"Azərbaycan Rektorlar Konfransı" layihəsi çərçivəsində növbəti toplantı baş tutub

  • 28 iyun 2022, 19:01

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində növbəti toplantı baş tutub.

Demokratik.Az xəbər verir ki, toplantıda təhsil nazirinin müavini İdris İsayev, nazir müşaviri Nicat Məmmədli, layihənin üzvü olan universitetlərdən 11 rektor və digər səlahiyyətli nümayəndələr iştirak edib.

Görüşün əsas məqsədi layihə çərçivəsində Rektorlar Konfransının Nizamnamə layihəsinin və layihədə indiyə qədər görülən işlər, eləcə də perspektiv iş planlarının müzakirəsi olub. 

Tədbiri giriş sözü açan Bakı Biznes Universitetinin rektoru İbad Abbasov sözügedən layihənin icrası və uğurları barədə məlumatları diqqətə çatdırıb. 

Daha sonra təhsil nazirinin müavini İdris İsayev çıxış edərək təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsildə rəqabətqabiliyyətliliyin artırılması, eləcə də akademik heyətin potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən işlərdən və qarşıda duran tapşırıqlardan bəhs edib. İdris İsayev “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin önəminə toxunaraq qeyd edilən məqsədlərə nail olmaqda faydalı olacağını bildirib. Nazir müavini ali təhsil sistemində koordinasiya və əməkdaşlığın gücləndirilməsi, ali təhsil müəssisələri arasında müsbət təcrübələrin bölüşülməsi, beynəlxalq təcrübələrin öyrənilməsi, qərarların qəbulunda ortaq təkliflərin əldə edilməsi və müzakirələr üçün vahid platformanın mövcudluğu baxımından layihənin uğurlu addım olduğunu və bu baxımdan Təhsil Nazirliyinin dəstəyini ifadə edib. 

Nazir müavini ali təhsil müəssisələrinin layihədə yaxından iştirakının vacib olduğunu xüsusilə diqqətə çatdırıb və toplantının işinə uğurlar arzu edib.

Layihənin koordinatoru,  Bakı Biznes Universitetinin Universitet-Sənaye işbirliyi departamentinin direktoru Gülşən Bayramova layihənin icrası haqqında geniş təqdimatla çıxış edib.

Toplantıda Dövlət Gömrük Komitəsinin Akademiyasının rektoru Qulu Novruzov, Bakı Mühəndislik Universitinin rektoru Havar Məmmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov çıxış edərək layihənin ali təhsilin inkişaf etdirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olmaq baxımından xüsusi önəm kəsb etdiyini vurğulayıblar. Çıxışçılar Rektorlar Konfransının strukturu, fəaliyyət mexanizmi və digər məsələlər barəsində suallar və təkliflərlə müzakirələr aparıblar.

Müzakirələrdə təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək Rektorlar Konfransının real nəticələr əldə etməklə beynəlxalq proses və çağırışlara daha yaxşı inteqrasiya olunmaq üçün mühüm vasitə olduğunu və bu istiqamətdə layihənin uğurla həyata keçirildiyini qeyd edib.

Yekunda təhsil nazirinin müavini İdris İsayev toplantının yekunlarına dair çıxış edərək hər kəsə uğurlar arzu edib. 

Oxşar xəbərlər