2015-ci ildə itirdiyimiz ünlü simalar

  • 29 dek 2015, 20:08
2015-ci il də öncəki illər kimi əfsuslar olsun ki, xalq üçün kədərli itkilərsiz yekunlaşmadı. Sıralarımızı tərk etmiş bu ünlü və dəyərli simalara rəhmət diləməklə yanaşı, onların həyat bioqrafiyalarına nəzər salaq.    
 

 Şair Vaqif Səmədoğlu 


2015-ci il yanvarın 28-də ölkənin tanınmış yazıçı-dramaturqu, ssenarist, Milli Kitab Mükafatı münsiflər heyətinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, xalq şairi, "Humay” mükafatı laureatı, "Şərəf” və "Şöhrət” ordenli Vaqif Səmədov vəfat edib. 

Vaqif Səmədov – müasir ədəbiyyat ustası, komediya dramaturqu, istedadlı musiqişünas, yaradıcılığı rəngarəng tematikalar və geniş poetik düşüncə ilə xarakterizə olunan caz musiqisi bilicisi idi. Onun yaradıcılığında dünyanın, insanın və cəmiyyətin fəlsəfi dərki məsələləri mühüm yer tuturdu. Teatr və kino üçün yazdığı əsərləri yüksək yaradıcılıq keyfiyyətləri ilə fərqlənirdi və tamaşaçı sevgisi qazanmaq ona həm də dramaturq kimi şöhrət gətirmişdi. Ölkənin ədəbi-mədəni, ictimai-siyasi həyatında fəal iştirakı şairin həqiqi vətəndaş mövqeyinin təzahürü idi.

Vaqif Səmədoğlu 5 iyun 1939-cu ildə Bakıda, Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun ailəsində doğulub.
Politoloq Zəfər Quliyev

Yanvarın 29-da Gürcüstanda Azərbaycanın tanınmış politoloqu, Minval.az saytının analitik şöbəsinin rəhbəri Zəfər Quliyev ömrünün 63-cü ilində ürək çatışmazlığından dünyasını dəyişib. 

Zəfər Quliyev 1978-ci ildə Bakıda M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə ilə bitirib. 1986-90-cı illərdə Sov.İKP MK yanında Ali Partiya Məktəbində fəlsəfədən dərs deyib. 1998-ci ildə Bakı ali məktəblərində fəlsəfə, politologiya və sosiologiya üzrə mühazirələr oxuyub. 1990-98-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun böyük, sonra isə aparıcı elmi işçisi olub. 80-ci illərin sonlarından Azərbaycanın müstəqilliyi uğrunda hərəkatda fəal iştirak edib. 1996-cı ildə "Caspian Basin” jurnalının təsisçisi və 1999-cu ilədək baş redaktoru olub. Eyni vaxtda – 1995-2010-cu illərdə "Turan” İnformasiya Agentliyinin "Azərbaycanınn siyasi monitorinqi” aylıq bülletenində siyasi ekspert, analitik xidmətin rəhbəri, redaktor qismində çalışıb.

2010-cu ildən sonra "Azadlıq”qəzetinin məsləhətçisi, Rusiyanın "Regnum” İnformasiya Agentliyinin şərhçisi, Minval.az saytının analitik şöbəsinin rəhbəri işləyib.

 Bəstəkar Nəriman Məmmədov


Aprelin 6-da Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov vəfat edib. 

Nəriman Məmmədov dekabrın 28-də Naxçıvanda anadan olub. "Humay”, "Şeyx Sənan”, "Məmmədəli kurorta gedir”, "Qız görüşə tələsir” musiqili komediyalarının, 7 simfoniyanın, bir neçə simfonik poemanın və 700-ə yaxın mahnının müəllifidir.

 Bəstəkar Ramiz Mirişli 


Aprelin 17-də uzun sürən xəstəlikdən sonra başqa bir ünlü bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti və "Şərəf” ordenli Ramiz Mirişli dünyasını dəyişib.
Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvanda doğulub. "İtkin qız”, "Gəl, qohum olaq” operettalarının, kamera orkestri üçün simfoniyanın, kamança uçun üç konsertin, kantata və süitaların, çoxsaylı dram tamaşalarının musiqilərinin və yadda qalan çoxsaylı mahnıların müəllifidir. 

 Müsavatçı fəal Nərgiz Yaqublu


Aprelin 23-də Müsavat başqanının həbsdəki müavini, partiyanın siyasi fəal gənclərindən və aktiv xanımlarından olan Nərgiz Yaqublu dünyasını dəyişib. Nərgiz xanım Rusiyanın Tomsk şəhərində Hepatit C-nin çox ağır formasından müalicə alırdı. 

Nərgiz Yaqublu "Yeni Müsavat” qəzetində özünü jurnalist kimi də sınamışdı. Adına "Nərgiz Yaqublu” mükafatı təsis olunub.

 Politoloq Vəfa Quluzadə


Mayın 1-də Azərbaycanın tanınmış politoloqu Vəfa Quluzadə Bakıda, ömrünün 74-cü ilində həyata "əlvida” deyib.

Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. 1963-cü ildə Azərbaycan (hazırda Bakı) Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsini bitirib. Bakı radiosunun ərəbcə proqramlarında redaktor və aparıcı işləyib. 1962-64-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda təhsilini davam etdirib. 1970-73-cü illərdə Misirdəki SSRİ səfirliyində işləyib, attaşedən səfirliyin 2-ci katibi vəzifəsinədək yüksəlib. 1973-cü ildə Azərbaycana qayıdıb və Azərbaycan KP MK-da işləməyə başlayıb. Təlimatçıdan Mədəniyyət Şöbəsinin müdiri postunadək yüksəlib. Bu illərdə Moskva İctimai Elmlər Akademiyasını bitirib. 1987-90-cə illərdə diplomatik fəaliyyətə qayıdıb - SSRİ-nin Əlcəzairdəki səfirliyində müşavir işləyib. 1990-99-cu illərdə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb, Təhlükəsizlik Şurasının üzvü olub.

 Aktyor İlham Əsgərov   


Sentyabrın 6-da ömrünün 57-ci ilində Azərbaycanın xalq artisti İlham Əsgərov vaxtsız vəfat edib. 

İlham Təvəkkül oğlu Əsgərov 3 sentyabr 1958-ci ildə Masallıda dünyaya göz açıb. 1983-cü ildən Azərbaycan Milli Dram Teatrının aparıcı aktyoru idi. O, Azərbaycan və Avropa klassiklərinin əsərləri əsasında qoyulan tamaşalarda parlaq dramatik obrazlarla yadda qalıb.

 Kamança ustası Habil Əliyev


Sentyabrın 8-də ömrünün 89-cu ilində Azərbaycanın dünya şöhrətli kamança ustası, xalq artisti "İstiqlal” və "Şöhrət” ordenli Habil Əliyev dünyasını dəyişib.

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunda anadan olub. 7 yaşından tanınmış muğam müəllimi Əhməd Ağdamskidən dərs alıb.

 Aktrisa Nuriyyə Əhmədova


Oktyabrın 10-da Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova gözlərini dünyaya əbədi yumub. 

Nuriyyə Əhmədova 26 dekabr 1950-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq sənəti fakültəsini bitirib. Yaradıcılıq fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb (Hazırda Azərbaycan Dövlət Musiqi Teatrıdır). Tamaşaçılara o, "Həm ziyarət, həm ticarət”, "Hava məbədi”, "Nişan üzüyü”, "Kişi sözü” filmlərindəki rolları ilə yaxşı tanışdır.

 Siyasətçi Həsən Kərimov

Noyabrın 20-də AXCP Ali Məclisinin sədri Həsən Kərimov dünyadan köçüb. Ürək xəstəliyindən əziyyət çəkən Həsən Kərimovun vəziyyəti küçədə qəflətən pisləşib. Yaxınlıqdan keçənlər onu klinikalardan birinə aparsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

H.Kərimov Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Jurnalistika Fakültəsini bitirib. AXC hakimiyyətə gələnədək bir neçə çap nəşrində işləyib. AXC hakimiyyəti dönəmində Səbayel Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

 Vəkil Elton Quliyev


Dekabrın 16-da uzun sürən ağır xəstəlikdən sonra tanınmış azərbaycanlı vəkil Elton Quliyev aramızdan gedib. O, beyinin bədxassəli şişindən əziyyət çəkirdi.

E.Quliyev 1977-91-ci illərdə Bakı Şəhər Daxili İşlər İdarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirlyində müstəntiq, böyük müstəntiq, istintaq şöbəsinin rəis müavini və rəisi vəzifələrində işləyib. 1991-ci ildə könüllü şəkildə daxili işlər orqanlarını tərk edib. 1996-cı ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvü idi.

 Aktyor Ələsgər Məmmədoğlu


Dekabrın 22-də ömrünün 69-cu ilində Azərbaycanın sevilən aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlu qəflətən vəfat edib. 

Ələsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə anadan olub. 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (Hazırda BİU) "dramatik teatr və kino aktyoru” sənəti üzrə bitirib.

Ələsgər Məmmədoğlu tamaşaçıların yaddaşında "Evləri köndələn yar”da (Anar) şair, "Yaşıl eynəkli adam”da (Vaqif Səmədoğlu) polis əməkdaşı, "Mehmanxana sahibəsi”ndə (K.Xaldoni) xidmətçi, "Qatarda” tamaşasında (İsi Məlikzadə) satıcı, "Alov”da (Mehdi Hüseyn) Gümraha və digər surətlərlə qalıb.

***** 
Bundan əlavə, 2015-ci ildə jurnalist Rasim Əliyev vəhşicəsinə qətlə yetirilib. Azərbaycan 76 hərbi qulluqçusunu itirib ("Xəzər” Hərbi Tədqiqatlar Qeyri-Hökumət İnstitutunun hesabatı). Həmçinin, mayın 19-da Bakıda 16-mərtəbəli binanın yanması nəticəsində üçü körpə olmaqla 16 dinc sakin həlak olub. Dekabrın 4-də Xəzər dənizindəki "Günəşli” neft-qaz yatağının 10-cu platformasında baş vermiş yanğın nəticəsində isə 8 nəfər ölüb, 22 nəfər hələ də itkindir.


Musavat.com
Oxşar xəbərlər