Xəbər lenti
Bütün xəbərlər

Azərbaycanda seçicilərin sayı açıqlandı

  • 27 may 2015, 19:23

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb.

APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan üzrə seçicilərin daimi siyahısının tərtibinə dair keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, Azərbaycanda 5 milyon 93 min 289 nəfər seçici var. Seçicilərin 51, 7 faizi qadın, 48,3 faizi isə kişidir. Ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.

Bununla da MSK-nın ilin birinci yarısında əsas fəaliyyəti başa çatıb.

Qeyd edək ki, Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanıb. Seçki qanunvericiliyinə görə, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq, məntəqə seçki komissiyaları tərəfindən aparılır. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilir. Seçki Məcəlləsinin tələblərinə əsasən, Məntəqə Seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq, müvafiq Dairə Seçki Komissiyalarına təqdim edib. Dairə Seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verib.