Medianı üz qaralarından təmizləmək zamanıdır

  • 02 may 2020, 10:03
İnformasiya məkanının sərhədsiz olduğu, sosial şəbəkələrdə şayiələrin, dezinformasiyanın, təxribat xarakterli məlumatların tüğyan etdiyi bir vaxtda istənilən ölkədə peşəkar, sağlam jurnalistikanın olması, formalaşması dövlətin, cəmiyyətin inkişafına böyük töhfələr verir.
Əlbəttə, bu gün Azərbaycanda kifayət qədər peşəkar media orqanları var və habelə gerçək jurnalistika ilə məşğul olanların imici müsbətdir. Xüsusi ilə koronovirus pandemiyası dövründə şahidi olduq ki, mətbuat dövlət və millət maraqları naminə bütün fədakarlıqları etməyə hazırdır.
Ancaq etiraf edək ki, media sahəsində ciddi islahatlar, xüsusilə bu sahənin üz qaralarından təmizlənməsi olduqca mühümdür, günümüzün tələbidir. Neçə illərdir Prezident İlham Əliyevin iradəsi ilə ölkənin bütün sahələrində islahatlar həyata keçirilir. Son 1 ildə siyasi-ictimai, iqtisadi, sosial sahələrdəki ardıcıl kadr, struktur dəyişikləri dövlətimizin daha da güclənməsi, xalqın rifahının yüksəldilməsinə xidmət edir.
Təbii ki, media sahəsində də uzun illərdir müəyyən islahatlar həyata keçirilir. Qəzet və saytların maddi-iqtisadi bazasının gücləndirilməsi, mətbuata dövlət dəstəyinin verilməsi, jurnalistlərin mənzil problemlərinin həlli, son olaraq  KİVDF-nin, MTRŞ-nin rəhbərlərinin dəyişdirilməsi və digər addımlar da göz önündədir.
Biz dövlət rəhbərliyinin mətbuat sahəsinə böyük diqqətinin, qayğısının şahidiyik.
Medianın inkişafı üçün bir vacib amil isə sağlamlaşma, imicin yüksəldilməsidir. Əslində, bu, daha çox jurnalistikanın, cəmiyyətin özündən asılıdır, belə deyək ki, özünütənzimləmə prosesi kimi həyata keçirilməlidir. Ancaq, təəssüflər olsun ki, bu yöndə vəziyyət ürəkaçan deyil və odur ki, Dövlət Babanın müdaxiləsi qaçılmazdır. Müəyyən inzibati tədbirlərin görülməsi zərurəti ortadadır...
Hakimiyyətin sağlam mətbuata, peşəkar jurnalistlərə inamı qürurvericidir. Bu inamı biz koronavirus pandemiyası dövründə tətbiq edilən karantin rejimində də gördük. Jurnalistlərə inamın nəticəsi idi ki, 24 saat ərzində onların sərbəst hərəkətinə qanuni icazə verildi. Yoxlama postlarında jurnalistlərə, necə deyərlər, yaşıl işıq oldu. Əlbəttə, belə həssas dövrdə ictimaiyyətin informasiya ilə operativ təminatı, dezinformasiyaların qarşısının alınması baxımından jurnalistlərə bu şəraitin yaradılması da təbii idi. Eyni zamanda bu, sağlam jurnalistikaya bir etimad idi ki, onlar bu sərbəstlikdən sui-istifadə etməzlər. Gerçəkdən, peşəkar media işçiləri arasında bundan sui-istifadə edən də olmadı...
Əlbəttə, bütün sahələrdə üz qaraları var. Mətbuat adına ləkə olan, “reket” adlandırılan “qəzet” və “sayt”lar karantin rejimi dövründə də sakit durmadılar. Bir neçəsi karantin rejimini pozmaq istəyənlərə vəsiqə satdı. Bir neçəsini buna görə hüquq-mühafizə orqanları saxladılar, cəzalandırdılar. Məsələn,  Sabirabadda Qasımbəyli kənd məktəbinin direktoru Sahib Əsgərov karantin qaydalarını pozduğu üçün saxlanılıb. O, polis əməkdaşlarına üzərində “Muğan-Şirvan” qəzetinin baş redaktorunun 1-ci müavini yazılan saxta jurnalist vəsiqəsi göstərərək məsuliyyətdən yayınmağa çalışıb.
S.Əsgərova saxta jurnalist vəsiqəsi təqdim edən “Suqovuşan” qəzetinin redaktorunun müavini Elçin Nəsibov da polis şöbəsinə gətirilib. O, izahatında “Suqovuşan” qəzetində işləməsinə baxmayaraq, özünün təsis etdiyi “Muğan-Şirvan” qəzetinin saxta vəsiqəsini tanışı S.Əsgərova təqdim etdiyini bildirib. Hər iki şəxs cəzalandırılıb.
Dünən isə Nərimanov rayonunda xüsusi karantin qaydalarını pozan protez saç salonunun (!) özünü jurnalist kimi təqdim edən rəhbəri cərimə edilib. Ağa Məmmədovun üzərinə baxış zamanı ondan jurnalist vəsiqəsi aşkar edilib. O, əvvəlcə bu vəsiqədən istifadə edərək məsuliyyətdən yayınmağa çalışsa da, sonradan karantin qaydalarını pozduğunu etiraf edib. Onun üstündə “dua” kimi gəzdirdiyi vəsiqə “102-ci qəzet”ə məxsus olub. Hələ siz bir qəzetin adına baxın...
Belələri hər zaman jurnalistikanın nüfuzuna zərbə vurub. Məsələn, bu “reket”lərdən məktəb, müəssisə, bələdiyyə rəhbərləri bezib! Bu üz qaralarının ucbatından cəmiyyətdə də jurnalistikaya dair neqativ fikirlər eşidilir. Hansı ki, sağlam jurnalist dövlət, xalq fədaisidir. Sağlam jurnalistika dövlət üçün də çox vacibdir. Odur ki, mediada islahatlar çərçivəsində açıq-aşkar “reket”lik edən, əndrabadi adlarla mövcud olan, eybəcər işlərlə məşğul olan “qəzet”lərin fəaliyyətinə xitam verilməli, onların rəhbərlərinə bir daha bu fəaliyyətlə məşğul olmaq, qəzet, sayt açmaq qadağan olunmalıdır. Bu, bütün jurnalistlərin arzusudur...

Elşad MƏMMƏDLİ
Oxşar xəbərlər