Möhnət dolu yüz il

  • 29 okt 2016, 20:03
Elə bir dövr gəlib çıxıb ki, biz tarix kitablarından oxuyub əxz etməli olduğumuz həqiqətləri tarixi hadisələrdən bəhs edən seriallardan öyrənirik. 

Dünyanın hər yerində belədir – ABŞ-dan Yaponiyaya, Cənubi Koreyadan Türkiyəyə qədər. Tarixi seriallar hər yerdə populyardır.

Görünür, belə olmalıdır və ya belə olması normaldır. Hə halda əsas məsələ odur ki, insanlar yaşadıqları ölkənin, toplumun keçmişini bilsin, hardan gəlib harda durduğunu anlasın.
Türkiyədə çəkilən və bir sıra tarixi hadisələrə realistik biçimdə işıq salan, tarixi şəxsiyyətlərin əslində kim olduqlarını bəzək-düzəksiz, retuşsuz göstərən "Möhtəşəm yüzil” və "Möhtəşəm yüzil –Kösəm” seriallarından sonra bu günlərdə ekrana daha bir tarixi serial çıxıb. 

Bu serialın baş rolunun ifaçısı məşhur aktyor Halid Ergencdir və hələlik serialın cəmi bir bölümü yayımlanıb. Heç o da bilinmir ki, süjet xətti hansı istiqamətdə inkişaf edəcək.
Bilinən odur ki, söhbət yüz il öncənin hadisələrindən, Türkiyənin düşdüyü durumdan gedir.

Tarix kitablarından oxumaqla o günlərin atmosferini yaşamaq gerçəkdən də mümkün deyil. O dövrün ağrı-acısını, şövq və ehtiraslarını, gərginlik və qızğınlıqlarını təsəvvür etmək üçün adi oxucunun fantaziyası yetərli deyil, bunu tamaşaçıya, olduğu kimi də olmasa, ona yaxın bir şəkildə çatdırmaq üçün güclü ssenarist, rejissor, operator, aktyor işi lazımdır. 

"Vətənim sənsən” adlanan sözü gedən serialın yaradıcıları birinci bölümdə öz minimal məqsədlərinə çatıblar. Adamın gözü qabağında dağılmaqda, süqut etməkdə olan Osmanlı dövləti, vətəni yadlara satmış sultan, deqradasiyaya uğramış saray elitasının başsız buraxdığı biçarə xalqın obrazı var. 

Təsəvvür edin, faktlara dayanan əsər əsasında çəkilmiş bu serialda 1919-cu ilin İzmiri göstərilir. Osmanlı dövlətinin əsas şəhərlərindən biri olan İzmirdə hakimiyyət artıq Fransa, İngiltərə və Yunanıstan hərbçilərinin əlindədir, türklər hüquqsuz duruma düşüb, Yunanıstan donanmasının hərbi gəmiləri limanda dayanıb və şəhər tamamilə yunanların əlinə keçib. 

Limanda onları əllərində Yunanıstan bayrağı tutmuş minlərlə yunan əsilli adamlar sevinclə qarşılayır, bir qrup vətənpərvərdən başqa qəsbkarlara müqavimət göstərən yoxdur, şəhəri işğal edənlər Türkiyənin parçalanmasından, bu gün-sabah Konstantinopolun, Trabzonun ələ keçirələcəyindən dəm vururlar, türk milləti yox olmaq təhlükəsi qarşısındadır. 

Həmin serialda hələ Mustafa Kamal Atatürk obrazı görünməsə də (bəlkə də sona qədər görünməyəcək), bu tarixi şəxsiyyətin böyüklüyünü görmək olur. Görün, Mustafa paşa nə qədər böyük hərbçi və siyasətçi olub ki, tam dağılmış, ümidsiz bir vəziyyətə düşmüş, xilas yolu görünməyən  bir dövlətin küllərindən yeni bir dövlət çıxara bilib və bu xalqı Avropanın qəsbkar və yırtıcı imperiyalarının caynaq və cavcısından xilas edib. 

Bəli, 100 il bundan əvvəl İngiltərə, Fransa, Yunanıstan, İtaliya, eləcə də Rusiya kimi dövlətlər qardaş Türkiyəni çökdürmək, sarsıtmaq, parça-parça etmək planları qurublar, məqsədlərinə bir xeyli yaxınlaşıblar, ancaq Atatürkün meydana atılmasıyla, yüz minlərlə türk gəncinin millətin istiqbalına qurban getməsiylə məğlubiyyətə uğrayıblar. 

Heç 100 il öncə biz də ağ gündə olmamışıq, rus gedib, ingilis gəlib, ingilis gedib, erməni gəlib, Ənvər və Nuru paşanın səyi ilə ermənilərdən qurtulmuşuq, sonra yenə rus gəlib. 

Qardaş Türkiyənin və bizim indiki durumumuz 100 il əvvəlkindən bir az fərqli olsa da, əsas poblem yenə həminkidir. Azərbaycan növbəti dəfə torpaq itkisi ilə üz-üzədir, Türkiyə isə növbəti dəfə parçalanma təhlükəsi qarşısındadır. 

Yadelli irticaçılar yenə də gəmilərlə, hərbi təyyarələrlə gəliblər və Türkiyənin sərhədlərində qan-qadaya səbəb olub, ətrafa ölüm saçırlar. Türkiyənin zəif düşməsini istəyən hansı dövlətlərdirsə, Azərbaycanın Qarabağı Ermənistana güzəştə getməsini diplomatik dillə, gülümsər çöhrə ilə tələb edənlər də həmin dövlətlərdir. 

Avropa mediasında Ərdoğan hakimiyyətinin dünyanın "ən despotik rejim”i kimi yamanlayanların dərdii heç də nə demokratiya və insan haqlarıdır, nə də regionda sülhün bərqərarıdır. Məqsəd Türkiyəni bölməkdir. Onlar yenə də yanar kömürü tutmaq üçün maşa tapıblar – 100 il əvvəl ermənilərdən istifadə etdikləri kimi. 

Bu saatdan sonra təzədən bizdən kitab oxuyan olmaz, heç olmasa tarixdən bəhs edən seriallara baxaq, dost-düşməni tanıyaq.
 
Xalid Kazımlı
Oxşar xəbərlər