Kəlbəcərin azadlığının qarşısını alan 4 iyun qiyamı...

  • 02 iyun 2020, 09:54

Prezident köməkçisindən mühüm açıqlamalar; Oqtay Qasımov: “Bu, hakimiyyətimizin ən böyük günahı və bağışlanılmaz səhvi idi”

AXC iqtidarının devrilməsinə səbəb olan 4 iyun qiyamının növbəti ildönümü yaxınlaşır. Hər il olduğu kimi, bu il də artıq qalmaqallı müzakirələr açılıb, yeni-yeni suallar meydana çıxıb. Mərhum prezident Əbülfəz Elçibəyin komandasına yönəlik çoxsaylı tənqidlərə rast gəlirik.
27 il öncə iyunun 17-də Elçibəyin Bakını tərk edib doğulduğu Kələkiyə gedişini “qaçış” kimi qələmə verənlər də var. Ən çox cavabı axtarılan sual isə 4 iyunda qanuni hakimiyyətə qarşı Gəncədə qiyam qaldıran Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovu zərərsizləşdirməyin nə üçün mümkünsüz olmasıdır. Bu istiqamətdə ən müxtəlif fikirlərə, mövqelərə rast gəlirik.
Məlumat üçün bildirək ki, 4 iyun qiyamı nəticəsində o zaman qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Günlər keçdikcə böhran daha da dərinləşib. S.Hüseynovun tabeliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlayıblar.
surat.JPG (45 KB)
Məhz bu hadisələrin nəticəsində 27 il öncənin 9 iyununda qiyamın qarşısını almaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Elçibəy tərəfindən Bakıya dəvət olunub. Bundan sonra proseslər səngiməyə doğru gedib...
Oqtay Qasımov: “Türkiyə çox çətin problemlə üzləşib” » Reyting.az
Oqtay Qasımov
Ə.Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov sabiq prezidentlə bağlı deyilənlərlə razılaşmır: “Əbülfəz Elçibəyin postunu qoyub qaçdığını deyənlər tamamilə səhv düşüncədədirlər. O, sadəcə, yaranmış vəziyyətdən çıxış yollarından biri kimi Bakı şəhərini  tərk etməyi gördü. Sonrakı dövrlərdə, bu gün də o addımın nə dərəcədə doğru olduğu hər an sübut olunur. Məsələni  təkcə Surət Hüseynov ətrafında fokslaşdırmaq düzgün deyil. O, Rusiya kəşfiyyatının ortaya atılmış fiquru idi. Onun ətrafında böyük bir koalisiya yaradılmışdı. Bu ordu içərisində Rusiyaya birbaşa bağlı olan zabitlər, şimal qonşumuz tərəfindən silahlandırılan və müxtəlif adlar altında yaradılan batalyonlar, eyni zamanda yarımhərbi müxalifət, dövlət qurumlarında təmsil olunan, müstəqilliymizə qarşı olan və milli azadlıq hərəkatından gələn, milli hakimiyyətə qarşı mövqe tutan qüvvələr idi. Siyasi müxalifəti isə bilirsiniz. Cəmiyyətimiz bundan xəbərsiz deyil. Bunlar Milli İstiqlal, Dövlətçilik partiyaları, sosial demokratlar və s. idilər. Əhatə kifayət qədər geniş idi. Burada Rusiya, İran, Ermənistan kimi faktorları da unutmamalıyıq. Nisbətən Türkiyədəki Süleyman Dəmirəl qanadı da proseslərin içərisində yer alırdı. Qüvvələr nisbətini götürdükdə, ciddi fərq yaranır”.
O.Qasımov özlərinə haqq qazandırmır: “Bizlərə haqq qazandırmaq niyyətində deyiləm. Bu, hakimiyyətimizin ən böyük günahı və bağışlanılmaz səhvi idi. Bunu Pənah Hüseyn ”Cinayətimiz məğlubiyyətimizdir" məqaləsində daha poetik ifadə edib. Qiyamın öhdəsindən gəlmək lazım idi. Sadəcə olaraq, qiyamı yatırmağa cəlb olunan dövlət qurumlarının nümayəndələri, güc strukturları bunun öhdəsindən gələ bilməyiblər. Əsas olan budur. Prezident tərəfindən bütün tapşırıqlar verilmişdi. Siyasi iradə olub. Xatırlayırsınızsa, sizin qəzetdə bir il əvvəl Dövlət Müdafiə Komitəsinin 1993-cü ilin 26 mayında keçirilmiş iclasının stenoqramı dərc olundu. Orada bütün məsələlər açıq şəkildə deyilir, yazılır. Prezidentin mövqeyi ortada olub. Gəncədə qaldırılan və dövlətçilik əleyhinə olan qiyamın söndürülməsi ilə bağlı qətiyyət var idi".
23 İLİN ƏZABI – 4 İYUN QİYAMI | Vətənim
Müsahibimiz 4 iyun qiyamının dövlətçiliyə çox ciddi zərbə vurduğunu da qeyd etdi: “Ən əsası, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi müşkülə salınıb. Qənaətimə görə, bu prosesdə yer alan, iştirak edən hər bir şəxs Azərbaycanın dövlətçiliyi əleyhinə çıxış edib, dövləti cinayətin iştirakçısı olub. Bir sözlə, vətənimizə xəyanət etdilər. Bir çoxları etiraf etməsə də, bundan xəbərsiz olduğunu desə də, bildirirəm ki, 1993-cü il mayın sonlarında Amerika, Rusiya və Türkiyənin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan arasında atəşin dayandırılması və erməni qoşunlarının Kəlbəcərdən çıxarılması ilə bağlı anlaşma imzalandı. Məhz BMT-nin 822-ci qətnaməsi əsasında aparılan danışıqların yekununda anlaşma əldə olundu. Bu anlaşma ilə erməni qoşunları iyunun sonlarına qədər Kəlbəcərdən çıxmalı idi. Qrafik də artıq təsdiq olunmuşdu. Hətta son ana qədər buna müqavimət göstərməyə çalışan ”Dağlıq Qarabağ Respublikası"nın o zamankı rəhbərliyi Köçəryan başda olmaqla, 14 iyunda qondarma parlamentlərində bu məsələlərlə bağlı müzakirə aparıb. Hətta buna razılıq da vermişdilər. Dağlıq Qarabağdakı rejim belə bu müqaviləyə imza atmışdı. O zaman Ermənistan prezidenti olan Levon Ter Petrosyan Xankəndinə gəlib sessiyada iştirak etmişdi. Çıxışında qondarma parlamentin üzvlərini, rejim rəhbərliyini inandırmışdı ki, bu anlaşma imzalanmalıdır. Hətta Petrosyan 20 iyunda xarici ölkə səfirliklərini iqamətgahına dəvət edərək bildirmişdi ki, Dağlıq Qarabağda olmuşam, Azərbaycanın icazəsi olmadan onların sərhədlərini keçmişəm, beynəlxalq hüququ pozmuşam, amma münaqişənin həllinə töhfə vermək üçün bunu etməyə dəyərdi. 4 iyun qiyamına təkcə bir iqtidarın devrilməsi kimi baxmayın. Bu bir dövlətçiliyə vurulan ən böyük zərbə idi. Biz hələ də o vurulan zərbənin nəticələrini aradan qaldıra bilmirik".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Oxşar xəbərlər