaratmağınıza özü kömək edəcək. Həm də sizin maraq dairəniz eyni olacaq. Bu isə ünsiyyət yaratmaq üçün daha bir şansdır. Mərddir, başqalarının problemlərini öz problemləri, qayğıları öz qayğıları bilirlər.

Uşaqlıq arzusu: Polis olmaq və bu gerçəyə çevrilir

Uşaqlıq dostlarının dediyinə görə, gələcək nazir uşaq yaşlarından polis olmaq arzusunda olub. Məktəbdə dava düşəndə, dostları arasında anlaşılmazlıq yarananda dərhal müdaxilə edir, tərəfləri sakitləşdirməyə çalışır, bir sözlə "ictimai asayişi” bərpa edirmiş.

R.Usubov 1973-cü ildə Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçir.

Gələcəyin generalı əmək fəaliyyətinə isə 22 yaşında başlayır. 1970-ci ildən bugünə qədər polis adını, şərəfini ləyaqətlə qoruyur.

Qısa müddətə fərqənir, zirvədən-zirvəyə addımlayır...

Cinayət-axtarış strukturlarında çalışan Ramil Usubov çox keçmir ki, Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi təyin olunur. Ardınca isə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, Əli Bayramlı (indiki Şirvan) şəhər polis şöbəsinin rəisi vəzifələrində mövqe tutur.

1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunur, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışır.

Heydər Əliyev sadiq silahdaşı: Ulu Öndərin etibarlı dostu

Ramil Usubovun fəaliyyətinin çətin, məsuliyyətli, eyni zamanda şərəfli və uğurlu dövrü Ulu Öndər Heydər Əliyevlə birgə çalışdığı illərə təsadüf edir. 

O zamanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Ümumilli Lider Heydər Əliyevin 11 avqust 1993-cü il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunur.

Heydər Əliyevlə birgə Naxçıvanda ictimai asayişin bərpa olunmasına, müxtəlif təxribatçı niyyətlərinin qarşısının alınmasına böyük tövhə verir.

Ulu Öndər yenidən hakimiyyətə gəldikdən sonra – ölkə rəhbərinin 29 aprel 1994-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin olunur. Bugünə qədər həmin vəzifəni daşıyır, polis general-polkovnikidir.

Ramil, deyirlər səni işdən çıxarıblar, nə qədər mən varam...

Ramil Usubov mətbuata, ictimai rəyə həmişə sayğı ilə yanaşan insan olub. Mətbuatda dəfələrlə tənqid olunsa da, buna qarşı dözüm nümayiş etdirib. İstər indi, istərsə də keçmiş dövrlərdə nazirin bu xüsusiyyətindən ona qarşı "tələ yemi” kimi istifadə etməyə çalışıblar.

R. Usubovun bəzi müxalif mətbu orqanlarda tənqid olunduğu, işdən azad edildiyi ilə bağlı informasiyaların dolaşdığı bir dövrdə jurnalist Ulu Öndər Heydər Əliyevə "Ramil Usubovun işdən gedəcəyi xəbərləri yayılıb, bu düzdürmü” sualı ilə müraciət edir. 

Ümumilli Lider isə "Ramil bir yanıma gəl, deyirlər səni işdən azad ediblər” zarafatını edərək, "Nə qədər mən varam, Ramil Usubov nazir olacaq” bəyanatını verir.

Dünya şöhrətli, fitri istedadı ilə min illər insanların qəlbində yaşayacaq bir dahidən – Heydər Əliyevdən bu qiyməti almaq yalnız bir halda mümkün idi: Sədaqətin, ləyaqətin, əqidən çox yüksək olsun. Ramil Usubov bunu bacardı.

Xatırladaq ki, R.Usubov Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunub.

Ramil Usubov iki oğul, bir qız atasıdır. 

// Azər Niftiyev, ANV.az

Oxşar xəbərlər