AZƏRBAYCANDA HƏMKƏRLAR TƏŞKİLATI VARMI?..

  • 24 iyul 2021, 19:06
Bu sualı Azərbaycanın hər bir vətəndaşına ünvanlamaq olar. Sözsüz ki, alacağımız cavab birmənalı olmayacaqdır. Kimisi, - deyəcək, - var, kimisi, - deyəcək, - yoxdur, əksəriyyət çoxluq isə, - deyəcəkdir, - bilmirəm. Söhbətin bu məqamında yeni bir sual ortaya çıxacaqdır. Nə üçün Azərbaycan vətəndaşları Azərbaycanda Həmkərlar Təşkilatının olub və yaxud olmadığını bilmirlər? Düşünürəm ki, bu ritorik sualın cavabını hər kəs çox yaxşı bilir, çünki Azərbaycanda Həmkərlar Təşkilatının heç bir fəaliyyəti yoxdur, bu isə o deməkdir ki, belə bir təşkilat, həqiqətən mövcud deyil, Allah rəhmətinə gedibdir və ya korrupsiyalaşıbdır. Bunun isbatını Sovet dövründə xlqın və dövlətin pulu ilə tikilən, rüşvət vasitəsilə məmurlar tərəfindən əyri yollarla özəlləşdirilən çoxsaylı kurort - sanatoriya müəssisələrinin olması təsdiq edir. Cənab Səttar Möhbalıyevin özü də bunu çox yaxşı bilir, ancaq nədənsə susmağa üstünlük verir, çünki “susmaq qızıldır” və onun var - dövlətini günbə - gün artırır. Yaxşı olar ki, bir fakta müraciət edək.
       “Şıx” sanatoriyasının çoxmərtəbəli iki korpusu Sovet dövründə, yuxarıda qeyd etdiyim kimi, xalqın, dövlətin, ata - babalarımızın pulu hesabına inşa olunubdur. Həmin sanatoriyada müalicə məqsədi üçün istifadə olunan mineral tərkibli su da yerdən çıxır, yəni o da, xalqa məxsusdur. Burda sual oluna bilər ki, bəs nə üçün cənab Səttar Möhbalıyev müalicə olmaq istəyən vətəndaşlara birgünlük müalicə göndərişini 60 - 90 manata satır? Bu, bəyəm onun şəxsi əmlakıdır, yoxsa ata - babasndan miras qalıbdır?.Görəsən bu pullar hara və kimlərin cibinə axır? Bunun bir haqq - hesabı və ya deklarasiyası mövcuddurmu7
       Əlbəttə ki, yox!!!
       Gətirdiyim bu misal Azərbaycanın bütün kurort və snatoriyalarına şamil oluna bilər. Ancaq Hesablama Palatası bütün bunlara göz yumur, o cümlədən prokurorluq orqanları. Məntiqə əsaslanaraq demək olar ki, masa üzərində olan milyonlar aidiyyatı qurumlar tərəfindən dədə malı kimi bölünür. Bu isə, Azərbaycanda korrupsiyanın olmasını göz önünə gətirir.
       Həmkarlar Təşkilatı vətəndaşların hüquq və azadlıqlarının təmin və müdafiə olunması üçün yaradılan bir təşkilatdır. Təəssüflər olsun ki, cənab Səttar Möhbalıyevin “rəhbərlik” etdiyi bu qrum dövlətin, məmurların, korrupsionerlərin, rüşvətxorların, dələduzların, xalqın əmlakını mənimsəyənlərin, talayanların tərəfində dayanır. Məncə, burda məntiqə əsaslanan bir məqama diqqət yetirmək yerinə düşər. Vətəndaşların əlillik və pensiya təqaüdləri qeyri qanuni kəsilir, uşaqpulu verilmir, insanlar MTK - lar tərəfindən aldadılır, qazın, elektrik enerjisinin, suyun, nəqliyyatın qiyməti heç bir səbəb olmadan daima qaldırılır, fəhlələr əmək haqqlarını ala bilmir, torpaqlar və dəniz sahili harınlamış məmurlar tərəfindən zəbt, daha doğrusu, işğal olunur və s. Bu cür arqumet və faktları çox gətirmək olar, ancaq Həmkarlar Təşkilatı və onun “rəhbəri” cənab Səttar Möhbbalıyeb susur, dövlətə mədh yazmaqla, bəlkə də, yazdırmaqla öz yerini bərkitməyə çalışır. Uzun illər bu təşkilatın sükanı arxasında duran cənab Səttar Möhbalıyev, həm də uzun illərdir ki, Milli Məclisin deputatıdır və ona ünvanladığım müraciətlərə də cavab vermir. Yaxşı bir rəssam lazımdır ki, söylədiklərimə əsaslanaraq yaxşı bir harınlamış məmur portreti ərsəyə gətirsin, bəlkə gələcəkdə Azərbaycan tarixinə lazımlı olsun. Mənə isə heyifsilənməkdən başqa ayrı carə qalmır. Sonda fikirlərimi Məhəmməd Hadidən gətirəcəyim bir beyit şeirlə ümumiləşdirərək tamamlamaq istəyirəm. Hadi demişdir:
   Dağa dersən, eşidir, sonra verir əksi - səda,
   Daşa dönmüşlərə əks eyləmədi fəryadım.  
                                                                                                                      21.07.2021.
Veydəddin Pirəliyev.
Filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Oxşar xəbərlər