Peyvəndlə əlaqədar informasiya qarma-qarışıqlığı - Faktlar

  • 14 mart 2021, 00:20
Nüfuzlu xarici kütləvi informasiya vasitəsi “AstraZeneka” vaksininin ciddi yan təsirləri haqqında məlumatlar ortaya çıxdıqdan sonra bir sıra ölkələrdə - İslandiya, Norveç, Danimarka və İtaliyada bu vaksinin tətbiqinin dayandırıldığı barədə məlumat yayıb.
Bununla əlaqədar TƏBİB-dən yaranmış vəziyyəti necə qiymətləndirdikləri və hansı addımları atmağı planlaşdırdıqları barədə məlumat almağa çalışdıq.
TƏBİB-in mətbuatla, ya da ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Turan-ın müxbirindən təşkilata rəsmi qaydada yazılı müraciət etməyi tələb edib. Təşkilatın saytında ictimaiyyətlə və mətbuatla əlaqələr bölməsinə keçid yoxdur. MEDİA bölməsi var, amma bu bölmə də jurnalistlərlə ünsiyyət üçün deyil.
Heç bir qanunda və ya normativ aktda jurnalistlərin mütləq yazılı müraciəti barədə tələb yoxdur və təəssüf ki, dövlət qurumları cavabdan yayınmaq üçün bu cür hiylələrə tez-tez əl atır.
Turan Agentliyinin direktoru Mehman Əliyev özü məlumat almağa çalışıb. Maraqlı olub. O, https://its.gov.az/ saytına daxil olub, https://its.gov.az/page/elektron-muraciet vətəndaşlar üçün müraciət bölməsindən ümumi qaydada informasiya sorğusu göndərib. Mətbuat üçün xüsusi bölmə yoxdur.
[email protected] ünvanından (saytda bu e-mail yazılmayıb) məktub alıb. [email protected] (saytda bu e-mail də yoxdur) ünvanına, 012 310 17 70 nömrəsinə müraciət etməyi məsləhət görüblər. Direktor bu ünvana məktub göndərib. Zəng edib. Amma dəstəyi qaldıran olmayıb.
1542 qaynar xəttinə zəng etməyə çalışıb. Zəng edənlər növbəsində 14-cü olub. Robot xəbərdarlıq edib ki, 30 dəqiqə gözləmək lazımdır. Sonda alacağı cavab qeyri-müəyyən olan virtual növbədə gözləmək istəməyib.
TƏBİB məmurlarına belə bir sualımız var: Siz özünüz 30 dəqiqə cavab gözləyərdiniz? Yüksək qəbulunuza düşə bilmək üçün növbəyə düzülmək məcburiyyətində qoyduğunuz vətəndaşlardan utanmırsınız?
Gün keçdi. Cavab gəlmədi. Kütləvi İnformasiya Vasitələri haqqında Qanunda məmurlara jurnalistlərə cavab vermək üçün ayrılan maksimum müddət 24 saatdır. Belə sadə suala isə operativ və tam cavab verilməli idi. Qanun bunu tələb edir.
Təsvir edilən vəziyyətdən göründüyü qədər, TƏBİB-i tamamilə qeyri-şəffaf təşkilat adlandırmaq olar. Saytın strukturu və məzmunu və ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə belə pis əlaqə bunun açıq-aşkar təsdiqidir.
“Bu yanaşma jurnalistlərin informasiya əldə etmək hüququnu kobud şəkildə məhdudlaşdırır və pozur, deyir Əliyev. – Ümid edirik ki, insan hüquqları üzrə ombudsman və eyni zamanda informasiya ombudsmanı olan Səbinə Əliyeva TƏBİB-in informasiya sahəsində fəaliyyətinə diqqət yetirəcək və ictimaiyyət və kütləvi informasiya vasitələri qarşısında bağlılıq siyasətinin açıqlıq istiqamətində dəyişməsi üzrə tədbirlər görəcək”.
Direktor bildirib ki, TƏBİB məmurlarının jurnalistlərə və onların peşəkar əməyinə hörmətlə yanaşmasına nail olmağa çalışacaq.
“TƏBİB-dən informasiya sorğusuna cavab gözləyirəm. Əks halda cavaba məhkəmə qaydasında nail olacağam”, deyə Turan Agentliyinin direktoru Mehman Əliyev bildirib. 
Oxşar xəbərlər