Deputat Etibar Əliyev: "Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir”

  • 18 iyul 2021, 11:14
Milli Məclisin deputatı Etibar Əliyev dövlət tərəfindən jurnalistlər üçün inşa olunan 3-cü binadakı evləri şəhid ailələrinə verməyi təklif edib.

Demokratik.Az millət vəkilinin əksər jurnalistlərdə qıcıq oyadan Feysbuk hesabındakı paylaşımını təqdim edir: 

"Media işçilərinə verilən evlər jurnalistikada keyfiyyəti artırmayıb: “Azərbaycanda jurnalistlərə iki böyük bina inşa edilərək verilib. Amma bu, jurnalistika keyfiyyətini əsla dəyişməyib. Alimlərə heç bu qədər qayğı yoxdur və üstəlik, onlar üçün tikilən binanı Akif Əlizadə və onun ətrafındakı yaxınları zəbt ediblər. İndi də deyirlər ki, jurnalistlər üçün 3-cü bina tikilir. Ay məmləkət, ölkədə demək olar ki, qəzet yoxdur, cəmi üzdə olan 5-6 sayt var. Həmin saytlar da reklam və xəbərlər dərc etməklə məşğuldurlar. Başqa adamlar üçün saytları əlçatmaz ediblər, cəmiyyətin imkanlı adamlarına çevriliblər. Analitik yazılar yoxa çıxmaq üzrədir. Müsahibə götürən jurnalisti də sonradan axtarırsan ki, niyə fikrimi təhrif etmisən? Əvvəlki binalarda ev alanların çoxu jurnalistikadan uzaqlaşıb. Jurnalist adı ilə katibələrə, sürücülərə evlər verilib. Bu sənət belə ucuzlaşdırılıb. Tanıdıqlarımın bir neçəsi oradakı evləri satıblar və bu hallar davam edir. Belə təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir”.
*****
Etibar Əliyev daha sonra, tənqid və müzakirələrin ardından aşağıdakıları xatırladıb:
Nobel mükafatı laureatı, böyük ispan yazıçısı Kamilo Xose Sela: "Jurnalist yalanın yenilik, xüsusən də yaxşı mükafatlandırılan yenilik ola bilmədiyini həmişə xatırlayaraq, hər şeydən əvvəl həqiqəti danışmalıdır. Jurnalist gerçəkliyi təhrif etməkdənsə, sussa yaxşıdır. Bu sənətin sahibləri intellektual inkişafı ruhlandırmalı, heyvani və hissi ehtiraslara yol verməməlidir. Müasir jurnalistikada kiçik istisna ilə ədəbi və qeyri-siyasi mövzulardakı düşüncə məqalələri artıq yoxa çıxmaqdadır. Nöqsanla verilmiş, ehtiras çalarlı yenilik jurnalistika janrlarının bütün zənginliyini əvəz edib. Öz fərdiliyini gizlətmək, dürüst, sadə, aydın və dilə maksimal hörmət etməklə məqalələr yazmaq jurnalistin məqsədi olmalıdır. Siyasətə qarışmağa cəhd edən jurnalist yekunda gerçəkliyi saxtalaşdırır. Jurnalist olmağa çalışan siyasətçi zalıma çevrilir, çünki jurnalistlər böyük gücə malikdirlər. Həqiqət vahid və daimi ola bilməz- həyat və onun dəyişiklikləri həddən artıq mürəkkəbdir. Nəşriyyatların və istedadsız jurnalistlərin səhv siyasəti üzündən İspaniyada 110 qəzet çıxır. Onları üç milyon nəfər oxuyur. Böyük Britaniyada isə 100 qəzet nəşr olunur, onların iyirmi bir milyon nəfər oxucusu var. Qəzetlərin oxunmamasının səbəbi televiziya və radionun auditoriyanı qoparıb alması ilə yox, jurnalistlərin pis yazması ilə bağlıdır. Məqalələr mürəkkəb və maraqsız alınır, sanki ölü dildə yazılmış olur. Oxucuya real baş verəni, ona yaxın, həqiqi xəbərləri, fərqli fikirlər doğuran mülahizələri vermək lazımdır. Qəzet jurnalistlərin balasıdır və yalnız onlar qəzetin taleyinə görə cavabdehdirlər."
Oxşar xəbərlər