Demokratik TV
Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi ADAU-da anılıb
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin 1993-cü il məzunları 29 il sonra tələbə yoldaşları Azərbaycanın Milli Qəhrəmanı şəhid İxtiyar Qasımovun xatirəsini anıblar.

Tədbirdə ADAU-nun elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, şəhid İxtiyar Qasımovun ailə üzvləri, müəllim və tələbələr həmçinin, Universitetin Aqronomluq fakültəsinin 1993-cü il məzunları iştirak ediblər.
İxtiyar Qasımovun tələbə yoldaşı Sahib Məmmədov 29 ildən sonra ADAU-nun 60-a dək məzununun bir araya gələrək tələbə yoldaşlarının xatirəsini yad etməyi özlərinə borc bildiyini deyib: “Hamımız bu gün Gəncəyə doğma universitetimizə gələrək Milli Qəhrəman İxtiyar Qasımovun xatirəsini andıq. Bu işi onun tələbə yoldaşları olaraq
özümüzə borc bildik. Həm də Aqrar Universiteti belə müasir, dünya universitetləri ilə rəqabət aparacaq səviyyədə görmək bizi çox qürurlandırdı.” Şəhidin qardaşı Cəmil Qasımov tədbir təşkilatçılarına öz minnətdarlığını bildirərək torpaqlarımızın bütövlüyü uğrundan canından keçən bütün şəhidlərə Allahdan rəhmət dilədiyini deyib: “İxtiyar 1990-cı ildə könüllü olaraq Ağdam rayonunun özünü müdafiə batalyonuna daxil olub. Ağdam və Ağdərənin əksər kəndlərinə gedən qanlı döyüşlərin iştirakçısı olub. 1992-ci il iyunun 14-də tək özü düşmənlə döyüşərək düşmənin 17 nəfər emənini məhv edərək qəhrəmancasına şəhid olub”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 9 dekabr 1992-ci ildə Qasımov İxtiyar Qasım oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib. Onun təhsil aldığı Ağdam rayonunun Kəngərli kənd orta məktəbi, Gəncə və Ağdam
şəhərlərində bir küçə onun adını daşıyır.

