“Qiyamçı” müstəntiq ev dustaqlığına buraxıldı

  • 22 yan 2016, 20:41

Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun valideynləri prezident İlham Əliyevə və Mehriban Əliyevaya müraciət ediblər.

APA-nın məlumatına görə, Eldar Sabiroğlu və Tahirə Səfərova müraciətdə bildiriblər ki, Rüfət Səfərovun həbsi ağır olsa da, ümidlə yaşayıblar.

Onlar bu ümidi puça çıxarmadığı üçün prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

"Siz gənc bir insanın həyatını dəmir barmaqlıqlar arasında davam etdirməsinin önünü kəsdiniz. Bu günədək yüzlərlə vətəndaşımızı həbsxana divarları arasından xilas edərək onların azadlığa qovuşması üçün göstərmiş olduğunuz böyük humanizmin və bir şəxsiyyət kimi nümayiş etdirdiyiniz rəhmdilliyin yüksək dəyər və qiymətə söykəndiyini etiraf etməyə bilmirik", - deyə müraciətdə qeyd olunub.

Müraciət bu sözlərlə bitir: "Bir daha bu sevinci ailəmizə yaşatdığınıza görə Sizə və xanımınız Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Cənab Prezident, böyük ürək sahibi olduğunuzu övladımız Rüfətin qismində bir daha göstərdiniz. Çox sağ olun!”

*   *   *15:38

Bu gün Binəqədi Rayon Məhkəməsində Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Virtualaz.org saytına vəkil Bəhruz Bayramovun verdiyi xəbərə görə, yanvarın 15-də həbs edilmiş keçmiş müstəntiq Rüfət Səfərov azadlığa buraxılıb. Binəqədi rayon məhkəməsində onun ev dustaqlığına buraxılmasına dair vəsatət baxılıb və vəsatət təmin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında” qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

İnarə Rafiqqızı

Virtualaz.org

Oxşar xəbərlər