İşsiz ölkədə qeyri-iş günü

  • 16 dek 2016, 21:53

Yaxud, gələn il neçə gün iş günü olacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2017-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Məlum olub ki, gələn il 110 gün "qeyri-iş günü” olacaq. O da məlum olub ki, yeni ildə 7 gün qeyri-iş günü olacaq. Qeyri-iş günləriylə bağlı xəbərləri birqayda olaraq müsbət xəbər kimi tirajlayırlar. Guya, insanlar istirahət edəcək, rahatlıq tapacaq və.s Hətta belə qərarları xalqa minnət kimi də sırayırlar. Guya, hökumət vətəndaşa jest edir, bayramı yüksək səviyyədə keçirmək üçün şərait yaradır. Əlbəttə ki, başqa ölkələrdə bu kimi qərarlar vətəndaşın rahatlığına xidmət edə bilər. Azərbyacanda isə analoqsuzluq bolluğu yaşandığı üçün yerlər dəyişik düşüb.
Əvvəla, bu ölkədə böyük işsizlər ordusu var və bu adamlar üçün hər gün qeyri-iş günüdür. İkincisi, süfrəsi və cibi boş insanlara neçə gün istirahət verilməsinin nə mənası var?
Hamı başa düşür ki, 2017-ci ildə sosial-iqtisadi vəziyyət daha ağır olacaq, ixtisarlar sürətlənəcək və işsizlər ordusu böyüyəcək.
Ona görə də ölkə vətəndaşına neçə gün qeyri-iş günü olacağının yox, neçə gün iş günü olacağının anonsunu vermək lazımdır. Çoxdandır ki, bu ölkənin vətəndaşları 7 gün işləməyə yer tapmır. 365 gün iş axtarmaqla, SV doldurmaqla məşğul olan adamlara 7 gün istirahət lazım deyil. Yaxud, 150-200 manatın girovluğunda yaşayan müəllimin, həkimin, təqaüdçünün 7 gün evdə oturması xoşbəxtlik yaratmır. Çünki, ağır kredit faziləri, yüksək təhsil haqqı, kirayə pulu 7 qəpik ucuzlaşmır. 7 qeyri-iş günündə ətin, yağın, çayın qiyməti aşağı düşmür. Həmin 7 gündə də yaşamaq, xərcləmək tələb olunur. İndi bütün bayramlar ölkə vətəndaşı üçün cəhənnəm əzabıdır. Qohum-əqrabaya, oğul-qız evinə gedə bilmirlər, yaxınlarını həiyyələrlə sevindirməkdən məhrumdular. Bəli, vətəndaş elə vəziyyətə salınıb ki, sevinc gətirməli olan günlər kədər bəxş edir.
Bir daha təkrar edirik ki, xalqa qeyri-iş günlərinin sayı lazım deyil, iş günlərinin sayı lazımdır. Dünənə qədər tikintidə 7 gün işləyib evinə çörək aparanlar da bu gün işsiz qalıb. Bütün sahələrdə tənəzzül meydan sulayır, hər yerdən səfalət boylanır.
Tutaq ki, 7 gün qeyri-iş günü oldu. Bəs, ondan sonra nə olacaq? Tutaq ki, 2017-ci ilin 110 gününü qeyri-iş gününün boynuna atdıq, bəs yerdə qalan 255 gündə necə yaşayacağıq? Gələn il qeyri-iş günlərinin sayı 365 gün olmayacaq ki?
Xalq hökumətdən azadlıq, şəffaflıq, rifah, ədalət hədiyyəsi gözləyir, hökumət isə yeni ildə 7 qeyri-iş günü hədiyyə edəcək. Bəli, işin yoxa çıxdığı ölkədə qeyri-iş günü hədiyəsi kreativ ideyadır.

İlham

 

Oxşar xəbərlər