70 ildən sonra Hitler ideologiyası geri qayıdır

  • 01 yan 2016, 20:57
Almaniyada Adolf Hitlerin məşhur "Mənim mübarizəm” (Mein Kampf) kitabı 70 illik fasilədən sonra ilk dəfə gələn həftə satışa çıxarılacaq.
 
Hitlerin nasist ideologiyasının əösasında dayanan bu kitabın satışı müəllif hüquqlarının məxsus olduğu Bavariya əyaləti tərəfindən qadağan edilmişdi. Müəllif hüquqlarının müddəti başa çatdıqdan sonra Münhendəki Tarix İnstitu kitabı gələn həftə yenidən satışa çıxaracağını açıqlayıb.
 
Yeni nəşrdə minlərlə akademik haşiyə kitabın nə qədər əsassız olduğunu və pis yazıldığını göstərməyi hədəfləyib. Tarixçilər "Mənim mübarizəm” kitabının nasist dövründəki yəhudi soyqırımının necə baş verdiyini anlamasına yardım edəcəyini deyirlər.
 
Yəhudi təşkilatları da kitabın bu versiyasının nəşr olunmasını məmnuniyyətlə qarşılayır.
 
Xatırladaq ki, Hitler "Mənim mübarizəm” kitabının birinci hissəsini həbsdə olarkən yazıb. Daha sonra bu kitab millətçi-sosialistlərin əsas ideyasının qaynağına çevrilib.
 
Kitab ilk dəfə 1925-ci ildə, Hitlerin hakimiyyətə gəlməsindən 8 il əvvəl nəşr olunub. Nasist Almaniyası 1945-ci ildə məğlub olandan sonra müttəfiq qüvvələr kitabın müəllif hüquqlarını Bavariya hökumətinə verib. Bavariya hökuməti isə kitabın yenidən nəşrini qadağan edib.
 
Qeyd edək ki, Almaniya qanunlarına əsasən, müəllif hüquqlarının müddəti 70 ildir. Bu zaman bitdikdən sonra naşirlər kitabı nəşr edə bilər. /axar.az/