"Azərişıq" əməkdaşı yazılanları TƏKZİB etdi! "İddialar yalandır və məqsədlidir"

  • 30 iyul 2020, 18:43
Ötən gün "Demokratik.Az" saytında “Azərişıq” ASC-nin Satış Departamentin direktor müavini Rauf Əhmədovun özü və fəaliyyəti barədə yazılanlara aydınlıq gətirilib. 
"Azərişıq" sədrinin səlahiyyətlərini cilovlayan Rauf Əhmədovu kimsə durduramaz?! sərlövhəli yazıda yer alan iddialara sərt münasibət bildirən Rauf Əhmədov özü və təmsil olunduğu quruma yönələn tənqidlərimizə təəssüflənərək əldə etdiyimiz məlumatları əsassız və yalan adlandırıb. Yazılanları şəxsinə və fəaliyyətinə qarşı onu istəməyən bəzi qüvvələr tərəfindən mediaya ötürülən qərəz adlandırıb.
Rauf Əhmədov "Demokratik.Az"-a açıqlamasında bildirib ki, uzun müddətdir ki, "Azərişıq" ASC-də çalışır və məmur olduğu illərdə təkcə özünün deyil, özəlliklə təmsil etdiyi dövlət qurumunun reputasiyasının qorunmasına çalışıb. İşinin öhdəsindən gəlməklə ayrı-ayrı vaxtlarda ASC rəhbərliyinin etimad və inamını qazanıb.
Müsahibimizin dediyinə görə, öz üzərinə düşən məmur məsuliyyətini tamamilə dərk edir, kollektivlə rəftarında və vəzifəsindən irəli gələn digər təmaslarında həmişə etik davranışı üstün tutur. Və onun razılaşmadığı məlum yazıda özünü məsuliyyətsiz və kobud rəftara sahib biri kimi xarakterizə edilməsi heç bir ədalətə sığmır, buna görə də yazılanları tamamilə rədd edir.
Heç vaxt ASC-nin kadr dəyişikləri prosesində aparıcı biri olmadığına diqqət çəkən məmurun sözlərinə görə, məlumatlı mənbədən əldə etdiyimiz bu kimi xəbərin hər hansı əsası yoxdur. Çünki, onun özünün rəsmi və qeyri-rəsmi hallarla işəgötürən səlahiyyət imkanları yoxdur və ASC-nin tabeliyində fəaliyyət göstərməklə rəhbərliyin müvafiq göstəriş və tapşırıqlarının icrasına cavabdehlik daşıyır. Ölkənin rayonlarında və mərkəzdə guya rəislərin dəyişdirilməsi, bir sıra kadrların məhz onunla şəxsi yaxınlığı ilə seçilməsi iddiaları da kimlərinsə uydurmasıdır.
Rauf Əhmədov hesab edir ki, bu yolla onu nüfuzdan salmaq, qətiyyətli iş üslubuna təsir etmək istəyən konkter şəxslər var. Görünür ki, onun dürüstlüyü və bacarıqlı uğurları kimlərdəsə qısqanclıq yaradır. Və belədirsə, təbii ki, biz də müstəqil media olaraq onun barəsində olan xəbərləri öncədən dəqiqləşdirsəydik, əsassız xəbərlərin yayılmaması mümkün olardı...

Rauf Əhmədov illər öncə dələduzluq faktı üzrə guya məhkum olunması iddiasına da rəsmi arayış təqdim etməklə aydınlıq gətirib. Qarşı tərəfin redaksiyamıza təqdim etdiyi məlum arayışdan aydın olur ki, onun heç bir məhkumluğu yoxdur. Yəni, bizə verilən məlumatın bu hissəsində də yanlışlıq olub.
Onu da qeyd edək ki, Rauf Əhmədov hazırda Bakıda yaşadığı mənzil 65 kvm-lik kiçik ölçüyə malikdir. Yəni, özünün dediyinə görə, Babək prospektində nəinki ikinci, ümumiyyətlə ev tikdirməsi iddiası onun üçün sevindirici olsa da təəssüf ki, burası da yalandır. Yəni O, bunca geniş maddi imkanlara da sahib deyil. 
*****
"Demokratik.Az" özəl əlaqələrindən istifadə edərək Rauf Əhmədov barədə qısa araşdırma da aparıb. Əldə etdiyimiz bilgiyə görə, O, ömrünün çox hissəsini təhsil almağa sərf edib. Bir neçə ixtisas üzrə (iqtisadi hüquq, sənayenin təşkili və idarə edilməsi, elektroenergetika mühəndisliyi) ali təhsil alıb. Daha maraqlısı, Əhmədov Rauf Musa oğlu çalışdığı vəzifəyə yüksəlmək üçün uzun və maraqlı yol qət edib. Belə ki, 2002-ci ildə Bakının Xətai rayonunda nəzarətçi-mühəndis kimi əmək fəaliyyətinə başlayan şəxs cəmi bir neçə ay sonra (24 yaşında-red) Xətainin, daha sonralar Nizami rayonunun "Azərişıq" üzrə müdiri vəzifəsinə yüksəlib. Çalışqanlığı sayəsində həmişə ən üst rəhbərliyin diqqətini çəkib. Ailəlidir, iki övlad atasıdır.
Məlum yazıda qeyd edilənləri və yuxarıda sadalananları nəzərə aldıqda, təəssüf ki, Rauf Əhmədova saytımız adından üzrhaxlıq etməkdən başqa çarəmiz qalmır.
Saytımızda yayılan məlum yazıdakı yanlış məlumatlara görə oxucularımızdan və Rauf Əhmədovdan üzr istəyirik! 
Demokratik.Az 
Oxşar xəbərlər