“Fakt Yoxla" Elman Nəsirovun yalanını ifşa edib - FAKTLARLA

  • 29 apr 2020, 14:29


Hakim Yeni Azərbaycan Partiyasından deputat Elman Nəsirov aprelin 10-da Azadlıq Radiosuna müsahibəsində 2018-ci ilin aprelində cəbhə bölgəsində baş verən döyüşləri xatırladıb. Deputat deyib ki, o zaman bəzi ərazilərin geri qaytarılması xalqı sevindirib, amma müxalifəti yox.
“2018-ci il aprel döyüşlərində ordumuz Lələtəpəni qaytardı, Cocuq-Mərcanlını qaytardı, xalqımız nə qədər sevindi. Siz gördünüzmü bu radikal müxalifət bir dəfə buna sevinsin, desin ki, iqtidarın filan addımlarından narazıyam, amma aprel qələbəsindən razıyam? Deməzlər, mümkün deyil”, ‒ deyə  o, bildirib.
“Fakt Yoxla” Elman Nəsirovun bu iddialarının doğru olub-olmadığını yoxlayıb. 
Öncə qeyd edək ki, deputat aprel döyüşlərinin baş verdiyi tarixi yanlış ifadə edib. Bu döyüşlər 2018-ci ildə yox, 2016-cı ilin aprelində baş verib. 2016-cı il aprelin 1-dən 2-ə keçən gecə Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyini işğaldan azad olunub. 
1993-cü ilin avqustunda Ermənistan Silahlı Qüvvələri Cəbrayıl rayonunun bütün ərazisini ələ keçirib və rayonun Cocuq Mərcanlı kəndini tamamilə dağıdıb. 4 ay sonra ‒ 1994-cü ilin yanvarında Azərbaycan ordusunun əks-hücumu nəticəsində Ermənistan silahlı qüvvələri kənddən çıxmağa məcbur olub və kəndin ətrafındakı yüksəkliklərdə mövqe tutub. 
Kənd işğaldan azad edilsə də, ətrafındakı yüksəkliklər erməni birləşmələrinin nəzarətində qalıb. Cocuq Mərcanlı cəbhə zonasına çox yaxın yerləşdiyi üçün əhali ora qayıda bilməyib, burada cəmi bir nəfər – Oqtay Həziyev adlı sakin daimi yaşayıb. Kənddə ümumi yaşayış 2016-cı ildən bərpa olunub. 
Hakim partiya təmsilçiləri və onları dəstəkləyən şəxslər “radikal müxalifət” dedikdə asasən Azərbaycan Xalq Cəbhəsi Partiyası və 2013-cü ilin prezident seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılmış siyasi ittifaq‒Demokratik Qüvvələrin Milli Şurasını (bundan sonra Milli Şura) və Müsavat Partiyasını nəzərdə tuturlar.
AXCP sədri Əli Kərimli 2016-cı il aprelin 2-də “facebook” səhifəsində status paylaşaraq orduya dəstəyini ifadə edib.
“Bu gərgin məqamlarda bütün varlığımızla ordumuzun yanında olduğumuzu bəyan edirəm. Bir halda ki, işğalçı Ermənistan atəşkəsi pozub, torpaqlarımızın işğaldan azad olunmasını istəyirik! Ermənilərin və havadarlarının bu təxribatını fürsətə çevirməliyik... Müxalifətdən isə qətiyyən narahat olmayın. Biz Azərbaycanda dövlət qurmuş, Qarabağ üçün savaşmış, şəhidlər vermiş siyasi qüvvəyik. Ordumuza hər cür dəstək verməyə hazırıq...”, ‒ deyə AXCP sədri bildirib.
Müsavat Partiyasının başqanı  Arif Hacılı da eyni tarixdə  “facebook” sosial şəbəkəsindəki hesabında ordunu dəstəklədiklərini, səfərbərliyə isə hazır olduqlarını yazıb.
“Müsavat Partiyası olaraq Ordumuza uğurlar arzulayırıq. İstər döyüş əməliyyatlarında iştirak etmək, istərsə də təbliğat və informasiya qovğasında Ordumuza hər cür dəstək verməyə, xalqımızın səfərbərliyi üçün əlimizdən gələni etməyə həmişə hazır olduğumuz kimi indi də hazırıq”, ‒ deyə Müsavat başqanı vurğulayıb.
Arif Hacılı aprelin 2-də digər bir paylaşımında da döyüş əməliyyatlarından yazıb: “Milli hədəfimiz ərazilərimizin işğaldan azad edilməsi, köçkünlərimizin öz ata - baba yurdlarına qayıtması, bütün ərazilərimiz üzərində dövlət suverenliyimizin təmin edilməsidir. Əgər bu gün qeyd edilən strateji yüksəkliklərin ələ keçirilməsi barədə məlumatlar doğrudursa, əsas məsələ budur. Döyüşlər zamanı əks tərəfin itkilərinin sayı mühüm deyil. Bir daha təkrar edirəm, hədəfimiz erməniləri öldürmək deyil, ərazilərimizi işğaldan azad etməkdir. Əgər bütün Qarabağın azad edilməsinə heç kəsin qanının tökülməməsi yolu ilə nail ola bilsək bəşər tarixinə böyük hərflərlə imza atmış olarıq”.
Qeyd edək ki, Milli Şuranın “facebook” hesabının arxivi haker hücumlarından sonra silindiyindən siyasi blokun aprel döyüşləri haqqında yazılan statuslarını araşdırmaq mümkün olmadı. 
Amma yuxarıda qeyd edilənlərə əsasən deyə bilərik ki, müxalifət partiyalarının rəhbərləri Əli Kərimli və Arif Hacılı aprel döyüşləri zamanı Azərbaycan ordusunu dəstəkləyən mövqe sərgiləyiblər. 
Cocuq Mərcanlı kəndinə gəlincə, bu kənd işğaldan 2016-ci ilin aprelində yox, 1994-cü ilin yanvarında azad olunub. Deputatın ancaq Lələtəpənin işğaldan azad olunduğuna dair dedikləri doğrudur.
“Fakt Yoxla"nın gəldiyi nəticəyə görə, Elman Nəsirovun iddiası yalandır.
Oxşar xəbərlər