Xəbər lenti
Bütün xəbərlər

Gəncədə tanınmış ziyalının ad günüdür - İlham Həsənov "65"

  • 22 may 2020, 00:24
Bugün Gəncəmizin fəxri ziyalısı, tanınmış şair-publisist İlham Musa oğlu Həsənovun 65 yaşı tamam olur.
Yaxından tanıdığım, özünə və coşğulu sözlərinə həmişə dəyər verdiyim sevimli dostumuza atəşin salamlarımı göndərir, həm müqəddəs Ramazan bayramını, eləcə də şanlı YUBİLEY GÜNÜnü səmimiyyətlə təbrik edirəm.
İlham Həsənov adı mənim üçün şirin yazı üslubu qədər yaxın, böyük qəlbə və sərhəd tanımayan səmimiyyətə malik həmyaşıd bir dost qədər əzizdir. Onun yanında heç vaxt darıxmamışam, aramızdakı yaş fərqinə rəğmən geniş qəlbinin dərinliklərində məsum bir uşağın gələcək arzularını, ağıllı məsləhətlərində babam Dədə Qorqudun ötkəm nəfəsini duymuşam.
Yubilyarımızı tanıdığım gündən indiyədək sahib olduğu diksiya, özünəinam hissləri, cəmiyyətdəki neqativlərə qarşı döyüşçülük əzminə heyranlığım olub. Dövlətçilik ruhu, milli vətənpərvərlik əzmi onun bütün ömrünün alovlu mayakı, yaradıcılığının məhək daşıdır. Qələmindən süzülmüş, kağızlara düzülmüş təfəkküründə ən ali insanlıq və vətəndaşlıq ideyaları üstünlük təşkil edir.
Natiqlik və sərrast düşüncə qabiliyyəti onu həmişə başqalarından fərqli idarəçiyə, daha üstün mövqeyə yüksəldib. Onun barəsində çoxlu fikirlər və faktlar sadalamaq mümkündür, amma, məncə aşırı və uzun tərifə onun özünün də ehtiyacı yoxdur. Yazdıqlarım zatən tərif deyil, reallıqlardan qopan kiçik bir parçadır.
Gəncə ictimaiyyəti onsuz da İlham Həsənov ismini, özünü çox yaxşı tanıyır, ona rəğbət bəsləyir. İnanıram ki, hörmətli İlham müəllim ona xitab etdiyim bu qısa təbrikimi oxuyacaqdır. Bu ümidlə, ona şagird ikən sevə-sevə əzbərlədiyi, 65 illik qocaman həyat yollarını S.Rüstəmin yazdığı "Çapayev" şeirindəki çapar-atlı kimi comərdcə yaşadığını bir daha xatırladıram:
"Çınqıl daşlı çayları Çapayev çapa-çapa,
Keçib biçir çöllərdə çar canavarlarını...
Çap çaylardan Çapayım, Doğsun günəşim, ayım,
Çap, o çapsın, mən çapım, sən çap, qoy biz də Çapaq!
Çap, gələcək günlərin şəhərinə yol açaq.
Beləcə, Allah sizi qorusun deyirəm, İlham Həsənov! 65 YAŞINIZ, AD GÜNÜNÜZ, YUBİLEY SEVİNCİNİZ MÜBARƏK OLSUN!
65 yaş nədir axı - 100 YAŞAYIN!
Sizinlə fəxr edən kiçik qələm dostunuz Osman Nərimanoğlu!
********
Demokratik.Az İlham Musa oğlu Həsənovun TƏRCÜMEYİ-HALINI da diqqətə çatdırır:
"Həsənov İlham Musa oğlu 1955-ci il may ayının 22-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1962-ci ildə Gəncə şəhərində 15 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 1972-ci ildə 27 nömrəli tam orta məktəbin 10-cu sinfini müvəffəqiyyətlə bitirmişdir. Elə həmin il keçmiş H. Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutunun ( indiki gəncə Dövlət Universitetinin) tarix fakültəsinə qəbul olmuş və 1976-cı ildə həmin fakültəni qırmızı diplomla bitirmişdir. İlham müəllim 1976-cı ilin noyabr ayından 1982-ci ilin yanvar ayına kimi Gəncə şəhəri İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbdə əvvəlcə tarix müəllimi, sonralar Tərbiyə İşləri Üzrə Direktor müavini ( Təşkilatçı) vəzifəsində işləmişdir. Hələ gənc ikən 1981-ci ilin oktyabr ayının 16-da ona keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə “ Əmək İgidliyinə görə” medalı verilmişdir. Həmin medalı İlham müəllimin sinəsinə şəxsən Ulu Öndər Heydər Əliyev özü asmışdır. Yaxşı işinə görə 1982-ci ilin yanvar ayından İlham müəllim irəli çəkilərək 1992-ci ilin may ayına qədər Gəncə şəhəri Nizami rayon Maarif Şöbəsinin məktəb İnspektoru vəzifəsində işləmişdir.
1992-ci ilin may ayından 1997-ci ilin mart ayına kimi Gəncə şəhəri 31 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmış və sonra 1997-ci ilin mart ayından 2011-ci ilin oktyabr ayına kimi yenidən həmin məktəbdə ixtisası üzrə tarix müəllimi işləmişdir. 2011-ci ilin oktyabr ayından hal-hazıra kimi Gəncə şəhəri V. Veysəlov adına 30 nömrəli tam orta məktəbin direktorudur. Xatırladaq ki, İlham müəllim 30 nömrəli məktəbə direktor təyin olunanda məktəbdə 19 sinif 333 nəfər şagird var idisə, bu gün məktəbdə 39 sinif 962 nəfər şagird təhsil alır. İlham müəllim, burada da səmərəli fəaliyyətinə görə 2016-cı ilin may ayının 4-də Azərbaycan Respublikası Təhsil Nazirinin fəxri fərmanına layiq görülmüşdür. Bu il məktəbin məzunu Balayev Altun Cəmşid oğlu 695 bal toplayaraq Bakı Ali Neft məktəbinə qəbul olmuşdur. O, bir sözlə 42 illik pedoqoji fəaliyyətində gənc nəslin təlim –tərbiyəsi üçün əlindən gələni əsirgəməmişdir.
İlham müəllimin çoxlu sayda yetirmələri bu gün müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin inkişaf etdirilməsində iqtisadiyyatın bütün sahələrində fəal iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, hazırda Gəncə şəhərində 10-a yaxın məktəb direktorları İlham müəllimin şagirdləri olmuşlar. Elə bütün bu, müsbət keyfiyyətlərinə görə təhsil sahəsində əzmlə çalışdığına və fədakar əməyini nəzərə alaraq 4 oktyabr 2018-ci il müəllim günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə ona Azərbaycan Respublikasının “ Əməkdar müəllimi “ fəxri adı verilmişdir. Bütün bunlarla yanaşı İlham müəllim gözəl şairdir. 7( yeddi) şeirlər kitabının müəllifidir. Şeirlərinə musiqilər bəstələnmişdir.
O, Azərbaycan Yazıçılar Birliyinin Üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Üzvü və Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. “ Qızıl qələm” media mükafatı laureatıdır. 2017-ci il Prezident mükafatçısıdır. 1995-ci ildən YAP-ın üzvüdür".
Demokratik.Az
Oxşar xəbərlər