Maarif Rzayev: "Rəhmətlik Teymur müəllim də bilirdi ki, redaksiyada qeyri-peşəkar, savadsız və rüşvətxorlar at oynadır"

  • 17 mart 2021, 10:00
"Respublika" qəzetinin baş redaktoru, qocaman jurnalist Teymur Əhmədovun vəfatı ilə bağlı xəbər məni olduqca sarsıtdı. Teymur müəllimi 90-cı illərin sonlarından tanıyırdım. Daha yaxından tanışlığımız və birgə fəaliyyətimiz isə hardasa 10 ilə yaxındır. Bir ağsaqqal kimi onun məxsus olduğu müsbət keyfiyyətləri digərlərində tapa bilmirəm. 
"Respublika" qəzetində müxtəlif xarakterli və həm də səviyyəcə bir-birindən seçilən əməkdaşlar çalışır. Yaradıcı heyətin tərkibindəki hər bir insanın formalaşmasında və inkişafında Teymur Əhmədovun əməyi var. Teymur Əhmədovun rəhbərliyi altında ölkənin aparıcı media qurumlarından birində çalışdığım müddətdə onun atalıq qayğısını və isti münasibətlərini görmüşəm. 
Tez-tez mənə elmi işlə məşğul olmağı və müdafiə etməyi tövsiyə edirdi. Özü də bilirdi ki, qəzetçiliyin sonu çatıb və bu gün qəzetlər tədricən, hər sahədə olduğu kimi, dəllalların əlinə keçməkdədir. 
Söhbətlərimizin birində hətta açıq-aşkar etiraf etmişdi ki, media sferasında şəffaflıq deyilən anlam yoxdur. Bununla belə baş redaktor səhhətində problemlər yaransa belə, gecə-gündüz qəzeti düşünürdü. Bir gün də mənə dedi ki,gəl mənim köməkçim ol, burada çalış. Bu redaksiyada o qədər alçaq və şərəfsiz insanlar var ki, əslində onlardan qurtulmaq istəyirəm. Təxmini bilirdim kimlərə işarə edir. Digəl ki, məsələnin mahiyyəti barədə dərindən məlumatlı deyildim. 
Bilirdim ki, redaksiyada qeyri-peşəkar, savadsız və rüşvətxor "işbaz"lar at oynadır və Teymur Əhmədovun saflığından və sadəlövhlüyündən sui-istifadə edirlər. Zənnimcə, Teymur müəllim özü də bunları yaxşı bilirdi. Hətta redaksiyaya yeni gələrkən məni xəbərdar da etmişdi: "Hər yerdə olduğu kimi, bizdə də bir neçə "Beriyalar" tez-tez fəallaşırlar, onlardan özünü qoru!". 
Bütün deyilənlər tədricən özünü doğrultmağa başlamışdı.
Bəzən elə olurdu ki, göndərdiyim yazılar ya ümumiyyətlə dərc edilmirdi, ya da günlərlə mətbəədə qalaraq aktuallığını itirirdi. 
Ağsaqqala şikayət etsəm də, faydası olmurdu. Onu da eşidən yox idi...
Beləcə, "Respublika"mənimçün yadlaşmağa başladı. Teymur müəllimin yaşlı olmasından və son vaxtlar idarəçiliyi boş buraxmasından istifadə edənlər qəzetin səhifələrində bayağı,saxta məlumatlarla dolu və oxucunu aldadan  təriflər dərc etməyə başladılar. Məqsəd və məram bəlli idi. Qəzeti oxucu gözündən salmaq və Teymur müəllimə quyu qazmaq.
TEYMUR ƏHMƏDOVUN "BU GÜNÜNÜ" GÖZLƏYƏNLƏR ..
Nəhəng insanı da yıxmaq, vəzifə kürsüsündən "atmaq" olar. Vəzifə heç vaxt əbədi olmayıb. Amma bu fikirlər Teymur Əhmədova aid deyil. O, son günlərinədək "Respublika" qəzetinə rəhbərlik etdi və heç bir qüvvə onu "endirməyə" müvəffəq ola bilmədi. Çünki onun mayası təmiz idi, çünki hər cür yaltaqlıqdan, riyakar və ikiüzlülükdən uzaq idi. Çünki o həqiqətən nəhəng idi. Ahıl yaşlarında eyni vaxtda ən məsuliyyətli vəzifələri öhdəsinə götürmək hər kişinin işi deyil. Gah redaksiyada, gah Milli Elmlər Akademiyasında və s. durmadan çalışırdı. Onun işgüzarlığına həsəd aparmaq olardı. O, qəzetçiliyə o qədər bağlı idi ki, sanki "Respublika" həyatının bir parçasıydı...
91 yaşlı redaktorun oturduğu otağa baxmaq yetər ki, onun media fəaliyyətinə lazımı qiymət verəsən. Teymur Əhmədovun iş otağı başdan-başa qəzet və jurnallarla, kitablarla sanki "aşıb-daşırdı", hələ redaksiyaya kütləvi gətirilən müxtəlif səpkidə əlyazmaları və materialları demirəm.Başqası olsaydı bu otaqda özünə komfort şərait qurar, artıq "maklaturanı" yır-yığış edərdi. Professor Teymur Əhmədov bunu edə bilməzdi, o,bunu bacarmazdı... 
Bəli, hər bir görünən kitab və qəzet onunçün dəyərli idi və mütləq iş otağında olmalıydı. Onun nəhəngliyi bir də sadəliyindən irəli gəlirdi. İstədiyin problemi və sözünü ona demək olardı və tövsiyə ala bilərdin, heç vaxt səni nagüman qoymazdı, bacardığı köməyi əsirgəməzdi... 
Teymur Əhmədovla bağlı o qədər xatirələr var ki, yazmaqla qurtarmaz. Təəssüf hissi ilə deməliyəm ki, bəziləri onun "bu gününün"intizarında idi. 
Bu ağır gündə həssas mövzuya toxunmaq istəməzdim. Hesab edirəm ki, heç kim, heç ölüm də sevinməməlidir. 
Teymur Əhmədov Azərbaycan dövlətçiliyi yolunda şərəflə çalışmış böyük şəxsiyyətdir. İndidən sonra nə qədər yeni teymurlar yetişəcək, yəqin. Amma onun yerini heç kəs doldura bilməyəcək.
Allah ustadımıza rəhmət eləsin, qəbri nurla dolsun!
"Respublika" qəzetinin bölgə müxbiri - Maarif Rzayev
Demokratik.Az
Oxşar xəbərlər