Yeni “Windows” sisteminin buraxılış tarixi açıqlanıb

  • 02 fev 2021, 20:18
“Windows 10” əməliyyat sisteminin növbəti böyük yeniləməsi iyunda buraxılacaq.
AZƏRTAC “Windows Latest” nəşrinə istinadla xəbər verir ki, jurnalistlər tərəfindən əməliyyat sisteminin yeni versiyasının buraxılış tarixi “Chromium” layihəsinin saytında aşkarlanıb. “Microsoft” korporasiyasının məlumatına görə, əməliyyat sisteminin buraxılışı iyunda gözlənilir. Müəlliflərin sözlərinə görə, “Windows 10 21H1” yeniləməsində böyük yeniliklər olmayacaq və sistemin işinin keyfiyyətinin yaxşılaşdırılmasına və səhvlərin aradan qaldırılmasına həsr olunacaq.
Məlumata görə, açıqlanan sistem yeniləməsi tərtibatçılar üçün yeni əlavələrin proqramlaşdırma interfeysi (Application Programming Interface – API) ilə təchiz ediləcək. Bundan başqa, “Microsoft” proqramçıları “Kernel Transaction Manager” (KTM) tranzaksiya dispetçer nüvəsindəki təhlükəli boşluğu aradan qaldırmaq niyyətindədirlər. “Windows 10 21H1” yeniləməsi üzərində işə fevralda başlamaq nəzərdə tutulur. Tərtibatçılar isə əməliyyat sisteminin beta versiyasından mayda istifadə edə biləcəklər.
Jurnalistlər qeyd ediblər ki, ABŞ korporasiyası tərəfindən əməliyyat sistemi üçün böyük yeniləmə adətən yazın sonunda təqdim olunur. Məsələn, “Windows 10” sisteminin 1903 və 2004 versiyaları mayın sonuncu həftəsində buraxılıb.
Bir müddət əvvəl məlum olub ki, “Microsoft” tərəfindən mart-iyunda “Windows 10X” – əməliyyat sisteminin zəif məhsuldarlığa malik kompüterlər üçün xüsusi versiyası buraxılacaq. Gələcəkdə iki ekranlı qurğular üçün xüsusi “10X” versiyasının təqdim olunması planlaşdırılır.
Oxşar xəbərlər