At, arvad və papaq. Bəs torpaq?!

  • 22 yan 2017, 21:13
Babalarımızdan və ulularımızdan bizə çoxlu məsəllər qalıb. Dəyərliləri də çoxdur, başa düşülməyəni də. Şəxsən mən xalqımızın keçmiş həyatında yaşadığı bəzi adət-ənənələrlə razı deyiləm. Ola bilsin ki, oxucuların qəzəbinə tuş gələcəyəm. Nə edim, bunlar da mənim düşüncələrimdir. Bir-birimizin fikirlərinə hörmətlə yanaşmağı bacarmalıyıq.
Bu günlərdə yaxından tanıdığım bir adam söhbət əsnasında mənə dedi ki, rəhmətlik babamın papağını evdə qoruyub saxlayıram. Çünki qeyrət rəmzidir. Heç nə demədim, susdum. Və yaxud iki il bundan öncə rayonların birində ərindən boşanmış bir qadın yenidən ailə qurmuşdu. Keçmiş əri onu öldürmüşdü. Adını da qoymuşdu qeyrət və namus. Bu ilin yayında isə, bir gənc oğlan dostunu möhkəm döymüşdü. Nədi-nədi kişinin atını icazəsiz sürüb. Sən demə, atası deyibmiş ki, at qeyrət və namusdur. Oğul da dədəsinin bu sözlərindən əsəbiləşib həngamə çıxarıb. Bütün bunlar yaşadığımız dövrdə baş verir. Amma keçmişdə at, arvad və papaq üstündə çox adam öldürülüb. Yaxşı, qadını qırağa qoyaq, bir qədər mübahisəli məsələdir. Amma at və papaq nədir ki, bunların üstündə insanlar bir-birini öldürsünlər. Elə buna görə də, indi torpaqlarımızın iyirmi faizi erməni daşnaklarının əlindədir. Bilirsinizmi mən nə demək istəyirəm? Dövran çox dəyişib. Qız-gəlinimiz erməni əsirliyində, papaqlar "kepka”larla əvəz olunub(Hələ "Bəxt üzüyü” filmindəki İrasimin "kepka”sından danımıram...), atları da bir ucdan kəsib inək əti adı altında sırıyırlar camaata. Çox istərdim ki, ulularımız bizə deyərdilər ki, millətimizin qeyrəti və namusu yalnız yaşadığı torpaqdır. O əldən gedərsə, qeyrətdən və namusdan danışmaq olmaz. Hələ mən qalan şeyləri demirəm. Hər gün mətbuatdan oxuyuruq ki, qardaş qardaşı, əmioğlu xalaoğlunu, qonşu qonşunu on-on beş santimetr torpaq üstündə yaraladı və ya öldürdü. Bəli, ərazi bütövlüyü tam olmayan, böyük sərhəddi qurulmayan bir ölkənin vətəndaşları məişət səviyyəli məsələlərlə bağlı bir-birilərinin qanını içirlər. Ta fikirləşmirlər ki, işğal edilmiş rayonlarımız başımızı aşağı soxub. Qız-gəlinlərimizin ermənilərin əlində əsir qalması mənliyimizi alçaldıb. Bu vəziyyətdə hansı atdan, arvaddan, papaqdan danışmaq olar? Tariximizə nəzər salsaq görərik ki, boş və cəfəng şeyləri qeyrət və namus rəmzinə çevirdiyimizə görə, ərazilərimiz də balacalaşa-balacalaşa gedib. Çünki biz hamımız QARABAĞLI olmağı bacarmırıq. İndi də bəziləri düşüblər ortalığa ki, bəs gəlin ermənilərlə barışaq. Xalq diplomatiyası adlanan zibilqabılıq bir ideyadan yapışıb, Ermənistandan öyrədilmiş düşükləri gətirirlər Bakıya. Mənasız yerə yığılıb-dağılışıb, adını da qoyurlar xalq diplomatiyası. İndi bu sətirləri oxuyanlar məni ittiham edəcəklər ki, sülh istəmirəm. Vallah, mən də istəyirəm. Amma görəndə ki, dünyada belə şeylərə məhəl qoyulmur və Ermənistanı işğalçı olduğuna görə çarmıxa çəkən yoxdur, qalıram şübhədə. Bir bu sülh adlanan ideyaya baxıram, bir də ermənilərin hərəkətlərinə. Heç uyuşmur. Xalq diplomatiyasına gəldikdə isə, onsuz da Rusiyanın, Ukraynanın, Belarusiyanın və digər ölkələrin bazarlarında bir çox bizimki ermənilərlə bu diplomatiyanı Bakıdakı QHT-lərdən də ustalıqla yerinə yetirir... Birinin ortağı erməni çıxır, birinin dostu, birinin kirvəsi və ilaxır. Bircə ötən ilin aprelini yada salanda qürurlanıram. Minlərlə hektar torpağı işğalçılardan təmizləyən AZƏRBAYCAN ƏSGƏRİNƏ görə qürurlanıram. Və məndə inam yaranır ki, şücaətli oğullarımız əvvəl-axır daşnakları Qarabağdan qovub-çıxaracaq. Daha at, arvad, papaq nağıllarına, xalq diplomatiyası adlı əfsanəyə qulaq asmayacaqlar.
Məmləkətimizə BÖYÜK SƏRHƏD lazımdır!!! O sərhəd ki, dünya bizi həmin çərçivədə tanıyıb. Rus və ingilis nağıllarına qulaq asa-asa yatmamalıyıq. Bu millət dünyaya sübut etməlidir ki, onun qeyrəti və namusu yaşadığı torpaqdır.
Torpaqdan söhbət düşmüşkən yadıma, "Dədə Qorqud” filmi düşdü. Dədə Qorqudun filmin sonunda söylədiyi bəzi fikirləri heç cür həzm edə bilmirəm. Bu ulu ağsaqqalımız Bamsı Beyrəyin oğluna deyir: "Torpağın yurd-vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, bu torpağı gərək əkib-becərəsən. O birisi odur ki, torpağı yağılardan qoruyasan. Əgər torpağı əkib-becərmədin, qorumağa dəyməz. Torpağı qoruya bilmədin, əkib-becərməyə dəyməz.” Məni qınamayın. Necə yəni, torpağı əkib-becərmədin, qorumağa dəyməz? Belə çıxır ki, məsələn, Qazax rayonunda torpaqları əkib-becərmiriksə, düşmənə verməliyik? Nə isə...
Yazını burada tamamlamaq istəyirdim, Dədə Qorqudun vəsiyyəti barədə düşünürdüm. Lakin yadıma türk tarixindən ibrətamiz bir əhvalat düşdü. Deyilənə görə, Çin qaynaqlarından götürülmüş bu hadisə ermazıdan əvvəl baş verib: "Hun İmperatorluğuna Mete xanın yiyələnməsini həzm edə bilməyən Çin onun güclənməsinə imkan verməmək üçün hunların üzərinə hücum etməyə bəhanə axtarırdı. Belə bir bəhanə isə ələ düşmürdü. Ona görə də Mete xanın üzərinə hücum etmək üçün Çin müxtəlif planlar hazırladı. Çin hökmdarı Hun sarayına elçisini göndərərək onun sevimli atını istədi. Daim ölkədaxili problemləri demokratik yolla həll etməyə adət edən Hun sarayında bununla bağlı böyük bir qurultay keçirilir. Mete xan sarayının başbilənlərinə Çin hökmdarının istəyini çatdırır. Saraydakılar atın verilməsinin əleyhinə çıxırlar. Lakin Mete xan: "At mənimdir, mən onu verəcəyəm”, – deyir və sevimli atını Çin hökmdarına göndərir. Mete xanın bu hərəkəti qorxaqlıq kimi qiymətləndirilir və bu dəfə Çin hökmdarı vaxtilə Hun sarayına göndərilmiş şahzadə xanımın verilməsini tələb edir. Mete xan yenə qurultay çağıraraq məsələni onlara danışır. Bu dəfə də qurultay iştirakçıları Çinin təklifinə rədd cavabı verirlər. Amma Mete xan bunun da özünə aid olduğunu bildirərək şahzadə xanımı Çinə yollayır. Çin sarayı Mete xanın bu hərəkətlərindən heyrətə gəlir. Hun imperatorluğunun ən cəsur sərkərdəsi hesab edilən Mete xan bir-birinin ardınca onlara güzəştə gedirdi. Bu da Çin hökmdarında Hun torpaqlarını işğal etmək iştahı yaradırdı. Növbəti dəfə Hun sarayına göndərilən elçi Çinlə sərhəddə yerləşən daşlıq və qayalıqdan ibarət olan, ot bitməyən bir ərazinin verilməsini xahiş edir. Yenə də Mete xan qurutay toplayır və onların məsələ ilə bağlı fikirlərini soruşur. Qurultay iştirakçıları: "Ey hökmdar, o torpağı ver, getsin. Onsuz da orada heç ot da bitmir.”,- deyirlər. Mete xan isə bunun qeyri-mümkün olduğunu bildirir. Belə olduğu halda qurultay iştirakçıları ona deyirlər: "Axı sənin ən sevimli atını istədilər, verdin. Ən sevimli çinli şəhzadəni istədilər, verdin. Bəs indi bir parça ot bitməyən daşlıq və qayalıq ərazinin verilməsinə niyə razı olmursan?” Mete xanın onlara cavabı çox ibrətamiz olur. O deyir: "Atımı istədilər, verdim. Çünki mənə məxsus idi. Şəhzadəni istədilər, verdim. Çünki onun üzərində hökmran mən idim. Amma torpaq millətindir və babalarımız onu qan axıtmaqla qoruyublar. Millətin malını isə heç kimə vermərəm. Torpaq istəyənlərə bircə cavab var: Onlarla savaşa girmək. Ona görə də əmr verirəm: Hazırlaşın, düşmən üzərinə gedirik!”
Yenə də ötən ilin aprel döyüşlərini xatırladım...
Müqəddəs Mehdiyev
Oxşar xəbərlər