Ramiz Mehdiyev Osman Nərimanoğluna məktub göndərdi - FOTO

  • 05 dek 2021, 16:11
Azərbaycan Milli Elmlər Akademiyası Demokratik.Az saytının rəhbəri, jurnalist Osman Nərimanoğluna məktub göndərib. Məktubu öz ev ünvanında alan jurnalistin bildirdiyinə görə, zərfdə bir müddət əvvəl akademik Ramiz Mehdiyevin diqtəsilə özünə qarşı Yasamal rayon məhkəməsində irəli sürülən "xüsusi ittiham" qaydasında ərizə nümunəsi yer alır.

"AMEA-nı və Azərbaycan elmini taqətdən salan "boz kardinal" ləqəbli Ramiz Mehdiyevin daha bir savadsız və intriqant hərəkətini sizlərə təqdim edirəm. Adam "Tərtər İşi"ndə adı hallanan və özünə AMEA-da "hüquq şöbəsinin müdiri" təyin etdiyi Kamal Əliyevin "xüsusi ittiham" qaydasında müraciətini məhkəməyə göndərmək əvəzinə, mənim evimə - şəxsimə göndərib. Göygöl Məhkəməsinin sədrinin adına yazılan bu ərizənin birbaşa evimə yollanmasının hüquqi müstəvidə adı nədir, bilmirəm. Amma, bu davranışla Ramiz Mehdiyev rəsmən də sübut etdi ki, AMEA-nın baş hüquqşünası onun yanında heç kimdir. Sabiq hakim bu oyunda sadəcə bir alətdir və "xüsusi ittiham" heç də fiziki şəxs tərəfindən deyil, bəndəniz Osman Nərimanoğlunun jurnalist peşə fəaliyyətinə qarşı bir dövlət qurumu olan AMEA-nın özü tərəfindən verilib. Milyonların rahatca havaya sovrulduğu, mərkəzi kitabxana sisteminin tamamilə boşaldılan, antik kitabları satılan, ermənilərə aid statistik məlumatlı külli-kitab izləri silinən, ziyalıları dərbədər olan və qovulan, elmi potensialı çökdürülən, Mehdiyevlərin ailə maraqları ilə idarə olunan bir AMEA-dan gedir söhbət...
Təəssüf ki, bu durum siyasi, hüquqi tərbiyəsizlik olmaqla bərabər, həm də Ramiz Mehdiyevin ictimaiyyətə yansıtdığı növbədənkənar elmi tərbiyəsizliyi və səbatsızlığı kimi də yaddaş yazacaq. Bir daha ifadə edirəm ki, ermənisevər və ruspərəst Ramiz Mehdiyevin adından gələn heç bir təhdiddən qorxacaq deyiləm, onu və ətrafını bari bundan sonra milli elmimizin vayına oturmalarına mane olmaq ümidilə.."-deyə Osman Nərimanoğlu özünün feysbuk hesabında yazıb 

Xatırladaq ki, jurnalist bir müddət əvvəl Ramiz Mehdiyev AMEA-nın hüquq şöbəsini görün kimə tapşırıb - "Tərtər işi" boz kardinala da uzanır? başlıqlı xəbər yayımlayıb. Həmin xəbərdə 2017-ci ildə hərbçilərimizə qarşı işgəncələrlə müşahidə olunan məlum "Tərtər işi"nə eyham edilir, müzakirələrdə adı hallanan hərbi hakim Kamal Əliyevin hansı əsaslarla Ramiz Mehdiyev tərəfindən AMEA-da "hüquq şöbəsinin müdiri" təyin edilməsi sual edilir. Ramiz Mehdiyevin fəaliyyəti boyunca rusmeyilli kadr olduğuna işarə edilir.

Sözügedən mülahizə və faktlardan dözməyən qarşı tərəf yazılanları böhtan hesab edərək jurnalisti xüsusi ittihamla Yasamal Məhkəməsinə verib. Lakin, 23 noyabr tarixli məhkəmə baxışında məhkəmə "Xüsusi ittiham"ı aidiyyatı üzrə Göygöl Məhkəməsinə verməyi tövsiyə edib. Məhkəmə prosesinin qarşıdakı həftə ərzində reallaşacağı ehtimal edilir...


Demokratik.Az
Oxşar xəbərlər