Bir kitabın satıldığı qəribə kitab evi

  • 04 fev 2016, 21:28
Yoshiyuki Morioka Yaponiyanın paytaxtı Tokioda kitab mağazası işlədir. Ancaq onun kitab mağazası digərlərindən çox fərqlidir. Mağazada cəmi bir kitab satılır…

Keçən ay Tokionun alış-veriş bölgəsi Ginza-da açılan kitab mağazası çox fərqli bir anlayışla idarə olunur. Tamamilə minimalist fəlsəfəyə uyğun düşünülüb, işlədilən bu kitab mağazası müştərilərə sadəcə "bir” kitab təqdim edir. Bir kitab satılır dedikdə isə maraqlı bir şey nəzərdə tutulur. Belə ki, hər həftə bir kitab seçilir və satışa sadəcə həmin kitab çıxarılır.
Əvvəllər böyük kitab evləri də işlədən Morioko, mağazasında niyə bir kitab satdığını belə açıqlayır: "10 il müddətində başqa bir kitab evi idarə edir və ildə bir neçə kitabın təqdimat mərasimlərini keçirirdim. Belə tədbirlərdə çoxsaylı insan mağazamı ziyarət edirdi və bunu sadəcə bir kitab üçün edirdilər. Yaşadığım bu təcrübələrdən bir müddət sonra sadəcə bir kitab ilə də kitabçılıq etməyin mümkün ola biləcəyinə inanmağa başladım.”

Morioka mağazasıyla bağlı fikirlərini bir müsahibəsində bu formada şərh etmişdir: "Mağazada çiçəklər haqqında bir kitab satdığımda, həmin kitabda adı çəkilən çiçəyi də mağazada sərgiləyirəm. Əlavə olaraq, yazıçıların və redaktorların da mümkün qədər kitab evində vaxt keçirtmələrini istəyirəm. Bu, iki ölçülü bir kitabı, üç ölçülü bir mühitə və təcrübəyə keçirmək cəhdidir. Müştərilərin də bu təcrübəni yaşayaraq, kitaba qərq olmaq istədiklərinə inanıram.”

Morioka mağazanı açıldığı gündən bu günə qədər 2100-dən çox kitab satıb. Bu isə artıq onun bu konseptinin uğurlu olmasının göstəricisidir.

Bu günə qədər satdığı kitablar arasında Finlandiyalı yazıçı Tove Jansson’un "The True Deceiver”, Hans Christiian Andersen’in "Nağıllar”, Meime Ogawa’nın "Moon Night and Glasses” kimi əsərlər var. Bundan əlavə, bəzi yapon yazıçıların kitabları və bir sənətkarın bitkilərin şəklini çəkdiyi əsəri də mağazada satılan kitablar arasında yer alıb. Morioka, hər nə qədər texnologiya əsrinə keçildisə də, "fiziki” kitabların xüsusi bir təcrübə qazandırdığını, buna görə cazibəsini itirmədiyini düşünür.
 
Demokratik.Az