Heyvanlar da insanlar kimi seksdən zövq alırmı?

  • 13 may 2021, 12:57

Biz həmişə hesab etmişik ki, insan Yer üzündə məhrəm əlaqələrdən həzz alan yeganə canlı məxluqdur, heyvanlar isə sadəcə cütləşirlər, çünki təbiətdən törəyib artmağa proqramlanıblar.


Lakin, görünür, hər şey o qədər də birmənalı deyil.

Deyirlər, seks ləzzətli şeydir. Hərçənd çətin ki, elmi ədəbiyyat oxuyub belə qənaətə gələydiniz. Yəqin ona görə ki, cinsi davranışı təsvir edən tədqiqatların əksəriyyəti təkamül nəzəriyyəsinə əsaslanır və səmimi duyğulara və emosional hisslərə əhəmiyyət vermir.

Sekslə məşğul olduğumuzu bu işin genetik irsimizi qoruyub saxlamağa xidmət etməsi ilə izah etsək, həqiqətə qarşı qəbahət etmiş olmarıq. Lakin belə olan halda, bu ən əsas sosial şövqün ötəri, təcrübi, ləzzət verən aspektləri itirilə bilər. Bu, rəsm əsərinə baxarkən rənglər spektrinin tək yarısını görmək kimidir.

Elm çoxdan və tamamilə əsaslı olaraq bu sualın cavabını axtarır: heyvanlar insanların seksual zövq almasına bənzər hər hansı bir hiss duymağa qabildirmi?

Heyvanların ümumi ləzzət duyğusuna malik olmasının tam elmi sübutları mövcuddur. Bu, nə vaxtsa pişiyi tumarlamış hər kəsə məlumdur. Psixoloqlar Jeffrey Burgdorf və Jaak Panskepp 2001-ci ildə laboratoriya siçovulların qıdıqlanmaqdan xoşu gəldiyini aşkar ediblər.


Lakin bu, cismani əyləncələrə də aiddirmi? Bunu müəyyən etmək üsullarından biri doğub törəmə ilə nəticələnə bilməyən cinsi əlaqə nümunələrinin öyrənilməsidir. Məsələn, iki və daha çox eynicinsli yaxud partnyorlardan birinin (ya hər ikisinin) hədd-buluğa çatmamış, ya da doğub törəmə mövsümündən fərqli vaxtda baş verən cinsi əlaqələr .

Məsələn, bonobo cırtdan şimpanzelər həm eynicinsli, həm də həddi-buluğa çatmış və yarımyetkin yaxud gənc fərdlərlə əlaqələri ilə məlumdur. Seksdən həzz almaq, bonobo kimi, ağbəniz kapusin meymunlarına da xasdır.

Primatoloqlar Joseph Manson, Susan Perry və Amy Parish aşkar ediblər ki, dişilərin hər iki növü, döllənmə qabiliyyətlərindən asılı olmayaraq, erkəklərlə cinsi əlaqəyə girməyə can atıblar. Başqa sözlə, onlar, hətta hamiləlik imkanında olmasalar belə, fəal seksual həyat sürüblər – məsələn, artıq hamilə olduqları vaxtda yaxud dərhal doğumdan sonrakı laktasiya dövründə. Bundan başqa, həddi-buluğa çatmış və çatmamış fərdlər arasında cinsi əlaqələrin tezliyi yaşa dolmuş iki heyvan arasında baş verdiyindən az olmayıb.


Əgər heyvanlar mayalanmaq üçün lazım olduğundan daha çox cinsi əlaqədə olurlarsa, bu da həzz almaq səbəblərinə dəlalət edə bilər. Dişi şir ovulyasiya dövründə təqribən həftə ərzində gündə 100 dəfə cütləşməyə qabildir, özü də hər dəfə bir neçə oyundaşla. Mayalanmadan doğuşa qədər yolu keçmək üçün bircə spermatozoid kifayət edərdi, lakin, görünür, aslanın dişisi heç də çoxsaylı cinsi aktlara qarşı deyil. Oxşar tezlikdə cütləşmə pumalarda və bəbirlərdə qeyd olunur. Belə ki, bəlkə bu onların xoşuna gəlir, və onlar sekslə sadəcə zövq naminə məşğul olurlar?

Məsələnin daha bir sual doğuran aspekti - heyvanların orqazm hiss etməsidir. Bu məsələ xüsusilə dişi fərdlərə dair maraqlıdır, çünki döllənmə onların orqazm yaşamaq qabiliyyətindən asılı deyil. İtalyan tədqiqatçıları Alfonso Troisi və Monica Carosi yaponiya makakalarının tədqiqi üçün 238 saat keçirərək, erkək və dişilər arasında 240 cütləşmənin şahidi olublar. Bu cütləşmələrin üçdə biri zamanı onlar dişinin orqazm reaksiyası adlandırdıqları halı müşahidə ediblər: “Dişi makaka başını döndərib oyundaşına baxaraq, əlini arxa tərə uzadıb erkəyin boynundan yapışır”.

Bir halda ki, dişi makakadan duyğularını soruşmaq mümkün deyil, onun bu hərəkətinin, hər halda müəyyən dərəcədə, qadınların hərəkətlərinə oxşarlığını ehtimal etməyə kifayət qədər əsas verir. Qismən bu onunla bağlıdır ki, bəzən makakanın davranışı ürək vurğularının tezliyinin artması və qadın uşaqlıq yolunun qeyri-iradi sıxılıb boşalması kimi fizioloji dəyişiklərlə müşayiət olunur.

Maraqlıdır ki, bu kimi reaksiyanı dişi makakalar daha çox meymunlar sürüsü iyerarxiyasında hakim mövqe tutan erkəklə cütləşəndə nümayiş etdirirlər. Bu hal tək fizioloji və cinsi ehtirasa sadə refleksiv cavab deyil, həm də sosial komponentin mövcudluğunu ehtimal etməyə əsas verir.


Heyvanlar aləmində oral seksə də (cinsiyyət orqanlarının ağız, dodaq və dillə şövqləndirilməsi) rast gəlinir. Belə hallar primatlarda, xallı kaftarlarda, keçi və qoyunlarda müşahidə olunur. Dişi bəbir və şirlər nikah mərasiminin tərkib hissəsi qismində erkəklərin cinsiyyət orqanlarını yalayır və oxşayırlar. Oral seks gödəkburun meyvə yarasaları arasında da yayılıb.

Bu ilin əvvəlində Zoo Biology dərgisi Xorvatiya qoruğunda iki erkək boz ayını müşahidə edən tədqiqatçılar tərəfindən altı il ərzində onların arasında 28 oral seks aktları qeydə alındığı barədə məqalə dərc edib.

Heyvanların bu kimi davranışını izah edən təhqiqatçılar bir çox hallarda təkamül mexanizmlərinə əsaslanır. “Heyvanların davranışı haqqında tətbiqi elm” almanaxında etoloq Jonathan Balcombe [etologiya – heyvanların təbii mühitdə davranışını öyrənən zoologiya elminin sahəsi – Red.] yazır ki, “xoşagəlməz ağrı hissi heyvanları (...) ölümlə nəticələnə biləcək səhv davranışdan çəkindirir. Eynilə ləzzət hissi heyvanları düzgün hərəkətlərə - yedirmə, cütləşmə və... soyuqdan və istidən qorunmağa sövq edir“.


Bununla belə, Balcombe hesab edir ki, alimlər heyvanların davranışını sırf təkamül prizmasından nəzərdən keçirməli deyillər. O, eyni yemlə qidalandırılan siçovulların üç gündən sonra tanış olmayan qidaya üstünlük verməyə başladıqları faktı misal gətirir. Bu modelin ən sadə izahatı siçovulların uyğunlaşma (adaptiv) davranışına meylli olması ehtimalıdır, çünki qida müxtəlifliyi onlara daha geniş spektrdə bəsləyici maddələr həzm etmək yaxud, çox mümkün ki, ehtimal olunan məhdud qida mənbəyindən həddən artıq asılılıqdan qaçınmaq imkanı verir.

Lakin, bəlkə bu həddən çox məhdud nöqteyi-nəzərdir və əslində siçovulları onlara verilən qida bezdirir və onlar yeni bir şey dadmaq istəyirlər? Yəqin hər iki izahat da ədalətlidir – bu, sizin hansı yanaşmaya üstünlük verdiyinizdən asılıdır.

Eyniliklə seksual davranış növün təkamülü və həyatda qalması üçün mübarizə əsnasında təşəkkül tapa – və eyni zamanda zövq - verə bilər. Həyatda qalıb yaşamaq üçün məhz reproduktiv qabiliyyətin son dərəcə vacibliyi səbəbindən evolyusiya törəyib artma prosesini o qədər ləzzətli edib ki, heyvanlar bununla hətta mayalanma lazım və ya mümkün olmayanda məşğul olmaq istəyirlər.

Hər şey bu qədər sadədirsə, seks sevincinin tək insanlara xas olmadığını anlamaq çətin deyil. // mənbə: Jason Goldman - BBC //

Oxşar xəbərlər