Nüfuzlu universitetlərin siyahısı açıqlandı - niyə yenə orada yoxuq?

  • 10 fev 2021, 09:32
“Academic Ranking of World Universities” (ARWU) dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb. Dünyanın ən yaxşı 500 universiteti sırasında ABŞ-ın 137, Çinin 66 ali təhsil ocağı yer alır. Səudiyyə Ərəbistanından 4 universitet “500-lük”ə düşüb. Türkiyədən isə ilk “500-lük”ə cəmi 1 ali məktəb - İstanbul Universiteti daxil edilib. İran siyahıya 3 universitetlə daxil olub.
ARWU-nun hazırladığı bu siyahıda yenə də Azərbaycan universitetləri yer ala bilməyib? Bəs səbəb nədir? 
Professor Saleh Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bir müddət bundan əvvəl dünya azərbaycanlılarının universitetlərinin reytinqi haqda araşdırma apardım. Bu reytinq cədvəlinə bir neçə ölkədə fəaliyyət göstərən azərbaycanlıların qurduğu universitetləri daxil etməyə çalışdım. Universitetlərin çoxu Cənubi Azərbaycanda (İran) yerləşir, ikinci yeri müstəqil Azərbaycan tutur. Üç universitet Türkiyə ərazisində, biri İraq  biri isə Rusiya Federasiyası ərazisində yerləşir. Ümumiyyətlə, Azərbaycan universitetləri dünyanın müasir inkişaf səviyyəsinə cavab verməkdən çox uzaqdır.  50 milyonluq bir xalqın birinci minliyə düşən bir dənə olsun belə universiteti yoxdur. İlk yeri tutan Təbriz Universiteti yalnız 30 min dünya universitetləri içərisində 1277-ci yeri tutur. Dünya miqyasında yüksək texnologiyaların sürətli inkişafı, rəqəmsal dünyaya keçidin təmin olunması, bununla əlaqədar olaraq fiziki sərhədlərin aradan qaldırılması bu böyük potensialdan xalq naminə istifadə etməyə imkan verir. Lakin həm bu potensialdan istifadə olunmur, həm də əsas açar mərkəz olan müstəqil Azərbaycanda təhsil və elmdə nisbi geriləmə daha sürətlə davam edir və vəziyyəti daha ciddi gərginləşdirir”.
Saleh Məmmədov ile ilgili görsel sonucu
Saleh Məmmədov: “Bu gün Azərbaycanın elm xərcləri sovet dövründən 2 dəfəyə yaxın azdır”
Professor qeyd edib ki, sovet Azərbaycanı universitetləri müstəqillik dövrünə nisbətən daha güclü olub: “Sovet sisteminin tərkibində Azərbaycan universitetləri nisbi olaraq daha yüksək reytinqə malik idilər. UNESKO-nun məlumatlarına görə, keçən əsrin 60-70-ci illərində sovet təhsil sistemi dünya ölkələrinin reytinq cədvəlində 3-5-ci yerləri bölüşdürürdü. Yəni ən zəif variantda sovet universitetləri birinci yüzlükdə özünə ciddi yer etmişdilər. Azərbaycan universitetləri nə qədər zəif olsa da, SSRİ məkanının yüksək təsiri nəticəsində dünya üzrə birinci beşyüzlükdə əsaslı yer tutmuşdular: BDU, AZİ... Cənubi Azərbaycan, Türkiyədə və İraqdakı Azərbaycan universitetləri dünya reytinq cədvəlində sovet Azərbaycanı universitetlərindən dəfələrlə geri qalırdı. Lakin bu gün, məsələn, Təbriz Universiteti Azərbaycan universitetlərini xeyli geridə qoyub.
Beləliklə, müstəqillik əldə etdikdən sonra bu ənənə nəinki inkişaf etdirilmədi, tam əksinə, təhsilin inkişafına diqqət azaldıldı, elm, ümumiyyətlə, sıradan çıxarıldı, yəni faktiki olaraq sıfırlandı. Bu gün Azərbaycanın elm xərcləri mütləq rəqəmlərlə 1985-ci il sovet Azərbaycanının elm xərclərindən 2 dəfəyə yaxın, ÜDM-də pay üzrə isə 10 dəfə azdır. Əgər 1985-ci ildə Azərbaycan alimləri ildə 1300-1500 patent təqdim edirdisə, bu gün bu rəqəmlər 10 dəfə azdır. Elm və təhsil bugünkü qədər böyük önəm daşımamışdır və ya elmsiz müstəqil yaşamaq sadəcə mümkün deyil".
Təhsil eksperti Kamran Əsədov isə  xatırlatdı ki, hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir: “Bu təhsil ocaqlarında 165 minə yaxın tələbə təhsil alır. Hər il qəbul planı yerinin 40 minə yaxın olduğunu nəzərə alsaq, təəssüf ki, ali məktəblər qəbul etdikləri tələbələri peşəkar kadr kimi hazırlaya bilmirlər. Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fəaliyyət göstərən 50-yə yaxın ali təhsil müəssisəsində sadalananlar yoxdur. Yataqxanası olan universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Ona görə də bu xüsusiyyət üçün bal almaq göstəricisi aşağıdır. Digər səbəb isə universitetlərdə çalışan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namizədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları elmi sahələrin, elmi mövzuların dünya əhəmiyyətli olmamasıdır. Yəni bizim elmi işlərimizə müraciətin çox aşağı səviyyədə olmasıdır. Çünki Azərbaycanda elmi-tədqiqat işlərinin çox hissəsi lokal xarakter daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır”.
Kamran Əsədov ile ilgili görsel sonucu
Kamran Əsədov qeyd edib ki, digər səbəblərdən biri də universitetlərə xarici tələbə axınının az sayda olması ilə bağlıdır: “Məsələn, Sinqapurda oxuyan xarici tələbələrin sayı 80 min nəfərdir. Azərbaycanda isə 54 ali təhsil müəssisəsinə oxumağa gələn xarici tələbələrin sayı 2 min nəfərdir. Təəssüf ki, bizim bəzi universitetlərin idarəçiliyi kolxoz idarəçiliyindən o tərəfə getmir. Yəni bəzi universitetlərin rektoru təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Onlar universitetlərin beynəlxalq reytinq siyahısına düşməsində, yaxud hansısa elmi tədqiqatların aparılmasında maraqlı deyillər. Özəl universitetlərin əksəriyyətində isə qapıçıdan tutmuş xadiməyə qədər hamısı qohumlarıdır. Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir. Hətta bəzilərinin heç kitabxanası da yoxdur. Ölkədəki universitetlərin hansısa reytinqin 500-lüyünə düşməməsi biabırçılıqdır. Əksər rektorlar bunda maraqlı deyil. Əgər universitetlər dövlət büdcəsindən maliyyə almayıb öz şəxsi hesabına dolansa, gələcəkdə nüfuz qazana bilərlər. Qeyd etdiyim kimi, dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqinin tərtib olunmasında bir neçə meyarı - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payını nəzərə alır. Hesab edirəm ki, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır. Artıq müasir dövrün ali məktəbi, müasir universitet tendensiyası, müasir çağırışlar fərqlidir. İndi dünya universitetləri özləri pul qazanır, böyük büdcəyə sahibdirlər. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalırlar”.
Ekspert ölkədə ali təhsil pilləsində ciddi şəkildə islahatların həyata keçirilməsinin zəruri olduğunu vurğuladı: “Müasir təhsili bilən, dünya təhsilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar. Ölkəmizin ali təhsil ocaqlarının səviyyəsi artıq beynəlxalq qurumlar, xarici təşkilatlar səviyyəsində də fəal şəkildə qiymətləndirilir. Son illər dünyada müxtəlif kateqoriyalar üzrə ali məktəblərin reytinqinin müəyyən edilməsi çox populyarlaşıb. Xüsusən, inkişaf etmiş ölkələrdə bu tədqiqat daha çox aktualdır. Eyni zamanda bir sıra beynəlxalq təşkilatlar hər il universitetlərin beynəlxalq reytinqini hazırlayır. Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri ”Webometrics" təşkilatıdır. “Webometrics” reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim-tələbə nisbəti, elmi nəşrlər və xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır. “Webometrics” təşkilatının son 2019-2020-cı il dünya reytinq cədvəlində Azərbaycandan ilk 10 min nüfuzlu universitet siyahısına yalnız 3 ali məktəb yer alıb. ADA və Xəzər universitetləri reytinq cədvəlində 6051-10.000 aralığında yerləşib. Bu iki ali məktəbdən başqa üçüncü Azərbaycan ali məktəbi - Bakı Dövlət Universiteti isə bir qədər aşağıda qərarlaşıb. BDU-nun tutduğu yer «10.001+» - yəni 10 mininci  yerdən sonradır. Onu da qeyd edək ki, ali məktəb reytinqləri ilə bu sahədə ixtisaslaşmış ümumdünya təşkilatları məşğul olur. Onlar ali məktəbin səviyyəsini çox müxtəlif və mühüm göstəricilərə görə müəyyən edirlər, ali məktəbin təhsil prosesini nə dərəcədə ciddi apardığını araşdırırlar.
Son illər Dövlət İmtahan Mərkəzi də Azərbaycan ali məktəblərinin reytinq cədvəlini elan edir. Lakin DİM-in elan etdiyi reytinq, sadəcə, cari ildə aparılan qəbul kampaniyasına əsaslanır, qəbul imtahanlarının nəticələrinə görə bir sıralamadır, ali məktəblərin hərtərəfli və tam fəaliyyətini göstərən reytinq deyil. Sadə həqiqətdir ki, tələbənin oxuduğu ali məktəbdə aldığı təhsilin səviyyəsi onun ali məktəbə hansı balla qəbul olmasından daha vacibdir. Nisbətən az balla qəbul olub yaxşı təhsil alan tələbə yüksək balla qəbul olub, zəif təhsil alan tələbə ilə müqayisədə daha səviyyəli məzun kimi yetişir.
Odur ki, ali məktəblərin reytinqi qəbul kampaniyasının nəticələrinə əsaslanmamalı, ali məktəblərin hərtərəfli və tam fəaliyyətini əks etdirən meyarlar əsasında aparılmalıdır. Reytinq siyahısı formalaşan zaman aparılan tədqiqatlar ali məktəblərdə bir sıra problemlərin mövcudluğunu üzə çıxarır. Ona görə də universitetlərdə keyfiyyətin yüksəldilməsi ilə bağlı hələ çox iş görülməlidir".
Təhsil ekspertinin sözlərinə görə, ölkədə universitetlərin beynəlxalq əməkdaşlığının səviyyəsi də yüksək deyil: “Hesab edirəm ki, bu əməkdaşlıq adətən müxtəlif ölkələrin universitetlərinin rektorlarının Azərbaycana səfəri zamanı əməkdaşlıq haqda müqavilənın imzalanmasından uzağa getmir. Apardığım araşdırmalara əsasən əminliklə deyə bilərəm ki, universitetlərimizin müəllim, tələbə mübadiləsi yox səviyyəsindədir. Universitet rəhbərləri bunu maliyyə vəsaitinin çatışmazlığı, normal yataqxanaların olmaması ilə əlaqələndirsələr də, apardığım araşdırmalar göstərir ki, onlar, sadəcə, bu istiqamətdə vəsait xərcləməyi istəmirlər. Bəzi ali məktəb rəhbərləri fikirləşirlər ki, beynəlxalq əlaqə üçün yalnız onların özlərinin səfərləri kifayətdir. Bundan başqa, universitetlərin əksəriyyətinin elmi-tədqiqat göstəriciləri çox aşağıdır. Xaricdə nəşr olunmuş məqalələr, konfranslarda iştirak kifayət qədər deyil. Elmi-tədqiqat üçün ayrılan vəsait çox zaman heç bir elmi nəticəsi, effektivliyi olmayan laboratoriyaların əməkdaşlarına əmək haqqı kimi ödənilir, xaricdə məqalələri nəşr olunan alimlər stimullaşdırılmır, beynəlxalq konfranslarda iştirak isə yenə də bir nəfərin - rektorun qərarından asılıdır. Bu məsələdə də - universitet alimlərinin beynəlxalq tədbirlərdə universitetin maliyyəsi hesabına iştirakını təmin etmək üçün yeni mexanizmlər tətbiq edilməlidir”. /musavat.com/
Oxşar xəbərlər