Eynulla Fətullayevin yazısı: Zəngilanı axtarıb tapmaq və Laçına qədər gedib çıxmaq...

  • 12 dek 2020, 14:50
Eynulla Fətullayev
Hadrutda “Azercell” mobil rabitə operatorunun əməkdaşının öldürülməsi xəbəri məni Qarabağın o biri ucunda-Zəngilanda haqladı. Atəşkəsin pozulması, Azərbaycan əsgərlərinə hücumların artması xəbərləri kimi. Doğrudanmı ermənilər Qarabağ dağlarına və müşə massivlərinə adaptasiya olaraq terrorçuluq müharibəsinin metodları ilə partizanlıq etməyə başlayıblar? Bu narahat düşüncələr Zəngilanın şərti sayıla biləcək mərkəzində barıt iyini hiss edəndə daha da artdı. Azərbaycanın Ermənistanla bütün dövlət sərhədi boyu ağrılı demarkasiya prosesi gedir. Sadə sxemlə-dövlət SSRİ dövründə müəyyən edilmiş sərhədlərinə yerləşir. Əbədi Azərbaycan-Ermənistan mübahisəsində sadə və ədalətli həll yoludur. Lakin necə deyərlər, hər kəs ədalətli olmaq istəyir, amma bu hamıya nəsib olmur. Və ya Vladimir Putinin Qarabağ müharibəsinin ilk günlərində əmin etdiyi kimi, hərənin öz həqiqəti var.  Ancaq haqq, məlum olduğu kimi, həmişə ədalətdən üstündür...
Oxucuları, xüsusən də məğrur zəngilanlıları şəhərin mərkəzi hissəsinin şərti olması barədə qeyd kədərləndirə bilər, lakin 27 illik amansız erməni işğalı bir vaxtlar sovet dövrünün abad, yaraşıqlı şəhəri olan Zəngilanı, bu gözəl güşəni yer üzündən silib. Şəhərin yeni komendantı, Zəngilan polisinin rəisi, polkovnik-leytenant Bəkir Cabbarovla birlikdə şəhərin xarabalıqlarının yanından keçirik.

Bir vaxtlar Zəngilanın mərkəzində çoxmərtəbəli binalar ucalırdı. Talayıblar, dağıdıblar, yer üzündən siliblər...
“Daha siz mühacirətdəki polis rəisi deyilsiniz”,-qaş-qabaqlı komendantın bir az kefini açmaq istəyirəm. Zəngilan sakininə şəhərin komendantı ranqında yer üzündən silinmiş doğma evinə qayıtmaqdan ağır heç nə yoxdur. “Burada mənim bütün gəncliyim və uşaqlığım keçib. Onlar bizim bütün keçmişimizi siliblər”,-Bəkir Cabbarov xarabalıqları göstərir. Və onun gözləri dolub.
Bir aydan bir az çox vaxt ərzində komendant vandalların yandırdığı və dağıtdığı şəhərin dirçəldilməsi üçün az iş görməyib. Ağlasığmazdır-amma bu vaxt ərzində komendant rajat və xarabalıqların fonunda hətta dədəbəli görünən otaq-kabinet, polis əməkdaşları və Daxili Qoşunların xüsusi bölmələri üçün rahat kazarma yaradıb. Küllərdən doğulan Zəngilanın polis idarəsi indi burada salamat qalmış yeganə binada-erməni diasporunun pulları hesabına işğalçıların qanunsuz köçürülən suriyalı ermənilər üçün tikdiyi uşaq bağçasında yerləşir. Axı son illərdə Yerevan Cənubi Zəngəzurun məskunlaşdırılması üçün fəal siyasət aparırdı.

Azərbaycan polisi suriyalı ermənilər üçün tikilmiş bu kiçik uşaq bağçasında yerləşib
Məsələnin tarixçəsi
Desovetləşmədən sonra milli hisslərin yüksəlişi fonunda ikinci Azərbaycan respublikasının irsinin inkar edilməsi və trivial sadələşdirilməsi, tarixşünaslığın siyasiləşməsi metodunu əsas götürərək ikinci Respublikanın əsasını qoyan Nəriman Nərimanovun tarixdəki yerinin və rolunun təftiş edilməsi kampaniyası başlamışdı. Şübhəsiz ki, doğmalar arasında yada çevrilən, bolşeviklər tərəfindən milliyətçilikdə günahlandırılan Nəriman Nərimanovun faciəli taleyi marksizm və sosialist inqiabı epoxası dövründə mövcud olan beynəlxalq və regional situasiyadan ayrılıqda nəzərdən keçirilə bilməz. Lakin ikinci Respublikanın qurucu-atasının böyük xidmətlərindən biri də “Ararat respublikası”-gələcək sovet Ermənistanı ilə ərazi mübahisəsini Azərbaycanın maraqları və tarixi ədalət əsasında yoluna qoyması idi. Dağlıq Qarabağdakı ermənilərə mədəni-milli hüquqların verilməsini nəzərdə tutan və mərkəzi Şuşada yerləşən muxtar vilayətin (gələcək Dağlıq Qarabağ Muxtar Vilayəti ilə qarışdırmamaq xahiş olunur) statusu, habelə tarixi Moskva razılaşmasının və Qars müqaviləsinin imzalanması erməni ekspansionizmini Azərbaycanın ərazilərini ələ keçirmək uğrunda mübarizədə hüquqi bazadan məhrum etmişdi.

Şuşadakı ilk azərbaycanlı-erməni toqquşmalarından yüz ildən də çox vaxt keçir...
Lakin milliyətçi meylli tarixçilər Nərimanovu Azərbaycanın digər tarixi vilayətini-Zəngəzuru ermənilərə verməkdə ittiham etməyə başladılar. Sovetləşməyə qədər Qaregin Njdenin quldur dəstələri vilayətin şimal hissəsində azərbaycanlıların etnik təmizləməsini həyata keçirə bilmişdi. Lakin azərbaycanlılar Zəngəzurun cənubunu əldə saxlaya bilmişdilər və bu da vilayətin bölünməsinin əsasını yaratdı-şimali Zəngəzur Ermənistanın tərkibinə daxil oldu, cənubu isə Azərbaycanda qaldı. Yəni Nərimanov erməni millətçilərinin Qarayev-Hüseynov-Musabəyov üçlüyü qismində Bakıdakı milli-satqınlarla əlbir olduğu bir vaxtda ağlasığmaz nailiyyət əldə etdi, Zəngəzurun cənubunu qoruya bildi. Zəngilan, Qubadlı və Laçın rayonları Zəngəzur qəzasının cənubunu təşkil etdi.
Zəngilan, Qubadlı və Laçının “miatsumu”
Əgər işğalın ilk dövrlərində Yerevanın siyasətində Zəngəzurun cənubu Dağlıq Qarabağ separatçı regionu ətrafındakı  “təhlükəsizlik zolağı” qismində nəzərdən keçirilirdisə və bu haqda erməni siyasətçiləri açıq danışırdılarsa, Qarabağ münaqişəsinin dondurulmuş münaqişə formatına keçməsindən sonra erməni milli elitası Zəngəzurun bu hissəsinin birdəfılik qoparılması və Ermənistana birləşdirilməsi planlarını qurmağa başladı. İşğalçılıq siyasətində hədəflərin dəyişməsi erməni hakimiyyətinin Zəngilan, Qubadlı və Laçındakı məntiqsiz hərəkətlərini izah edir. 90-cı illərin sonlarında və 2000-ci illərin əvvəllərində işğalçı hakimiyyət tələm-tələsik və tamamilə talançı obrazında bu iri rayonlarn infrastrukturunu dağıtdı və “qənimət metallomu” qismində qonşu İrana satdı. Yeri gəlmişkən son onilliyin əvvəllərindən başlayaraq Serj Sərkisyanın hakimiyyəti dövründə Ermənistan Suriyadakı münaqişənin qızışmasından istifadə edərək dünya erməniliyinin dəstəi ilə Hələbdən, Qamışlıdan və digər şəhərlərdən erməniləri həmin vaxtlar boş olan cənubi Zəngəzura köçürməyə başladı.
Ağdamda və hətta yaxınlıqdakı Cəbrayılda deyil, məhz Zəngilanda, Qubadlıda və Laçında ilk qanunsuz köçürülənlər üçün evlərin tikintisi başlad. Sual olunur-köhnə infrastrukturu dağıdıb sonra yenisini tikmək nəyə lazım idi? Əlbətdə ki, burada korrupsiya amili başlıca rol oynayırdı, amma əsas səbəb deyildi. Erməni siyasi elitası əvvəcə Qarabağın dağlıq hissəsinin ətrafındakı işğal edilmiş ərazilərin ilhaqına dair planlar qurmurdu. Əldə saxlamağa çalışırdılar, udmağa deyil. Suriya münaqişəsinin qızışması ilə bir vaxtda onların iştahı böyüdü və siyasi absorbasiya planları qurmağa başladılar. Xüsusən də ona görə ki, Ermənistanda İkinci Dünya müharibəsindən sonra suriyalı ermənilərin “Stalin repatriasiyası” təcrübəsi var idi.

Zəngilan məscidinin xarabalıqları üzərində indi üçrəngli bayrağımız ucalır
Ermənistan üçün nəqliyyat-kommunikasiya baxımından ən çox strateji əhəmiyyət kəsb edən Laçın rayonunun məskunlaşdırılmasından sonra Zəngilan və Qubadlıda kolonizasiya başladı.
Göz yaşlarına və qana bulanmış ötəri xoşbəxtlik
-Zəngilanda 100 erməni ailəsi məskunlaşdırmışdılar. Onlar üçün təsərrüfatlar, iş yerləri, şəhər infrastrukturu yaratmışdılar,-rayonun komendantı danışır.
-Bəs o adamlar indi haradadır?,-maraqla həmsöhbətimdən soruşuram.
-Ordumuzun hücumundan əvvəl onlar qonşu Qafan rayonuna qaçıblar. Və özləri ilə heç nə aparmağa imkan tapmayıblar. Biz yüz belə ev saydıq,-B.Cabbarov söhbətə davam edir.
-Həmin evlərə baxa bilərəm?
-Bu evlərdən bir neçəsi dağıdılmış şəhər məscidi ilə üzbəüzdədir.
Erməni işğalçıları Zəngilan məscidinə də aman verməyiblər, yerlə bir ediblər. Hərçənd şəhərdən kənardakı bir neçə başqa məscidi erməni katolikosluğunun tolerantlıq ənənələrinə tam uyğun olaraq donuzxanaya çeviriblər.
Məscid tamamilə dağıdılıb. Dağıdılıb təhqir olunmuş azərbaycanlı qəbiristanlıqları kimi...Məscidin xarabalıqları arasında torpağa batmış daşdan onun XIX əsrə aid tikili olduğu məlum olur. Qanunsuz məskunlaşmış ermənilər üçün tikilmiş yeni evlərdən birinə daxil oluram. Burada ana və kiçik qızı yaşayıb. Evdə zövqlə hazırlanmış, bahalı mebel var. Mətbəxdə isə Avropa istehsalı olan qab-qacaq.
-Doğrudanmı Zəngilanda imkanlı suriyalıları məskunlaşdırmışdılar? Onlarda bu qədər pul haradan idi?,-gördüklərimdən təəcübümü gizlədə bilmirəm və şəhərin azad olunmasından sonra əmlakın inventarlaşdırılmasında iştirak edən polislərdən birindən soruşuram.

Məscidin qapısında erməni qadını ilə qızının fotosu
-Bu bizə də təəcüblü gəldi,-qısa cavab verir, təəcübünü gizlətmədən.
-Bu diasporun ianələri hesabına idi,-komendant şərh verir.
Həmin evlərdən bir qədər aralıda Dövlət Təhlükəsizlik Xidməti məskunlaşıb. Bir az o yanda isə Dövlət Sərhəd Xidməti. Görünür xüsusi xidmət əməkdaşlarının işi indi başdan aşır. Axı qanunsuz məskunlaşdırılmış ermənilər gedərkən öz şəxsi arxivlərini də aparmağa imkan tapmayıblar. Fotoşəkillərdən birində ana və kiçik qızıdır, onlar üçün lənətlənmiş, qan və göz yaşları hopmuş bu torpaqlarda xoşbəxt ola bilməyiblər. Doğrudanmı bu adamların heç vicdanı ağrımadı və tarixdən ibrət götürmədilər-başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olarmı? Bu ailə yaşadıqları evin qarşısında dağıdılmış məscidi görəndə hansı hisslər keçirirdi?

64 yaşlı könüllü böyük məmuniyyətlə Zəngilanın kənd və qəsəbələrinin tarixi adları yazılmış lövhələri yerbəyer edir...
-Zəngilanda heç vaxt erməni yaşamırdı. Mən bir erməni də xatırlamıram. Lakin onlar burada özlərinin qondarma xaçkarlarını yerləşdirməyə başlamışdılar. Birbaşa küçələrin ortasında. Bax onlardan birini düz mənim evimin qabağına qoyublar,-hirsindən əlləri əsən 64 yaşlı Səfərəli kişi, yeni formalaşan xalq milisinin sıralarına daxil olan zəngilanlı deyir. Səfərəli kişi öz vətənində hər daşa, hər cığıra bələddir. O, rayonun kəndlərinin əvvəlki tarixi adlarını əks etdirən lövhələri yerbəyer etməklə məşğuldur. Zəngilan xalq milisinə rayonun bütün sakinləri üzv yazılır.
-Mən rayonumuz işğal olunan il anadan olmuşam. Ermənilər bizi qırmaq istəyirdi və ailəmiz xilas olmaq üçün Araz çayından İrana keçib. Bütün həyatım boyu valideyinlərim mənə vətən haqda danışırdılar və mən Zəngilanın həsrətini çəkirdim. Əlbətdə ki, valideyinlərimlə birlikdə bura dönəcəyəm. Onlar qayıtmaq üçün gün sayırlar,-indi doğma diyarında xidmət keçən gənc polis əməkdaşı mənimlə söhbətində deyir. Və əlavə edir ki, azadlıq müharibəsində onun bütün gənc qohumları könüllü olaraq ordu sıralarına yazılıblar.
Şəhərdə cəmi bir neçə küçə fonarı var, amma onların zəif işığında belə küçəyə döşənmiş hamar asfaltı görmək olur. “Doğrudanmı erməni işğalçı administrasiyası şəhəri dağıtsa da küçəyə yeni asfalt çəkib?”,-təəcüblə soruşuram. Məlum olur ki, bu rekord qısa müddətdə Avtomobil Yolları Dövlət Agentliyi şəhərdə yolları asflatlayıb!
Zəngilanda təzə asfalt
Mincivanın dirilişi
Moskva üçtərəfli razılaşmasının böyük tarixi əhəmiyyəti həm də Zəngilanın strateji rolunun, daha doğrusu onun nəqliyyat arteriyasının-bütün regionun infrastruktur kompleksinin qovşağı olan əfsanəvi Mincivan stansiyasının dirçəldilməsidir. Lakin Azərbaycan üçün Mincivan ilk növbədə tarixin vətənin əsas hissəsindən ayrı saldığı Naxçıvana gedən yoldur. Böyük hesabla Zəngəzurun bölünməsindən sonra, Mincivanın dirçəldilməsi konsepsiyasının əsasında Moskva razılaşmasının mühüm bəndlərindən biri-Bakını Naxçıvanla birləşdirən dəmir yolunun, yaxud Mehri dəhlizinin bərpa edilməsi dayanır. Lakin taktiki vəzifə hələ çar Rusiyası dövründən yaradılan Ələt-Culfa qlobal nəqliyyat marşrutunun əhəmiyyətini azaltmır. Bu dəhliz artıq 1936-cı ildə işə düşmüşdü. Mincivan stansiyası Bakıdan İrana birbaşa yola pəncərə açırdı. Bakı-Tbilisi-Qars, Şimal-Dəniz kimi qlobal layihələrlə yanaşı bu cəlbedici nəqliyyat dəhlizinin reablitasiyası regionun geosiyasi xəritəsini kökündən dəyişdirəcək. Axı oradan Ermənistanın özünə-Qafana da dalanvarı budaq ayrılır.
Mincivan stansiyasının əhəmiyyətinin güclənməsi Zəngilanın bir vaxtlar ucqar olan bu qəsəbəsinin də inkişafını şərtləndirmşdi, müstəqilliyin ilk illərində Mincivan 6 min əhalinin yaşadığı şəhərə çevrilmişdi.
Mincivan stansiyası, 27 il sonra
Bəs işğaldan sonra Mincivanı nə hala salıblar?! Dəmiryol şpallarını söküb talayıblar, relsləri doğrayıb satıblar, Mincivan vağzalının özünü və zəngin infrastrukturu kimi külə döndəriblər. Mincivan hər tərəfini kollar bürümüş viranəliyə çevrilib. Və son illərdə Zəngilanın digər kəndləri kimi erməni oliqarxlarının və Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın aqrar biznesi üçün istifadə olunub.
A.Arutyunyan özü aqrar layihələri üçün Dağlıq Qarabağın dağlıq hissəsindən kənarda 10 min hektardan çox münbit torpaq zəbt etmişdi. Qondarma rejimin başçısının bağlarının, taxıl sahələrinin və meyvə plantasiyalarının əsas hissəsi məhz Zəngilan rayonunda idi. Onun plantasiyaları Zəngilandan Mincivan çöllərinə qədər uzanıb gedirdi. Təəsüf ki, rayonun bu hissəsində də xüsusən son illərdə fəal məskunlaşdırma aparılırdı. Qanunsuz məskunlaşdırılmış “mincivanlılar” qaçanda son əşyalarını aparmağa fürsət tapmayıblar.
Stansiyanın düz qarşısındakı evlərdən birinin otaqlarına səpələnmiş ikonalara nəzər salıb soruşuram: “Vicdansızlıqla Allaha ibadət bir araya necə sığır?”.
-Bu evi dağıdılmış şəhər xəstəxanasının yerində tikiblər,-yerli xalq milisinin daha bir üzvü, 48 yaşlı Cəfər deyir. Polislər əllərində avtomatla məni addımba addım təqib edirlər. Mən bu ehtiyatlılığın səbəbini soruşuram.
-Bizdə informasiya var ki, bəzi könüllülər və erməni əsgərləri mühasirədən çıxmağa imkan tapmayıblar. Onlar burada gizləniblər. Meşələrdə və zirzəmilərdə qalıblar. Biz hər şeyə hazırıq...
Yer üzündən silinmiş Zəngilanın ilk könüllü sakinləri ilə səmimiyyətlə sağolaşıram və onların insani şücaətindən heyrətimi gizlətmirəm. Bir vaxtlar Şuşanın əsasını qoymuş Pənahəli xanın kiçik oğlu Mehrəli bəyin mülkü olmuş məşhur Xanlıq kəndinə tərəf tələsirəm.
Erməni pulları hesabına tikilmiş Azərbaycan kazarmaları
 
Erməni alimləri tarix elmini asan manipulyasiya olunan mifoloji keçmişə çeviriblər. Tamamilə primitiv şəkildə onlar Zəngəzurun cənub hissəsinin erməniləşdirilməsi haqda qərar verərək Xanlığın tarixi adının üstündən xətt çəkiblər, hansı ki, nə çar, nə bolşevik dövründə kəndin tarixi adı dəyişdirilməmişdi. Və işğalçılar xanın oğlunun mülkünə “işxanadzor” adı qoyublar. Erməni hakimiyyətinin öz strateji əhəmiyyətinə görə mühüm olan, şimalda Laçına, şərqdə Hadruta və qərbdə Ermənistanın özünə, Gorusa yol açan bu kəndə dair yanaşması işğal altındakı digər rayonlara olan yanaşmadan fərqlənməyib. Erməni hakimiyyətinin də etiraf etdiyi kimi işğala qədər bu kənddə əhalinin 97 faizi azərbaycanlılar olub. Və kəndə daxil olan erməni quldur birləşmələri 400-ə yaxın ev təsərrüfatını dağıdıblar ki, 15 ildən sonra qanunsuz məskunlaşdırma siyasətinə başlasınlar.

Suriyalı ermənilərə tikmişdilər, Azərbaycan hərbçilərinə qaldı
Zəngilan kazusu ilə oxşar əhvalatdır. Bir fərqli xüsusiyyəti var-Xanlıqda Cpyurkun pulları hesabına indi işığı və qazı olmayan yüzə yaxın ikiotaqlı kiçik evciklər tikiblər. Lakin Bəşər Əsədin kədərli krallığında sonuncu işıq ucunu da itirən suriyalı ermənilər Arazın sol sahilində uydurma “erməni kolxozuna” üzv yazılmağa hazır idilər.
Aldadlmış erməni ictimai rəyi Azərbaycan qoşunlarının Xanlığa zəfər yürüşündən sonra letargiya yuxusundan oyandı. Sosial şəbəkələrdə hay-küy qalxdı: “Əgər biz müharibəni uduruqsa azərbaycanlılar Laçının qapısı ağzına necə gəlib çıxıblar?!” Tezliklə ermənilər bu cür metamorfozalardan təəcüblənmədilər.  Möhtəşəm türk armadası həddən artıq iti sürətlə irəliləyirdi. Xanlıq ictimai şüurda üfüq nöqtəsi oldu. Yolunu azmış ermənilər başa düşdülər ki, bütün müharibə boyu onları aldadıblar...
Qanunsuz köçürülənlər üçün tikilən qırmızı damlı evciklər isə Azərbaycanın ordu korpusunun hərbi qulluqçuları üçün kazarmaya çevrildi.
Korupusun artilleriya rəisini səmimiyyətlə salamlayıram və böyük zəfər münasibəti ilə tərik edirəm. Hansı ki, erməni diasporunun hesabına tikilən rahat evcikdə indi  hərbçilərimiz pis yaşamırlar.
Zabitlərə Laçın dəhlizinə qədər getmək planlarımı danışıram. Onlar iki xəyalətlər və minalar haqda xəbərdarlıq edirlər...
(müəllifdən: Davamı olacaq...)
Oxşar xəbərlər