İBRAHİM HƏSSAS: "Bizi daşa döndər, daş elə, ALLAH!"

  • 26 iyul 2020, 10:20
Nə çoxdur bu xalqı çapıb-talayan,
Nə çoxdur bu xalqa yiyəlik edən?!
Bu xalqın başına oyunlar açan,
Bu xalqın başında dəlləklik edən?!
Ürək bulandıran, qəlb bulandıran,
Mavi ekranlarda milçəklik edən.
Peyğəmbər adından, ALLAH adından
Danışıb kulontək təlxəklik edən
Nə çoxmuş, İlahi, nə çoxmuş, ALLAH?!
Bizi daşa döndər, daş elə, ALLAH!

Nə qədər səhvimiz, günahımız var,
Üstünü örtürük, naxışlayırıq.
Biz öz gözümüzdə qılı görmürük,
Özgənin gözünə tir tuşlayırıq.
Bu yurdun ən qədim abidələrin
Qənim kəsilənə bağışlayırıq.
Alçağı çıxarıb yuxarı başa
Yerdən çəpik çalıb alqışlayırıq.
Bu xalqı bu hala salan biziksə
Bizi daşa döndər, daş elə, ALLAH!

Nə qədər səbrimiz, dözümümüz var,
Razıyıq düşmənin badalağıyla.
Müstəqil olsaq da nə xeyri, atam?
Böyüdük biz rusun "şapalağıyla".
Gedib Qarabağı nə təhər alsın,
Əsgər böyüyübsə "Teksun" yağıyla?
Axı Qarabağın ayağı yoxdur,
Qarabağ qayıtmaz öz ayağıyla.
Onu satan əllər quruyaydı kaş,
Bizi daşa döndər, daş elə, ALLAH!

Niyə yaşayırıq, niyə ölmürük? 
Bu yurdda bal tutan barmaq yalamır.
Milli birliyimiz yox olub gedib, 
Qaraca Çobanlar tonqal qalamır.
Bəzi tarixçilər calağıq deyir,
Bizim kökümüzü türkə calamır.
Yaxşı ki, erməni Gəncəni tutmur,
Yaxşı ki, Bakını çapıb-talamır.
Yenə buna şükür, əsir deyilik,
Bizi daşa döndər, daş elə, ALLAH!

Bizi sevə bilməz, istəyə bilməz,
Ürəyi daş olan, qəlbi daş olan.
Çətin Vətən hissi yarada bilsin,
Bir qarnı ac olan, başı boş olan. 
Hər gün Zaurların, Xoşqədəmlərin
Baxıb verlişinə dolub-boşalan.
İslamdan qandığı nəsə yoxsa da,
Harda aş verilsə, orda baş olan.
Gedib Türkiyəyə, Dubaya bir yol,
Gəlib hey "quşlayan," adı "quş" olan.
Bu boyda millətin, bu boyda xalqın
Rəsmi deputatı Səyavuş olan
Ölkə yer üzündən silinməyibsə, 
Bizi daşa döndər, daş elə, ALLAH!
Müəllif - şair: İBRAHİM HƏSSAS   
Oxşar xəbərlər