Xəbər lenti
Bütün xəbərlər

İlahiyyat İnstitutuna minimum qəbul balı müəyyənləşdirilib

  • 20 may 2020, 12:17
2020-2021-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) qəbul üçün minimum 150 bal müəyyənləşdirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, instituta tələbə qəbulu III ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Qəbul planı üzrə islamşünaslıq ixtisasına 36, dinşünaslıq ixtisasına 36 yer ayrılıb.
İnstitutda təhsil tam ödənişsizdir və dövlət sifarişi əsasında aparılır. Təhsilalanlar pulsuz dərslik və geyimlə təmin edilir. Yüksək nəticə göstərən tələbələrə müxtəlif təqaüd proqramları ilə dəstək verilir.
Xatırladaq ki, Aİİ Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafı, dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrlar hazırlanmasının təmini məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında təşkil olunub. Aİİ-də tədris prosesi xaricdə təhsil almış yüksəkixtisaslı kadrlar tərəfindən həyata keçirilir. Ali təhsil müəssisəsində müasir sosial elmlərin metodları əsasında islamla yanaşı, xristianlıq, yəhudilik, hinduizm, buddizm və digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi, eləcə də ictimai strukturları tədris olunur.
Ali tədris müəssisəsində dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizmə giriş, sosial və humanitar elmlər də öyrədilir.
Oxşar xəbərlər