Xəbər lenti
Bütün xəbərlər

"Biz Heydər Əliyevin davamçılarıyıq”

  • 21 noy 2016, 20:39
11-ci sinif şagirdi Əliyeva Zəhranın müsabiqədə qalib gəldiyi inşa yazısı
Yerə düşən qələmimi sakitcə əlimə aldım. Evdə heç kəsin oyanmadığını yoxladıqdan sonra otağıma qayıtdım. Mən, Əliyeva Zəhra. 1999-cu il 6 noyabr Naxçıvan şəhərində dünyaya gəlmişəm. Hazırda 11-ci sinif şagirdiyəm. Gələcəkdə jurnalist olmaq arzusundayam. Azərbaycan adlı gözəl və müstəqil ölkənin vətəndaşıyam. Bu gün mən üçün çox vacib gündür. Çox həyacanlıyam. 17 illik həyatımda mənim üçün ən vacib gündür, deyə bilərəm hətta. Bu gün illərdir səbəbsiz heyranı olduğum, böyüdükcə bu heyranlanlığın səbəbini öyrəndiyim o, ulu şəxsə məktub yazacağam. Uşaqlıq illərim o şəxsi öyrənməklə keçmişdir mənim. Hər dəfəsində daha yeni bir məlumat öyrənir və hər dəfəsində daha çox vurulurdum o insana. Bilirəm ki, həmin şəxsin kim oluğunu artıq öyrənmək istəyirsiniz. Elə isə dinləyin...
 
İl-1923, ay- May, gün-10... Ölkəmizin ən gözəl şəhərlərindən biri olan Naxçıvan şəhərində dəmiryolçu ailəsində böyük bir sevinc var idi o gün. Bu gözəl şəhərdə bu sevincin səbəbi nə ola bilərdi axı. Həmin gün dünyaya milyonlarla körpə göz açmışdı. Hər bir körpənin taleyi tamamilə fərqli olacaqdı. Ancaq məhz o gün dünyaya göz açan körpələrdən birinin bu gün bu qədər çox seviləcəyini heç kim bilə bilməzdi.
 
Gözəl şəhər deyirəm bayaqdan, amma Naxçıvan həqiqətən gözəldir. Bilmirəm, bəlkə də mən özüm o bölgədən olduğum üçün bu qədər çox sevirəm Naxçıvanı. Hə, belə çox uzaqlaşmayaq mövzudan. Mənə elə gəlir ki, artıq məktubu kimə yazacağımı söyləməliyəm:
 
Heydər Əlirza oğlu Əliyev
 
Bilirsiniz, məncə, insanlar əgər bir şeyin olmasını istəyirlərsə, o, nə olursa olsun olacaqdır. Heydər Əliyevin tək istəyi xalqını azad görmək idi. O, bacardı...
 
Düzdür, deyə bilərsiniz ki, axı sənin yaşın çatmır, amma məncə, bunu dərk etmək üçün yaşa deyil, qəlbə və gözə baxmaq lazımdır. Evdə atam, anam, bəzən babamdan Heydər Əliyev haqqında mənə məlumat vermələrini istəyirəm. O qədər çox danışırlar ki, hansı birini yadda saxlayacam, hansı biri ilə qürurlanacam onu belə bilmirəm. Onun, biz gənclər üçün, bizlərin, xalqımızın gələcəyi üçün etdiklərini dövlətimiz qarşısındakı xidmətlərini saymaqla, sadalamaqla bitirə bilmərəm.
 
Heydər Əliyev ölərmi? Əlbəttə yox! O mənim qəlbimdə, sizin qəlbinizdə, bizim qəlbizimizdə, hamımızın qəlbində yaşayır. O, bu torpaqların hər qarışında əməyi olan şəxsdir. O, heç vaxt ölməyəcək! Elə özünün dediyi kimi: "Nə qədər ki, Azərbaycan var, mən də varam, Azərbaycan yaşayırsa, mən də yaşayıram”.
 
1993-cü ildə xalqımız Heydər Əliyevi hakimiyyətə çağırmasa, indi hansı şəraitdə və necə bir dövlətdə yaşayacağımızı təsəvvür belə etmək istəmirəm.
 
Nə isə... Çox danışdım deyəsən, amma mövzu Heydər Əliyevdirsə, az danışmağı heç cür bacara bilmərəm. Yaxşısı budur məktubumu yazmağa başlayım:
 
"Salam, Heydər baba. Necəsən?- deyə soruşmayacağam. Axı demişdiniz ki, xalq dövlət üçün yox, dövlət xalq üçün yaşamalıdır. Sizin üçün xalqımız hər bir şeydən daha öndə gəlirdi. İndi xoşbəxt olduğunuza əminəm, çünki xalqımız xoşbəxtdir.
 
O qədər çox qibtə edirəm ki, təsəvvür belə edə bilməzsiniz. Video lentlərdə əl-ələ görüşdüyünüz, yaxından tanıdığınız, ünsiyyət qurduğunuz o uşaqları gördükcə, təsəvvür belə edə bilməzsiniz. Kaş ki deyirəm, kaş ki, mən də o uşaqların yerinə ola bilərdim. Sizə verəcək, sizdən öyrənəcəyim o qədər çox şey var ki, onların heç birini bir başqasından öyrənə bilmərəm. İnanın mənə sizi o qədər çox sevirəm ki, nəinki mən, hərkəs, hamı - kiçikdən böyüyə o qədər çox sevirik ki, sizi, kaş ki deyirik, kaş ki, geri gələ bilərdiniz. Artıq ömür qatarı sizi bizdən alıb aparalı 13 il olacaq və biz hələ də sizi unuda, sizin yoxluğunuza öyrənə bilmirik. 2003-cü il 12 dekabr xalqımız üçün ən böyük hüznlü günlərdən biri idi. Doğrudur, dünya bir siyasətçi itirdi, amma biz uşaqlar o gün Heydər babamızı itirmişdik və ilk dəfə idi ki, həmişə ucalarda qürurla dalğalanmasını istədiyinizi Azərbaycan bayrağı Sizin vətəninizə sonuncu gəlişinizdən hüzünlə yerə endirilmişdi... İlk dəfə idi ki, həmişə tapındığınız rəsmi səfərlərə gedərkən öpüb alnınıza qoyduğunuz Qurani-Kərim və hər dəfə adı gələnsə qürurdan gözlərinizin dolduğu Azərbaycan Sizi sevinclə qarşılaya bilmədi. Əmin olun, sizə söz veririk ki, yaratdığınız bu dövlət dünya durduqca daha da çox inkişaf edəcəkdir. Bu dövlət biz gənclərə ömrümüzün sonuna qədər əmanət olaraq qalacaqdır. Söz veririk, qorxmadan, çəkinmədən son damla qanımıza qədər vuruşacaq və torpaqlarımızı düşmən tapdağından qurtaracağıq. Bunu bacaracağımıza şübhəniz belə olmasın, çünki biz sizin davamçılarınızıq, biz Heydər Əliyevin davamçılarıyıq!
 
Parlaq gələcək yolunda irəliyəyərkən dilimizdən bu kəlimə heç bir zaman əksik olmayacaqdır: "Biz həmişə fəxr etmişik, bu gün də fəxr edirik ki, biz azərbaycanlıyıq, biz Heydər Əliyevin davamçılarıyıq”.
 
Çox uzatmadan sağollaşmaq istəyirəm. Çünki, bu gün sizə çoxlu sayda məktub gələcəkdir, ancaq xahiş edirəm bu gənc qızın məktubunu da oxuyun...
 
Və beləcə yazdığım məktubu da bitirdim...Son olaraq demək istəyirəm ki, biz onu unutmadıq, unutmuruq və unutmayacağıq... Çünki o:
 
Ucaltdı hər yerdə bayrağımızı
Yazdı tarixlərə ad sanımızı
Tanıtdı dünyada varlığımızı
Ulu bir sərkərdə, Ulu bir öndər!
 
Diqqətinizə görə təşəkkür edirəm!
Oxşar xəbərlər