Azərbaycan bayrağı ölkəmizdə niyə istehsal olunmur?

  • 09 noy 2017, 09:33
Azərbaycan Respublikasının bayrağı dövlətin rəsmi simvollarındandır (himn və gerb ilə birlikdə)

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Demokratik.Az qeyd edir ki, Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərara əsasən milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilib. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib və hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu bayramın əhəmiyyətindəndir ki, ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bayrağımız hər yerdə asıla bilməz

"Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun 3-cü maddəsinə əsasən Dövlət Bayrağı Milli Məclisin iclas salonu, prezidentin iş otağı, dövlət başçısının iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlar və otaqlarda, məhkəmələrin iclas salonu, Milli Məclis sədri, baş nazir, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası sədrləri, baş prokuror, mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları başçıları, Milli Bankın idarə heyəti, Mərkəzi Seçki Komissiyası, Hesablama Palatası sədrləri, insan hüquqları üzrə müvəkkilin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri, baş naziri, Ali Məhkəmə sədri, mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iş otaqlarında daimi yerləşdirilir. Dövlət bayrağı ölkə prezidentinin, dövlət nümayəndə heyəti rəhbərlərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində də var.

Aprel döyüşlərindən sonra dövlət atributu əllərdə gəzdi

Dövlət Bayrağı bu ilin aprel döyüşlərindən sonra təkcə sadalanan yerlərdə deyil, əllərdə gəzdi, evlərin pəncərələrini bəzədi. Orduya və əsgərlərimizə dəstək məqsədilə paytaxda, eləcə də regionlarda çoxsaylı aksiyalar keçirildi. Əllərində bayraq tutan həmvətənlərimiz müxtəlif şüarlar səsləndirərək ordunun yanında olduqlarını ifadə etdilər. Həmin vaxt bayrağımız binaların eyvanlarında, maşınların üstündə, müxtəlif obyektlərin girişində də dalğalandı. Qanunvericilik Dövlət bayrağının digər yerlərdə istifadəsini də tənzimləyir. Belə ki, Dövlət bayrağı yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, müəssisə və idarələrin binaları, habelə yaşayış evləri üzərində, yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla (asıla) və ya yerləşdirilə bilər. 

Möhtəkirlər 3-4 manatlıq bayrağı da iki-üçqat bahasına satırdılar

Həmin vaxt hər kəs bayraq almaq üçün ticarət obyektlərinə üz tuturdu. Hətta bir ara bayraq "defisiti” də yaşandı. Dövlət atributuna ehtiyacın çox olduğu bir vaxtda işbazlar da hərəkətə keçmişdilər. Belə ki, yerli medianın yazdığına görə, aprel döyüşlərinə qədər eni 50, uzunluğu 100 sm olan bayrağın qiyməti 3-4 manat arasında dəyişirdisə, həmin vaxt qiymətlər iki dəfə qaldırılmışdı. Jurnalist araşdırmaları ortaya çıxartdı ki, mağazalarda müxtəlif qiymətlər mövcuddur. Məlum olmuşdu ki, metr yarımlıq bayraq bir mağazada 8, digərində 10, başqa birində isə 12 manata satılır. 

Azərbaycanın atributunu niyə Çin istehsal edir?

Ölkəmdə satılan bayraqların keyfiyyəti ilə onun daşıdığı dəyərin uzlaşmadığı da bildirilir. Ticarət obyektlərində satılan bayraqların aşağı keyfiyyətli materialdan hazırlandığı deyilir. Azərbaycanın Dövlət bayrağını şəhərin istənilən dəftərxana ləvazimatları mağazalarından əldə etmək olur. Digər xarici dövlətlərin bayraqlarını tapmaq üçünsə belə bir əlçatanlıq yoxdur, onlar sifarişlə gətirilir. Amma ziddiyyət ondadır ki, Azərbaycanın Dövlət Bayrağının əsasən Çində hazırlandığı bildirilir. Axtarış sistemində cəmi bir yerli markaya rast gəldik. Arhun-Service şirkətinin törəmə təşkilatı bayraq və bayraq dirəklərinin artıq on ilə yaxındır ki, istehsalı, satışı, montajı və servisi üzrə kompleks işləri həyata keçirdiyini bəyan edir. Amma qiymət-filan göstərilmir. Firmanın satış səviyyəsi də bəlli deyil. Özlərini nə qədər tərifləsələr də bazarda Çin malı tüğyan edir. Azərbaycanda bayraq tikilişi üzrə fabrik və yaxud sex fəaliyyət göstərmir. İdxal olunan bayraqların satışı da düzgün təşkil olunmayıb. Bu sahəyə maraq azdır. Həm də Dövlət bayrağı ayrıca məhsul deyil, dəftərxana ləvazimatları kimi idxal olunur. Hətta ən kiçik ölçülü stolüstü bayraqlar Türkiyə və Çin istehsalıdır. Çin malları da hər kəsə bəllidir - keyfiyyətsiz, solğun materialdan olur, tez cırılır. Biz bazarda Çin malları görməyə alışmışıq, amma bizim dövlətimizin atributunu niyə bu ölkə istehsal etməlidir? Azərbaycanın Dövlət Bayrağının Çində istehsal olunması bəzi deputatlarda da etiraz yaradıb. Düşünülür ki, dövlət atributunun Çin istehsalı olması onun əhəmiyyətini aşağı salır, bayrağa adi bir dəftərxana ləvazimatı kimi baxırlar. Hesab edilir ki, bayrağın xaricdə kustar üsulla düzəldilərək ölkəyə gətirilməsinə qadağa qoyulmalıdır. Eyni zamanda, bayraqların təsadüfi yerlərdə satışının da qarşısı alınmalıdır. 

Bayraq Meydanında bayrağımıza yaxın düşə bilmirik

Qeyd edək ki, Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam prezident tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb, meydanın təməli həmin ilin dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub. Dövlət Bayrağı Meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat vəsait ayrılmışdı. Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihəni yerli "Azenko" şirkəti icra edib. Ümumi ərazisi 60 ha, yuxarı hissəsinin sahəsi 31 min kv/m. olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Amma təəssüflər olsun ki, istədiyimiz vaxt bayrağımıza yaxın gedə bilmirik, sadəcə müəyyən günlərdə tədbirlər zamanı istisnalar olur. //mənbə-bizimyol.info//

Oxşar xəbərlər