Həmrəyliyi qoruyaq! "Bütün Azərbaycan olaraq Qarabağa qayıtmışıq!"

  • 21 noy 2020, 15:30
Bir neçə gün öncə Qaçqınkom nümayəndəsi açıqlama yaydı ki, məcburi köçkünlər işğaldan azad edilmiş vətən torpağına könüllülük əsasında qaytarılacaq. Bu açıqlamanı doğuran əsas zərurət isə təbii ki, işğaldan azad olunmuş doğma ərazilərə qayıdışla bağlıdır. Artıq sosial şəbəkələrdə deyil, bu məsələ hökumət dairələrində də geniş müzakirə predmetidir. Təklif və planlar var.
30 illik həsrətin ardından, hazırda iddia edilən ən üzücü fikirlərdən biri məcburi köçkünlərin yurdlarına qayıtmayacağı düşüncəsidir. Bəziləri belə aspektlə mövzuya yön verib deyir ki, onları zorla torpaqlarına qaytarmaq lazımdır. Hər iki yanaşma nəticə etibarilə yanlış və zərərlidir. Yaxşı olardı ki, bu həssas məsələ gündəmə gəlibsə, neytral mövqedən rəy bildirməyi, gələcək Azərbaycan və gələcək Qarabağ üçün daha faydalı qərarlar verməyi bacaraq. Bu milli həmrəylik üçün çox önəmlidir.
Gəlin bu sualı kənara ataq ki, "könüllü əsaslara qaldıqda, məcburi köçkün ailələrin neçə faizi geri qayıdışa meyillidir?"
Çünki, 30 il öz kəndindən, öz elindən uzaqda yaşayıb başqa mühitdə adaptə olunmuş yaşlı nəsillə indi yaşı 30 olan yeni gənc nəsil təbii ki, eyni seçimi etməyəcək. Amma, məsələnin elə nikbin tərəfi var ki, bu suala cavab axtarmağın məntiqi belə absurddur. Oralarda infrastruktur layihələri elə müasir səviyyədə inşa ediləcək ki, hamı məhz Qarabağda və digər ətraf rayonlarda yaşamağa tələsəcək. Önəmli olan hələlik budur - Bütün Azərbaycan Qarabağ mövzusunda həmrəydir, bu həmrəyliyi qorumalıyıq!
Ölkə başçısının dediyi kimi, "Biz işğaldan azad edilmiş hər bir qarış torpağı cənnətə döndərəcəyik!" Cənnətdə isə bütün Azərbaycan yaşamaq istəyəcək, inşəallah!!!
Qarabağ Azərbaycandır!
Sıxıntı yoxdur, biz artıq bütün Azərbaycan olaraq Qarabağa qayıtmışıq!
Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər