Vəzifədən çıxarılan alim məmurlar - SİYAHI

  • 15 noy 2015, 22:56
Prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edildi. Modern.az akademik Əli Abbasovun alim olduğunu nəzərə alaraq, son illərdə Azərbaycanda vəzifəsindən kənarlaşdırılan keçmiş alim-məmurları xatırladır:

Akademik Əli Abbasov nazir vəzifəsindən azad olunsa da, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür və 4 il rektoru olduğu İqtisadiyyat Universitetində kafedra müdiridir.

Onun adaşı Əli İnsanov isə 2005-ci ildə vəzifəsindən azad edilməklə yanaşı, həm də həbs olunub. Hələ 2001-ci ildə AMEA-nın akademiki seçilən İnsanov tibb elminə "İnsanovin” adlı yeni bir dərman preparatı yaratmaqla yenilik də gətirdi. O, həbs olunandan bir müddət sonra akademik elmi adından, AMEA-nın həqiqi üzvlüyündən mərhum edilib.

Son illərdə vəzifəsindən azad edilən ən tanınmış məmur-alimlərdən biri də professor Misir Mərdanovdur. 1998-ci ildə təhsil naziri postuna gətirilən Mərdanov 2013-cü ildə işdən çıxarılıb. O, hazırda AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktorudur.

AMEA-nın müxbir üzvü və Bakı Dövlət Universitetinin kafedra müdiri olan Qərib Məmmədov də son zamanlar işini itirən alim-məmurlar cərgəsindədir. Ölkə başçısının 2015-ci il fevralın 5-də verdiyi fərmana əsasən, onun rəhbəri olduğu Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib. Elə bununla avtomatik həmin komitəyə rəhbərlik edən Qərib Məmmədov vəzifəsi ilə də vidalaşmalı olub.

Sabiq xarici işlər naziri Vilayət Quliyev 1990-cı ildə filologiya elmləri doktoru adına layiq görülüb. O, 1999-2004-cü illərdə xarici işlər naziri işləyib. Ondan sonra filoloq alim səfir kimi fəaliyyət göstərir. Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı bir çox araşdırmalar aparan, mühacirət ədəbiyyatını tədqiq edən alim hazırda Macarıstanda səfirdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Rafiq Əliyev vəzifəyə elmdən gələnlərdən idi. O, komitə sədri olana kimi AMEA-nın Şərqşünaslıq İnstitutunda bölmə müdiri və direktor müavini olaraq çalışıb. Fəlsəfə elmləri doktoru olan Rafiq Əliyev vəzifəsindən uzaqlaşdırılandan sonra "İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru kimi fəaliyyətini davam etdirir.

Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sələfi Nadir Əhmədov nəzəri şəkildə elmlə məşğul olmasa da, praktiki şəkildə elmə yaxın olub. 50-dən çox səmərələşdirici ideyanın, bir neçə ixtiranın və rabitə nəzəriyyəsinə aid monoqrafiyanın müəllifidir.

Az qala nazir statusuna malik olan daha bir postun sahibi də son illərin "vurulan” alim məmurlarındandır. Söhbət Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri filologiya elmləri doktoru, professor Nizami Xudiyevdən gedir.

Bir müddət öncə vəzifəsinə xitam verilən və bir zamanların güclü iqtisadçısı kimi dəyərləndirilən keçmiş bankir Cahangir Hacıyevin də elmi dərəcəsi var. Onun beynəlxalq iqtisadi jurnallarda "Doktor Hacıyev” imzası ilə elmi məqalələri yayılıb. Beynəlxalq Bankın sabiq sədri 1993-cü ildə Austində Texas Universitetində MBA dərəcəsinə və Rusiya Elmlər Akademiyasının nəzdindəki İqtisadiyyat İnstitutunda Beynəlxalq İqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnib.

1999-2006-cı illərdə maliyyə naziri vəzifəsində çalışmış Əvəz Ələkbərov da iqtisadiyyatı dərindən bilənlər siyahısındadır. Sabiq nazir də son illərdə işdən çıxarılan alim məmurların siyahısındadır. O, Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvüdür.
Oxşar xəbərlər