8 FEVRAL - Bugün tarixdə nələr baş verib?

  • 08 fev 2021, 08:22

Tarixin bu günü - yəni 8 fevralda da dünya üçün nələrsə baş verib, bu təqvimdə kimlərsə dünyaya göz açıb və sair... 

Qısaca nəzər salaq.

1575-ci ildə Leyden şəhərində Müqəddəs Barbara qadın monastrının köhnə binasında Hollandiyanın ilk universiteti açılıb. Bu ali məktəbin təsis hüququ şəhər sakinlərinə İspaniya hökmranlığına qarşı mübarizədə göstərdikləri qəhrəmanlığa görə şahzadə Vilhelm Oranski tərəfindən verilib. Azadlıq hərəkatına başçılıq edən şahzadə şəhər sakinlərinə 2 əhəmiyyətli təklif edib: ya universitet açılması, ya da onların uzun müddət vergidən azad olunması. Leydenlilər universitetin yaradılmasını seçirlər.
***
1587-ci ildə Şotlandiya kraliçası Mariya Stüart edam edilmişdir. Mariya 1558-ci ildə hələ 16 yaşında ikən Fransa taxtının vəliəhdi Fransisklə evlənib. II Fransiskin 1559-cu ildə taxta çıxması ilə gənc Mariya Fransa kraliçası elan olunub və ərinin ölümünə qədər bu ünvanı daşıyıb. Sonralar təqribən 18 illik həbs həyatının ardından Mariya Stüart I Elizabetə sui-qəsd təşkil etməklə təqsirləndirildi və ardından 8 fevral 1587 tarixində edama məhkum edilib.  
***
1672-ci lin bu günündə ingilis fizik İsaak Nyuton "İşığın təbiəti haqqında" tədqiqatını açıqlamışdır.
***
1806-cı ilin 8 fevralı çar generalı Pavel Sisianov Bakının Rusiya tərkibinə ilhaqı üçün İçərişəhərin qala qapıları qarşısında Bakı xanı Hüseynqulu xanla görüşə gəlib. Burada Bakı xanının qalanın açarlarını ona təqdim edəcəyi gözlənilirdi. General açarları alan anda Hüseynqulu xanın yaxın adamlarından biri olan İbrahim xan Sisianovu qətlə yetirib.
*** 
1828-ci il fevralın 8-də Rusiya qoşunları Ərdəbili işğal etmişdir.
***                                       
1904-cü ilin 8 fevralı Yaponiyanın Çinin Port Artur (Port Arthur) limanına qəfil hücumu və Rusiya donanmasını məhv etməsilə 2 il sürən Rusiya-Yaponiya müharibəsi başladı.
***
1907-ci ilin 8 fevralında İranda Milli Məclisə seçilmiş Cənubi Azərbaycan nümayəndələri Tehran əhalisi tərəfindən təntənə ilə qarşılandı.
***
1921-ci ilin 8 fevralı Türkiyə Böyük Millət Məclisi Antep şəhərinə Qurtuluş Savaşında Fransa hərbi birliklərinə göstərdiyi qəhrəmancasına müqavimətinə görə “Qazi” adını verən qanunu qəbul etdi. O gündən şəhər Gaziantep adlanır.
***
1922-ci ilin 8 fevralı ABŞ prezidenti Uorren Q.Hardinq (Warren G.Harding) Ağ Evdə ilk radionu təqdim etdi.
***
1935-ci ilin 8 fevralı Türkiyənin parlament seçkilərində ilk dəfə olaraq qadınlar seçildi və 18 qadın millət vəkili oldu.
***
1963-cü ilin 8 fevralı İraqda Əbdusselam Arifin başçılığı ilə “Baas” hərbçiləri hakimiyyəti ələ keçirdilər və Baş nazir Qasımı öldürdülər.
***
1994-cü ilin 8 fevralı — Ukrayna NATO ilə "Əməkdaşlığa dair çərçivə sazişi" imzalamışdır.
*** 
8 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Məhşur Fransa yazıçısı, elmi-fantastik roman janrının banisi Jül Vern 1828-ci ilin 8 fevralında anadan olub. Ədəbi fəaliyyətə 21 yaşından (1849) başlayan yazıçı “5 həftə hava şarında” adlı ilk romanı ilə rəğbət qazanıb. “Kapitan Qrantın uşaqları”, “80 min kilometr su altında”, “Sirli ada”, “15 yaşlı kapitan”, “Klaudio Bombarnakın səyahəti” və başqa romanları isə onadaha böyük şöhrət qazandırıb.
Qeyd edək ki, Jül Vernin əsərlərində yer alan fantaziyaların 80 faizindən çoxu artıq gerşəkləşib. (1828-1905)
***
Məhşur Rusiya kimyaçısı, pedaqoq və ictimai xadim Dmitri Mendeleyev 1834-cü ilin 8 fevralında dünyaya gəlib. D.Mendeleyev kimyəvi birləşmələrin tərkibi, fiziki xassələri və formaları arasındakı əlaqə ilə bağlı uzun illər ardıcıl axtarışlar aparıb və nəticədə elementlərin dövri sistemi cədvəlini hazırlayıb. Neftin qeyri-üzvi mənşəyi haqqında fikir irəli sürüb, ondan təkcə yanacaq deyil, həm də qiymətli kimyəvi xammal kimi istifadə edilməsinin zəruriliyini göstərib. Bununla əlaqədar o, 6 dəfə Amerika Birləşmiş Ştatlarında və Azərbaycanda olub. Paytaxt Bakıda neft itkilərini azaltmaq üçün mədəndən neftayırma zavoduna və oradan dəniz körpüsünə qədər neft kəməri çəkmək, kerosini Rusiyaya xüsusi gəmilərlə daşımaq kimi konkret təkliflər verib. (1834-1907)
***
Atatürkün mənəvi qızı və Türkiyənin ilk qadın döyüş təyyarəsi pilotu Sabiha Gökçen 1951-ci ilin 8 fevralında pilot olaraq Koreya müharibəsində iştirak etmək üçün müraciət edib. Onun bu təşəbbüsü nəinki Türkiyə, Qərb mətbuatında da geniş əks-səda yaradıb. Amma bu müraciət ABŞ ordusunda qadın pilot olmadığı üçün qəbul edilməyib.
Qeyd edək ki, Sabiha Gökçen Türkiyə və dünyada ilk qadın döyüş təyyarəsi pilotu sayılır.
Oxşar xəbərlər