Jurnalistlərin "EV DAVASI" böyüdü - Quldar redaktorlar, özgə malı ilə dost qazananlar və

  • 24 iyul 2021, 22:52
Deputat Etibar Əliyevin ardından, bugün bir qrup media və QHT nümayəndəsi Prezident İlham Əliyevə jurnalistlər üçün tikilən 3-cü binadaki mənzillərin şəhid ailələrinə və Vətən müharibəsi qəhrəmanlarına verilməsi üçün müraciət ediblər.
Demokratik.Az bildirir ki, sözügedən müraciət digər jurnalistlər və media nümayəndələri arasında birmənalı qarşılanmayıb. Müraciəti imzalayanlar arsında 2013 və 2017-ci illərdə mənzil alanların olması isə haqlı ikrah hisslərinə də səbəb olub.
Haqlı olaraq bildirib ki, əgər üçüncü bina şəhid ailələrinə və qazilərə veriləcəksə, o zaman digər iki binadakı mənzillər də aşağıdakı jurnalistlərdən alınıb təhvil verilsin.
Həmin illərdə pulsuz mənzil alan şəxslərin adlarını təqdim edirik:
Quliyev Bəhruz Vaqif oğlu "Səs" qəzeti - 2013
Seyfullayev Elbrus Ramiz oğlu (Ərud) “Qafqazinfo.az” saytı – 2013-cü il
Məmmədov Hikmət Baba oğlu "Yeni Azərbaycan" qəzeti (deputat) – 2013
Ağayev Şakir Qabil oğlu "Yeni zaman" qəzeti – 2013
Mirzəbəyli Elçin Əbdülrəhim oğlu "Xalq cəbhəsi" qəzeti - 2013
Elçin Alıoğlu  “Milli az” saytı - 2017
Eminbəyli Şakir Vəfa oğlu - Rusiyanın "Rossiya - 24” telekanalının Azərbaycandakı nümayəndəsi – 2017
Məmmədov Vüsal Fəxrəddin oğlu “Azvision.az” saytı – 2017
Azərbaycan uzun illərdir müharibə şəraitindədir və bu illər ərzində minlərlə şəhid verib, qaziləri olub. Bəs o zaman bu şəxslər niyə onlara verilən evləri şəhid ailələrinə və qazilərə bağışlamayıb? İndi birdən-birə vətəpərvər, şahid və qazi düşünən oldular?
Bu etdiklərinin sadəcə bir adı var – özgə malı ilə dost qazanmaq!
Əlbəttə, şəhid və qazi ailələrinə təkcə dövlət yox, bu ölkədə yaşayan hər kəs borcludur və onlar üçün əlimizdən gələni etməliyik. Ancaq bunu öz malımızla etməliyik, başqalarının  yox!
Yuxarıda adı olan şəxlərin əksəriyyətinin bahalı evi ( hətta evləri) maşınları, bir sözlər – lüks həyatları var. Lakin bu gün ev ümidi ilə illərlə kirayədə yaşayan (ona yaşamaq demək olarsa) jurnalistlər var. O jurnalistlər ki, illərdir qarşılıq gözləmədən, bir qarnı ac, bir qarnı tox xidmət edir. İndi onlara bir mənzili çoxmu görürsünüz?
Ümid edirik ki, ölkə başçısı bu müraciətə layiqli cavabı verəcək...
Mahir Xəttab \ Jurnalist /azadinfo.az/

Ovqat.com saytı da maraqlı yazı ilə çıxış edib.
SİTAT: Bəri başdan deyim ki, bu yazının müəllifi jurnalistlərə ev verilməsi təşəbbüsünün heç vaxt tərəfdarı olmayıb. Məhz bu səbəbdən, nə birinci, nə də ikinci binadakı mənzillər paylananda bu yarışa qatılmamışıq. Çünki bu hadisəyə jurnalistin hökumət qarşısında diligödək hala gətirildiyinə və bununla qələm əhlinin ağzının “skoçlanacağına” inanmışıq. 
 
Bununla belə, açıq etiraf etməyə dilimiz gəlməsə də, ürəyimizin dərinliyində hökumətin bu addımını humanist addım kimi qiymətləndirdiyimiz də olub. Nədən ki, bizim cəmiyyətdə jurnalistlər toplumun ən kasıb təbəqəsinə çevrilib. Bəzən maddi ehtiyac onları qapı-qapı gəzib sədəqə toplamaq, ailəsini dolandırmaq üçün kimlərisə şantaj etmək məcburiyyətində qoyub. Abrına qısılıb bu addımı ata bilməyənlər özlərindən qat-qat aşağı məmurların və ya dələduz media patronlarının qarşısında əyilib, yüz sözü qulaq ardına vuraraq dözməyə vadar edib. Ölkədən baş götürüb xaricə qaçaraq, Azərbaycana qarşı ideoloji müharibə aparan xarici qüvvələrin əlinə düşənlər də az olmayıb. Halbuki, dünyanın istənilən ölkəsindəki jurnalistlər öz maddi imkanları ilə başqalarından seçilirlər və kiminsə əlinə baxmağa məhkum deyillər. 
 
Bizim qələm adamlarının səfil günündə yaşamasının səbəbi hökumətin şüurlu şəkildə azad medianı sıradan çıxarmaq siyasəti olub. Dolayısıyla azad media kimi, jurnalistləri də rejimin qurbanları saymaq mümkündür. Ədalətin təcəllisi üçün isə zərərvuran zərərçəkənin ziyanını kompensasiya etməlidir. Bu mənada jurnalistlərə ev paylanmasını da qələm adamlarımıza ödənən kompensasiya kimi qiymətləndirmişik. 
 
Baxmayaraq ki, əli həsənovların, əflatun amaşovların, vüqar səfərlilərin “xidmət”ləri sayəsində Prezidentin jurnalistlərə hədiyyəsi ünvanına çatmır, əmioğlu-xala uşaqlarına, mammılı-matan katibələrə, sürücülərə, pulyığanlara paylanırdı. Bir çox hallarda isə bir neçə evi olan baş redaktorlar mənzilləri mənimsəyib nəvələrinə, nəticələrinə vərəsəlik saxlayırdılar. Medianın ağırlığını çiyinlərində gəzdirənlər isə ümidini gələcək illərə bağlayıb, kirayələrdə yaşaya-yaşaya məqalələr, xəbərlər yazıb şapalaqla üz qızardırdılar.
 
Bu gün isə zavallı jurnalistlərin illərlə haqqını yeyən baş redaktorlar Prezidentə müraciət ünvanlayaraq, “özlərinə düşən ev payından”(?) şəhid ailələrinin lehinə imtina etdiklərini bildiriblər. Təbii ki, söhbət onların indiyədək aldıqları mənzillərdən də getmir. Yenə də bu söz quldarları öz qulları kimi baxdıqları sadə jurnalistlərin göz dikdiyi 3-ci binadakı mənzilləri şəhid ailələrinə peşkəş çəkmək xəyalına düşüblər. Halbuki, buna qərar verəcək insanlar onlar yox, mənzil almağa hüququ çatan sadə jurnalistlər olmalıdır. Əlbəttə ki, Azərbaycanda artıq əsər-əlaməti qalmayan məntiqlə...

 
Bu sözləri deyərkən, biz heç də şəhid ailələrinə mənzilləri çox görmək istəmirik və sözügedən binada hansısa evdə gözümüz də yoxdur. Fəqət bu “mərhəmət” sahiblərinin öz evlərindən yox, qul kimi istismar etdikləri zavallıların payından niyə imtina etdiklərini anlamırıq. Axı vicdanən, buna quldarın yox, qulun qərar verməsi daha ədalətli olardı. Niyə bu “bolmərhəmətlilər” qanunsuz şəkildə mənimsədiklərini dilə gətirmirlər? Axı, Azərbaycan hüquq-mühafizə orqanları jurnalistlərə ayrılan iki binada da ciddi maxinasiya, mənimsəmə və qanun pozuntuları aşkarlayıb, hətta buna görə Vüqar Səfərli həbsə belə atılıb. Vüqar Səfərlinin cinayəti təsdiqlənsə, belə çıxır ki, onun əliylə paylanan bütün mənzillər haqqı çatmayanların istismarındadır. Elədirsə, ilk nümunəni də elə Prezidentə müraciətə ünvanlananlar göstərməli deyillərmi?
 
Üstəlik, Azərbaycan hakimiyyəti öz şəhid ailələrini evlə təchiz edə bilməyəcək qədər zəif də deyil. İstənilən bir neçə məmurun qulağından tutub o tərəf-bu tərəfə yırğalasan, hər cibindən ölkəmizdəki bütün şəhid ailələrini evlə də, hər cür qayğı ilə də təchiz edə biləcək pul tökülər. O zaman niyə şəhid ailələrinin ev məsələsi uzun illər gözlərini dövlətin ianəsinə dikən jurnalistlərin haqqı hesabına niyə həll olunmalıdır?
 
Deyəsən, bu suallar qələm əhlini də xeyli düşündürür. Quldar baş redaktorların Prezidentə ünvanladıqları müraciəti, daha sonra isə bu müraciətə üsyan bayrağı qaldıran bəzi jurnalistlərin mövqeyini təqdim edirik: 
 
“Bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.
 
Müraciətdə deyilir:
 
“Məlum olduğu kimi, Azərbaycan tarixində yeni bir mərhələ başlanıb. Artıq ölkəmiz bütün dünyada qalib Azərbaycan kimi tanınır. Dövlətimizin yenilməz gücü, xalqımızın həmrəyliyi, Sizin ətrafınızda birləşərək dəmir yumruğa çevrilməsi dillərə dastandır.
 
Əlbəttə, Azərbaycanın fəth etdiyi bu zirvənin ucalığı, Zəfərin böyüklüyü zaman keçdikcə, Vətən müharibəsi tarixə çevrildikcə daha da aydın görünəcək.
 
Bu Qələbəyə cəmiyyətimiz Sizin rəhbərliyiniz altında sıx birləşərək nail oldu. Artıq İkinci Qarabağ müharibəsi arxada qalıb. Sizin də qeyd etdiyiniz kimi, qarşımızda daha böyük missiya dayanır. İndi azad olunmuş Qarabağı cənnətə çevirmək, qaçqın və məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq, şəhid ailələri və qazilərimizin qayğısına qalmaq, bir sözlə, yaralarımızı sarıyaraq sağalmaq və irəli getmək kimi böyük bir prosesin içindəyik.
 
Biz artıq müharibədən az bir vaxt keçməsinə baxmayaraq, olduqca böyük işlərin görülməsinə şahidlik edirik. Elə Siz son müsahibənizdə ilin sonunadək 3 min şəhid ailəsi və qazinin mənzillərlə təmin ediləcəyini, artıq 1300 mənzilin onlara verildiyini bildirdiniz.
 
Biz də bu böyük missiyanın həyata keçirilməsində öz həmrəyliyimizi nümayiş etdirmək, olduqca böyük və şərəfli işin icrasında töhfəmizi vermək, dövlətimizin və Sizin yanınızda olduğumuzu bir daha bildirmək istəyirik.
 
Məlum olduğu kimi, son illər Azərbaycan dövləti jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atıb. Bunlardan biri də media nümayəndələri üçün yaşayış binalarının tikilməsi, onların dövlət hesabına mənzillərlə təmin edilməsidir.
 
Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır. Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən müharibəsi qəhrəmanlarına təqdim olunsun.
 
Bu, gözəl həmrəylik nümunəsi olmaqla yanaşı, həm də Qələbədən sonrakı proseslərə bizim töhfəmiz olar.
 
Belə bir şərəfli işin həyata keçirilməsi üçün təşəbbüsümüzü nəzərə almağınızı Sizdən xahiş edirik.
 
1. Qulu Məhərrəmli – BDU-nun professoru
2. Əflatun Amaşov – Mətbuat Şurasının sədri
3. Cahangir Məmmədli – BDU-nun professoru
4. Emin Musəvi – “ASAN Radio”nun rəhbəri
5. Vüsalə Abışova - “Azəri-Press” informasiya agentliyinin rəhbəri
6. Arif Əliyev – Yeni Nəsil Jurnalistlər Birliyinin sədri
7. Həmid Həmidov - “Global Media Group”un media direktoru
8. Yeganə Hacıyeva – bloqer
9. Ədalət Verdiyev – bloqer
10. Sərraf Orucov - “Beynəlmiləlçi Əlil Döyüşçülər” İctimai Birliyinin sədri
11. Elbrus Ərud – Qafqazinfo.az saytının rəhbəri
12. Şakir Eminbəyli - “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi
13. Rüstəm Əliyev – ANTENN Radionun rəhbəri
14. Mirşahin Ağayev – REAL TV-nin rəhbəri 
15. Vüsal Məmmədov – Azvision.az saytının rəhbəri
16. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru
17. Şakir Ağayev - “Novoye vremya” qəzetinin baş redaktoru
18. Elçin Mirzəbəyli – “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru
19. Elçin Alıoğlu - “Milli.az” saytının baş redaktoru
20. Aslan Aslanov – AZƏRTAC-ın İdarə Heyətinin sədri
21. Azər Xəlilov – ATV-nin rəhbəri
22. Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru
23. Vüqar Xəlilov – CBC TV-nin rəhbəri
24. Radik İsmayılov – ARB24 TV-nin rəhbəri
25. Vüqar Rəhimzadə - “İki sahil” qəzetinin baş redaktoru
26. Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru
27. Hümmət Musayev – “Respublika” qəzetinin baş redaktoru
28. Fatma Səttarova - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri
29. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri 
30. Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
31. Füzuli Rzaquliyev- “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri
32. Məhəmməd Vəliyev - Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri
33. Məmmədhüseyn Sarıyev - Ehtiyatda Olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri
34. Xədicə Babayeva - “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyinin sədri
35. Maral Zamanova - “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri
36. Məmmədhəsən Həsənov - “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri
37. Alman Abbasov – “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri
38. Mirhəsən Həsənov – Çernobıl Əlilləri İttifaqının sədri””
 
İndisə quldar jurnalistlərə qarşı “qul üsyanı”
 
Vugar Yasharoglu:
 
Müraciəti imzalayanlar arasında evi olmayan tapmadım. bəlkə də səhv edirəm
 
Sherif AG:
 
Məncə ordan ev alan jurnalistin bu müraciətə imza atması etik deyil. Əks halda öz evini də şəhid ailələri və qazilərə versin...
 
Zeynal Kerimli
 
İki bina da alınsın geri
 
Murtaza Bunyadli:
 
Media adı altında milyonlar qazanıb, müxbirlərini qul kimi işlədib, haqqına girib, hakimiyyətdən neçə-neçə ev alanlar, biznes quranların belə bir müraciətə imza atması riyakarlıq, özünü gözə soxmaqdan, yalançı vətənpərvərlikdən başqa bir şey deyil...
 
Murtaza Bunyadli:
 
Əvvəlki iki binanın da geri alınması ilə bağlı təkluf qaldırılsa əla olar. Nə deyirsən Cavid Ismayil . Bəlkə yığışıb belə bir təkliflə çıxış edək və müraciət imzalayaq
 
Tehran Orucoglu:
 
Bir və daha artıq evi olan "media kapitanları"mıza belə gözəl təşəbbüs üçün şapka çıxarıram.  
P.S: Jurnalistə dövlətin ev verməsinə qarşıyam. Amma bu təklifin şəhid ailələri ilə əlaqələndirilməsi absurddur. Deyin ki, bizlərə də xüsusi güzəştlər olsun. MİDA dan faydalana bilim, bəsimdir. İmkan yaradın, mənzil şəraitimizi özümüz qaydasına qoyarıq.
 
Qadir Hazi:
 
Mən Şəhid ailələrinim və qazilərin nəinki mənzillə, bütün sosial qayğı ilə əhatə olunmasının tərafdarıyam və başqa cür də ola bilməz. Çünki onların sayəsində başımız dik, alnımız açıq xalq olduq. Onu da demirəm ki, birinci və ikinci binada mənzillər tam ədalətli paylanıb. Xeyir, tam əksini deməyə kifayət qədər dəlillər var. Amma olanlara baxmayaraq orda evsiz jurnalistlər də ev alıb. Və güman ki, üçüncü binadan da ev almaq imkanı olmayan jurnalistlər ev ala bilərlər. Amma şəhərdə nə qədər binalar var ki, tikilib, eləcə qalıb. Bina var ki, 10 ildən artıqdır tikilib bircə pəncərəsindən də işıq gəlmir. Alıb versinlər Şəhid ailələrinə və qazilərə. İsafən, axı mətbuatımız elə səviyyədə deyil ki, jurnalitlərimiz öz qazancı ilə ev ala bilsin.
 
Famil Ceferli 
 
1-ci və 2-ci binalardan ev alan jurnalistlər deyir ki, 3-cü bina şəhid ailələrinə verilsin. Əla! Amma siz də evlərinizi qaytarın!
Oxşar xəbərlər