Demokratik TV
Nazirliyin “COVİD pasportu” ilə bağlı qərarına MÜNASİBƏT

Bu qərara iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədəki səhifəsində sərt reaksiya verib. O qeyd edib ki, həyati əhəmiyyət kəsb etməyən kafe -restoran və sair yerlərdə “COVİD pasportu” şərtini başa düşmək olar, ancaq vətəndaş üçün bu qədər vacib olan bir dövlət xidməti ilə bağlı belə bir şərt qanunsuzdur.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov vurğuladı ki, dövlət qurumunda belə bir qaydanın tətbiq edilməsi onun üçün gözlənilməz və anlaşılmaz olub: “Bəzi yerlərdə belə halların olduğunu bilirdim. Belə ki, dövlət qurumlarının yüksək ranqlı rəsmiləri vətəndaşları qəbul etməzdən öncə onların COVİD daşıyıcısı olub-olmaması ilə bağlı test arayışı tələb edirdilər. Ancaq “COVİD pasportu”nun tələb olunması bir qədər fərqli məsələdir. Dünyaya nəzər salsaq, heç bir yerdə Covid-19 peyvəndi məcburi deyil, sadəcə insanlar şüurlu şəkildə bu addımları atırlar. Kimsə istəmirsə, biz onu mütləq şəkildə vaksin vurdurmağa məcbur edə bilmərik. Buna bir qədər demokratik yanaşmaq lazımdır. Vətəndaşların qəbuluna gəlincə, dövlət qurumlarında bunun üçün fərqli bir forma təşkil etmək olar. Əgər bu qərar əməkdaşların yoluxması hallarının qarşısını almaq üçündürsə, dövlət qurumları əməkdaşlarını qorumaq üçün müvafiq şərait yarada bilərlər. Məsələn, əməkdaşlar vətəndaşları şüşə arxasından qəbul edə , müəyyən vasitə ilə danışa, problemini dinləyə bilərlər. Belə variantlarla prosesi asanlaşdırmaq olar. Vətəndaş şəffaf şüşənin bir tərəfində, məmur isə digər tərəfində oturub danışa bilərlər. Digər tərəfdən onsuz da ictimai yerlərə maskasız girmək qadağandır. Bu da bir qoruyucu vasitədir”.
İqtisadçı alimin sözlərinə görə, vətəndaşlar tərəfindən kütləvi müraciətlərin olduğu bir nazirlikdə belə əsası olmayan şərtlər tətbiq etmək gərginlik yaradar: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə kütləvi şəkildə insanların problemləri ilə məşğul olan təşkilatdır. Çox müxtəlif kateqoriyaya məxsus insanlar bu və ya digər məsələlərlə bağlı nazirliyə müraciət edirlər. Vətəndaş müraciətləri saysız-hesabsızdır. Bu qədər insanın qarşısında şərt qoymaq olmaz. Hesab edirəm ki, daha uyğun variantı seçmək lazımdır. Elə insan var ki, “COVİD pasportu” almayıb və bu pasportu almaq üçün iki ay vaxt lazımdır. Belə bir şərt qoymaq vəziyyətin mürəkkəbləşdirilməsinə və narazılığın artmasına gətirib çıxarır və məqsədəuyğun olmazdı. ƏƏSMN-nin müvafiq şöbələrində qeyd etdiyim şəraiti yaratmaq olar. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə onlayn şəkildə müraciət etmək üçün “COVİD pasportu”nun tələb olunması nə ilə izah olunur, bəlli deyil. Elektron şəkildə insan kimi yoluxdura bilər? Məcbur etmək üçün gərək qaydalar, qanunlar qəbul edək və əhalini mütləq şəkildə vəzifələndirək ki, bu hər kəsin borcudur, peyvənd olunsun. Bu zaman məsələlər daha da mürəkkəbləşir. Amerika kimi bir yerdə, demokratiyanın beşiyində kimsəni vaksinasiya ilə bağlı məcbur etmirlər. İstəyən şəxs peyvənd olur, istəməyəni isə məcbur etmirlər. Amma orada insanlar könüllü şəkildə gedib vaksin olunurlar”.
