NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA EBRU SƏNƏTİ

  • 02 okt 2016, 12:11

 İncəsənətin ən maraqlı, əsrarəngiz və heyrətamiz sahələrindən biri də Ebru sənətidir. Qısa desək, Ebru su üzərində naxışdır.

       Ebru Allahın insanlara bəxş etdiyi möcüzə, Onun qüdrət əlamətlərindən biridir.

       Ebru sənəti rəssamlıqdan fərqlənən bir sahədir. Rəssam düşündüyünü, görə bilmək istədiyini çəkir, əks etdirir. Ebruda isə, əvvəlcə suyun üzərində rəngbərəng naxışlar, rəsmlər çəkilir. Sonra kağız suyun üzərinə qoyulur və rəsmlər olduğu kimi kağız üzərinə köçürülür. Rəsmlər suyun üzərində necə varsa, eyni şəkildə də kağızda əks olunur. Şəkilləri parça, taxta, keramika, şüşə üstünə də köçürmək mümkündür.

       Ebruda istifadə edilən boyalar təbii olduğu üçün heç bir zaman solub-saralmır. Boyalar xüsusi tərkibli əlavələrlə torpaqdan hazırlanır. Sonra boyanın yumşaqlığını, incəliyini təmin etmək və su üzərində qalmasını saxlamaq, dibə çökməsinin qarşısını almaq üçün ona təzə inək ödü əlavə olunur. Boyalar bir-birinə yapışmamalı, qarışmamalıdır. Öd həmçinin su üzərindəki rəsmləri yapışqan kimi kağıza yapışdırmağa da imkan verir.

       İstifadə olunacaq su məhlulu qatılaşdırılmış şəkildə hazırlanır. Qatılaşdırılmış su Gəvən ağacın-dan alınır. Gəvənin gövdəsindən çıxarılan kraxmal şəkilli maddə suyu qatılaşdırır ki, bununla da boyalar suyun üzərində parçalanmır.

       Şəkil çəkmə işi özəl fırçalar vasitəsilə həyata keçirilir. Əksər hallarda fırçanın gövdəsini gül ağacından, başlığını isə at quyruğundan hazırlayırlar.

       Şəkillər Allahın izni və insanın fəaliyyəti nəticəsində sirli-sehrli bir ortamda meydana çıxır.

       Ebrunun özəlliklərindən biri də bir rəsm əsərinin heç cürə başqasına bənzəməməsidir. Çəkilmiş bir tablonun tam eynisini yenidən almaq mümkünsüzdür. Ümumi oxşar mənzərə olsa da, əslində hər dəfə müxtəlif əsərlər həyata gəlmiş olur.

       Beləki, nəqqaş Ebru əməliyyatı zamanı hansı əhval-ruhiyyədədirsə, bu hiss və duyğular şəkildə öz əksini tapmış olur. Zamanın müxtəlif anlarında insan ruhunun vəziyyəti eyni ola bilmədiyi kimi onun yaratdığı əsər də eyni ola bilməz. Çünki, insanın ruhu Ebruda istifadə olunan bütün maddələrə təsir göstərir, onun halını, durumunu dəyişir.  Bütün bunları – insanın ruhunu, əhval-ruhiyyəsini kağız üzərində, daha doğrusu sudan kağıza köçürülmüş rəsm əsərində görmək olur. 

       Bir sözlə, Ebru insanın hisslərini ifadə edir və insan özü də Ebruda əks olunur.

       Araşdırmaçılar Ebrunun yaranma məkanını – vətənini təyin etməkdə çətinlik çəkirlər. Bu baxımdan, ölkələr arasında Türkistan (Orta Asiya), Çin, Yaponiya, İran, Hindistan, Pakistan və hətta qədim Misirin də adı çəkilməkdədir.

       Ebrunun yaranma dövrü də mübahisəlidir, dəqiq müəyyənləşdirilməmişdir. Əksəriyyət onun dünya səhnəsinə gəlişini 12-ci əsrə aid edir. Ebrunun 16-cı əsrdə İpək Yolu ilə Azərbaycana, buradan da Türkiyəyə keçdiyini söyləyənlər də vardır.

        Ancaq, hər halda Ebrunun yaranma tarixi daha qədimlərə gedib çıxır. Beləki, dahi alim və şair Nizami Gəncəvi özünün mənzum romanı olan ikinci poeması "Xosrov və Şirin”in "Şapurun Şirini tərifi və Xosrovun ona aşiq olması” hissəsində (səhifə 62, 1983) rəssam Şapur haqqında danışarkən yazır:

Şapur adlı ona yaxın bir adam,

Məğribdən Lahura gəzmişdi tamam.

Nəqşində Maninin şöhrəti vardı,

Rəsmində İqlidis qüdrəti vardı.

Zirək, şəkil çəkən, qələmi iti,

Xəyalən çəkərdi min bir surəti.

İncə, zərif işdə xeyli pərgardı,

Suların üstündə naxış salardı.

 

       Yəni, Xosrovun yaxın dostu Şapur Məğribdən Lahura (Məşriqə) qədər bir yol keçmişdi, gəzmişdi, səyahət etmişdi. Onun nəqşində – surət və təsvirlərində nəqqaş Maninin şöhrəti, rəsmində yunan alimi, "Həndəsənin Atası”, məşhur "Əsaslar” kitabının müəllifi İqlidisin (Evklidin) qüdrəti görünməkdəydi. Zirək şəkil çəkir, qələmi itiydi; xəyalən min bir surət çəkirdi. İncə, zərif işi görməkdə çox bacarıqlıydı, suların üstündə naxış salırdı, rəsm əsəri meydana gətirirdi.

       Gördüyümüz kimi son beytdə söhbət Ebru sənətindən gedir. Dahi Şairimiz su üstündəki naxış sənətini – Ebrunu incə,  zərif iş adlandırır. Bu, həqiqətən də belədir.

        Nizami Gəncəvi zamanında, Gəncə şəhərində Ebru sənəti vardı, tanınırdı, inkişaf etmişdi ki, dahi şairimiz bunu da unutmamış, xalqımıza məxsus olan bir incəsənət növü kimi öz məşhur əsərində əks etdirməyi lazım bilmişdi. Deməli, Ebrunun tarixini söyləyənlərdən fərqli olaraq, deyə bilərik ki, bu sənət Azərbaycan ərazisinə 16-cı əsrdə gəlməmişdi; o artıq 12-ci əsrdə var idi, təşəkkül tapmışdı. Bu səbəbdən də biz, Ebrunun Azərbaycandakı tarixini 4 əsr keçmişə çəkmiş oluruq.

       Ancaq bununla da kifayətlənmirik. Beləki, əsərin qəhrəmanlarından biri Xosrov Pərviz tarixi şəxsiyyətdir və 591-628 illərdə Sasanilər dövlətinin hökmdarı olmuşdur. Əgər rəssam Şapur Xosro-vun yaxın adamı, dostu idisə, bu o deməkdir ki, onun məşğul olduğu "incə, zərif iş” – Ebru hələ 6-7-ci əsrlərdə mövcud idi. Nizami Gəncəvi özündən cəmisi 6 əsr əvvəlki  dövrün mənzərəsindən xəbər vermişdi. Bu elə bir dövr idi ki, Azərbaycan Sasanilər dövləti tərəfindən işğal olunmuşdu. Araşdırmaçılardan bir qismi Ebrunun İran ərazisindən çıxdığını da söyləmişlər. Bu da həqiqətə uyğundur. Çünki, bəşəriyyətə bəllidir ki, qədim şəhərimiz Təbriz tarixən elm, mədəniyyət, incəsənət ocağı olmuşdur. Bu füsunkar şəhərdə incəsənətin, rəssamlığın, memarlığın, nəqqaşlığın, heykəltaraşlığın və nəhayət, Ebrunun Təbriz Məktəbi fəaliyyət göstərmişdir. Təbriz ustalarının, memar və rəssamlarının səsi dünyanın daha hansı yerindən gəlmir ki. Təbriz Xosrov Pərviz zamanında da, elə bu gün də İranın işğalı altındadır. Deməli, İran ərazisindədir. İran ərazisindən yazırlar, ancaq hansı şəhərdə, hansı xalq tərəfindən yaradıldığı haqqında susurlar. Bu gün mən qətiyyətlə deyə bilərəm ki, ecazkar Ebru sənətinin vətəni Azərbaycan Türklərinin Ana Şəhəri olan Təbrizdir.

Ebru Təbriz Nəqqaşlıq Məktəbinin yetirməsidir.

       Nizami Gəncəvi rəssam Şapurun Məğribdən Lahura (Məşriqə) qədər gəzdiyini yazır.

       Məğrib ərəbcə günbatan deməkdir. Məğrib ölkələri şimali Afrikanın qərb hissəsində yerləşir. Buraya Mərakeş, Əlcəzair, Tunis və Liviya əraziləri aiddir.

         Lahur, yaxud Lahor Pakistanın ikinci böyük şəhəridir və Hindistan sərhədindən bir neçə kilometr məsafədə yerləşir.

       Yəni, Ebru sənətinə malik rəssam Şapur Məğribdən Məşriqə qədər bir yol keçmişdir.

       Bu o deməkdir ki, Ebru Təbriz şəhərində azəri türklər tərəfindən icad edildi, sonra Məğribdən Məşriqə qədər olan bir ərazidə tanındı, yayıldı. Bu coğrafiyada Türkistan da var, Çin, Hindistan, Yaponiya, Misir də.

       Bütün bu dediklərimizi nəzərə alsaq cəsarətlə nəticə çıxara bilərik ki, Ebru Azərbaycana gəlmə deyil – doğmadır. Azərbaycandan dünyaya yayılmışdır. Və onun yaranma tarixi ən azı 6-7-ci əsrlərə dayanır.

       Teymur Xan Azərbaycan torpaqlarını tutduqdan sonra, məşhur Təbriz ustalarını, sənətkarlarını özü ilə bərabər ölkəsinə aparmışdır. Təbriz ustaları Teymurilər Dövlətinin, xüsusən də Səmərqənd şəhərinin tikinti-quruculuq, rəssamlıq, nəqqaşlıq, memarlıq işlərində müstəsna rol oynamışlar. Məhz elə bu dövrdən başlayaraq Təbrizlilər malik olduqları Ebru sənətini soy qardaşları Cağatay türklərinə öyrətmişlər. Cağatay türkləri də öz növbələrində bu sənətin inkişafında mühüm rollardan birini oynamışlar. Bir rəvayətdə, Cağatay türklərinin dilində Ebru "əbrə”, "ebrə” adı ilə səslənmiş və "damarlı”, başqa bir rəvayətdə isəbulud topalarına oxşadığı üçün "bulud topaları" mənasını verir.       

       Ebrunun fars dilində "ab-ru”, yəni"su üzü” mənasını verdiyini söyləyənlər də var.

       Bu yerdə bir tarixi faktı da qeyd etmək yerinə düşər:  Qədim Buxara məşhur Nəqşbəndi Təriqətinin yarandığı şəhərdir. Təriqətin qurucusu Bəhaəddin Nəqşbəndidir. Bu məşhur İslam alimi 14-cü əsrdə (1318-1389) Buxarada doğulub, yaşayıb yaratmış, burada da dəfn olunmuşdur. Nizami Nurlu Səyahətim zamanı, 1990-cı ildə Buxarada olarkən, Buxaralı ziyalı qardaşlarımın təklifi ilə mən bu gün dünyada ən böyük İslami Təriqət olan Nəqşbəndi Təriqətinin qurucusu Bəhaəddin Nəqşbəndi Həzrətlərinin məzarını ziyarət etmişdim.

       Nəqşbəndilər öz əlinin zəhmətilə dolanmağı üstün tutur və bunu da təbliğ edirdilər. Hz. Nəqşbəndi özü nəqqaşlıq sənəti ilə, xüsusən su üzərinə naxış salma sənəti ilə məşğul olmuşdur. Nəqşbəndi adı da elə bununla bağlı yaranmışdır.

       Hz. Bəhaəddin Nəqşbəndi Orta Asiya, İran, Anadolu və Ərəbistana səyahət etmiş, sufilik təlimini təbliğ etmişdir.

       Əvət, Ebru sənətinin inkişafında Cağatay türklərinin xidmətləri danılmazdır. Əgər nə zamansa, Çin, Hindistan, Yaponiyada Ebru ilə məşğul olunmuşsa, bu ancaq və ancaq Cağatay türklərinin fəaliyyəti sayəsində mümkün olmuşdur. Hal hazırda bu ölkələrdə Ebrunun nə olduğundan ya heç nə bilmir, ya da çox az adamın bu sənətdən məlumatları vardır. Bu da Ebrunun sırf Türk İncəsənət Növü olduğunu sübut etməkdədir.

       Türkiyə tarixçilərindən Ebrunun 16-cı əsrdə onlara İrandan keçdiyini yazanlar var. O zaman İran adında dövlət yox idi – Səfəvilər adlı bir Türk Dövləti vardı. Şah İsmayılın Çaldıran savaşında (1514) I Sultan Səlimə məğlubiyyətindən sonra Təbrizli incəsənət ustalarından ibarət bir dəstə İstanbula köçürülmüşdür. Beləcə Ebru da onlarla birlikdə o zamanın Osmanlı, bu günün isə Türkiyə dövləti ərazisinə gəlmişdir.

       Ebru sənətinin kimlər tərəfindən, harada və nə zaman yaradılmasının qısa tarixi belədir.

       Bu gün Ebru Türk İncəsənət Növü kimi dünyada tanınmaqdadır. Batıda Ebru "Türk Kağızı” kimi bilinir. Sənət aləmində isə Ebruya Türk Mərmərləməsi də deyilir. Lakin, mərmər boyalar – çoxşaxəli Ebru sənətinin yalnız bir şaxəsini təşkil etməkdədir. Ebrunun "Battal”, "Necmeddin”, "Daraqlı”, "Çiçəkli” kimi növləri vardır.

       Türkiyədə Ebrunun mükəmməl bir məktəbi yaradılmışdır. Və türk milləti öz dədə-babalarından miras qalmış incə və zərif Ebru sənətini yaşatmaqda, inkşaf etdirməkdə və bütün dünyaya tanıtmaq-dadırlar.

       Ebru sənətinin də taleyinə səyahət etmək yazılıbmış. Onun səyahət istiqaməti Məğribdən Məşriqədir. 

       Son illərdə Ebru yenidən öz mənşəyinə – Azərbaycana  dönmüşdür. Ölkəmizdə artıq Türkiyə ali məktəblərində təhsil almış gənc mütəxəssislərimiz fəaliyyət göstərməkdə, Ebru incəsənətinin sirrlərini insanlarımıza öyrətməkdədirlər.

 Əlişir Gəncəli

Oxşar xəbərlər