Niyə alimlərin əksəriyyəti kişidir?

  • 24 apr 2020, 14:57
Bərabərlik ideyasına qarşı səslənən fikirlərdən, arqumentlərdən ən geniş yayılmışı budur: Əgər qadınla kişi intellektual olaraq bərabərdirsə, onda niyə elmdə qadınların sayı kişilərdən qat-qat azdır? (Təbii, bu sualı başqa cür ifadə edənlər də var. Niyə filosof qadın azdır, niyə bəstəkar qadınlar azdır, niyə milyarder qadınlar azdır və s. və. i.)
Bu məsələnin sosial-bioloji tərəflərini izah edə bilərdim, amma istəyirəm bu dəfə mövzunu daha əyani olsun deyə üç həyat hekayəsi ilə göstərim.
Söhbət üç dahi alimin ailəsindən gedəcək.
Tarixdə Elmi Texniki Tərəqqi dövrü kimi qalmış IX əsrin sonları və XX əsrin əvvəlləri sivilizasiyamızın inkişafı üçün həqiqətən də sıçrayış dönəmi oldu. Elektrikin, radionun, radioaktivliyin ixtirası insan cəmiyyətini tamamilə yeni inkişaf mərhələsinə çıxardı. Bu inkişafın arxasında dayanan alimlərin uğurları barədə çox yazılıb, amma onların müvəffəqiyyətlərinin arxasındakı qadın faciələri barədə az adam bilir.
Mileva Marić-Einstein
Mileva 1875-ci ildə Serbiyanın (o zaman Avstriya-Macarıstan imperiyası) Titel şəhərində doğulub. Kiçik yaşlarından fizika və riyaziyyata maraq göstərən qız, 1896-cı ildə Zürich politexnik universitetinin fizika-riyaziyyat fakültəsinə yüksək balla qəbul olur. Albert Einsteinlə bir qrupda oxuyan Mileva həmin qrupda yeganə qız idi. Burada Albertlə onun arasında sonradan sevgiyə çevriləcək dostluq münasibətləri yaranır. Dərslərində eyni dərəcədə uğurlu idilər. 1899-cu ildə verdiyi kurs imtahanlarından Mileva 6 ballıq şkala ilə toplam 5.05 bal yığır. Bu zaman fizika imtahanlarının nəticələri Albertlə eyni yəni 5.5 idi. Milevanın elmi karyerası 1901-ci ildə Albertdən hamilə qalması ilə bitir. Bu zaman o, ikinci dəfə dövlət imtahanını verməyə cəhd eləsə də nəticə uğursuz olur. 1902-ci ildə doğulan qız uşaqları isə tezliklə xəstəlikdən tələf olur. Sonra Milevanın Albertdən iki oğlu dünyaya gəlir.

Bütünlüklə elmə qapılmış Albert məişət işlərindən azad idi. Mileva isə ev qayğıları ilə birgə Einsteinə riyazi hesablamaları etməklə də kömək edirdi. Amma Albert öz elmi işlərində arvadının adını qeyd etmirdi.
Albertlə münasibətləri olmasa, uşaqlar dünyaya gəlməsə,özünü ailə qayğılarına və ərinin elmi karyerasına həsr etməsə, bəlkə də Milevanın parlaq elmi karyerası olacaqdı. Mileva o zamanlar hələ Avropadakı konservativ, ailə dəyərlərini müqəddəs sayan cəmiyyətin “sifarişini” qəbul etməsəydi, ərinin deyil, özünün karyerasına fokuslansaydı, hələ bilmək olmaz, biz bu gün hansı (qadın yoxsa kişi) Einsteindən danışırdıq? Beyni, zehni, elmi güclərinin bərabərliyi imtahanla təsdiqlənmiş iki alimin birinin azadlığı, cinsinin verdiyi imtiyazlar, imkanlar, evində uşaqlarına və ona qayğı göstərən insan, N qədər vaxtı, o birinin isə öhdəlikləri, məişət qayğıları, cinsindən doğan çətinlikləri və baryerləri vardı. Bu şərtlər altında məhz kişi Einstetinin elmdə uğurlu olması təbii deyilmi?
Clara Immerwahr
1901-ci il bir başqa qadın elm adamının da həyatında həlledici olur. Clara Immerwahr məhz bu ildə zamanının ən görkəmli kimyaçılarından biri olan Fritz Haberlə ailə həyatı qurur. Fritz Haber atmosfer havasından amonyakın alınması prossesini kəşf etmiş və buna görə Nobel mükafatı almış kimyaçıdır. Clara isə 1900-cu ildə Breslau universitetini magna cum laude fərqlənməsi ilə bitirərək, zamanının görkəmli alman kimyaçısı Richard Abeggin elmi rəhbərliyi altında kimya üzrə dissertasiya müdafiə edərək fəlsəfə doktoru adını alır.
Clara Breslau universitetində elmi dərəcə almış ilk qadındır.
Amma bir il sonra baş tutmuş nikah Claranın da elmi karyerasına son qoyur. Bundan sonra o da özünü Mileva kimi, məişətə və həyat yoldaşına kömək etməyə həsr edir. Məlumdur ki, Clara Fritzin bəzi elmi işlərində, həmçinin, onun monoqrafiyalarının ingilis dilinə tərcümə edilməsində yaxından iştirak edib.

Clara bu haldan çox əziyyət çəkirdi, amma bu, onu gözləyən faciənin hələ başlanğıcı idi. Belə ki, 1914-cü ildə başlayan Birinci Dünya Müharibəsi onun həyatında həlledici rol oynayır. Milliyətcə yəhudi olmasına baxmayaraq, özünü hər zaman alman hesab edən Fritz Haber vətəni Prussiyanın qələbəsi naminə kimyaçı xalatını hərbi formaya dəyişərək, elmi biliklərini kimyavi silahın yaradılmasına yönəldir. Qısa zamanda o, bir istifadədə minlərlə insanı öldürən xlor qazı hazırlayır və bununla da kimyavi silahın yaradıcısı kimi tarixə düşür. O bununla da kifayətlənməyərək, düz 105 il bundan əvvəl 22 aprel 1915-ci ildə Belçikanın İpr şəhəri ətrafında fransız və ingilis qoşunlarına qarşı bu silahın ilk dəfə istifadə olunması əməliyyatına şəxsən rəhbərlik edir. Məhz buna görə o, Kaiser Wilhelm II tərəfindən növbədənkənar kapitan rütbəsi alır.
Clara ərinin bu fəaliyyətinə lap əvvəldən bütün qəlbi ilə qarşı idi. O açıq şəkildə bəyan edirdi ki, Fritzin elədikləri elmin prinsiplərinə xəyanət və həyat anlayışına yeni məna gətirən disiplinin özünü məhv edən barbarlıqdır. Onun Fritzlə münasibətləri o qədər gərginləşir ki, Claranın sinirləri tamamilə pozulur.
Fritz “uğurlu” İpr əməliyyatından geri döndükdən sonra Clara ərinin şəxsən kütləvi qırğında iştirak etməsini öyrənir və gecə hamı yatandan sonra sakitcə Fritzin tabel tapancasını götürərək, həyətə düşür və orada ürəyinə atəş açaraq intihar edir. Fritz arvadını basdırdıqdan bir neçə gün sonra yenidən cəbhəyə yola düşür.
Məncə burda elmi mövqe, elmi etikaya kimin sadiq qalması, kimin bu prinsiplər tapdananda bunu özünə daha yaxın qəbul edib, daha vicdanlı, daha prinsipial davranması sual doğurmamalıdır. Tarixi gerçəkliklər, şərait, tale bir az başqa cür gətirsəydi, indi dünya daha bir qadın alim tanıyırdı. İndi o alim utanc hissi ilə deyil, qürurla xatırlanırdı. O kəşflər insanlığa qarşı cinayətə yox, xilasa xidmət edirdi.
Maria Salomea Skłodowska Curie
Maria və Pierre`i 1894-cü ildə polyak fizik Józef Wierusz-Kowalski tanış edir. Paris Universitetində oxuyan Maria, o zaman elmi təcrübələrini qoymaq üçün laboratoriya axtarırdı. Bunu eşidən Józef onu belə bir laboratoriyası olan Pierre Curie`yə təqdim edir.
Pierre Mariaya ilk baxışdan aşiq olsa da, Maria bir müddət onun hisslərinə cavab vermir. Bir ildən sonra isə onlar evlənirlər.
Əslində Maria əvvəl öz həyatını Fransada görmürdü. O elə düşünürdü ki, Paris Universitetində aldığı təhsil ona vətəni Polşada (o zaman Rusiya imperiyasnın bir hissəsi idi) elmi karyera qurmağa kömək edəcək. 1894-cü ilin yay tətili zamanı o Polşaya qayıdır və iş üçün Krakow Universitetinə müraciət edir. Qısa müddətdə universitet ona rədd cavabı verir. Səbəb kimi isə onun qadın olduğu göstərilir. Elə bu vaxt Maria Pierredən məktub alır. Curie Mariaya Parisə qayıtmağı və elmi işini Paris Universitetində müdafiə etməyi təklif edirdi. Maria belə də edir. 1895-ci ildə Marianın təkidi ilə Pierre maqnetizm üzrə elmi işini müdafiə edir və onlar evlənirlər. Hər ikisinin istəyi ilə nikah heç bir dini ayin olmadan keçirilir. Maria isə ağ gəlinlik donu əvəzinə gözəl qara don geyinir. Bu donu o növbəti illərdə laboratoriyada işlədiyi illərdə də geyinəcək.

1895-ci ildə Maria üçün başqa önəmli hadisə də baş verir. Məhz bu ildə Wilhelm Roentgen sonradan onun adıyla adlandırılacaq X şüalarını kəşf edir. Daha sonra Henri Becquerel bildirir ki, uran X şüalarına bənzər şüalar buraxır və bu şüalar fosforossensiyaya bənzəmir və xarici təsirdən asılı deyil. Bu iki ixtiradan təsirlənən Maria sözügedən sirli hadisəni tədqiq etmək qərarına gəlir.
Həyatını təmin etmək üçün dərs dediyi Paris şəhər fizika və kimya üzrə ali industrial təhsil institutu (École supérieure de physique et de chimie industrielles de la ville de Paris [ESPCI]) Marianın tədqiqatlarını dəstəkləmir, amma yenə də çalışması üçün ona tavanı daman, daxmaya bənzəyən, keçmişdə tibb tələbələrinin meyit təşrihi üçün istifadə etdiyi bir otağı verir. Uran və uran tərkibli suxurları tədqiq edən zaman Maria bir neçə başqa radioaktiv maddə də kəşf edir. Pierre Marianın tədqiqatlarından o qədər ilhamlanır ki, 1898-ci ildə özünün kristallar üzrə apardığı tədqiqatlarını buraxıb, Maria ilə radioaktivliyi öyrənməyə başlayır. İdeyadan tutmuş işin böyük hissəsinin görülməsinə qədər hər şey Mariaya məxsus olsa da o, öz işlərində həmmüəllif kimi əri Pierrei də göstərir. Əks halda kişimərkəzçi Avropa onun işlərini əhəmiyyətindən asılı olmayaraq qəbul etməyəcəkdi.
Nəhayət 1898-ci ildə Curielər kəşf etdikləri urandan daha radioaktiv olan iki elementi elmi ictimayətə təqdim edirlər. Onlardan biri Polonium, digəri isə Radium idi. Polonium elementini Maria vətəni Polşanın şərəfinə belə adlandırır. Bu kəşfdən hələ iyirmi il sonraya qədər Polşa Rusiya imperiyasının tərkibində qalacaqdı, amma onun adı ilə adlandırılmış element artıq mövcud idi.
1903-cü ildə İsveç Kral Elmlər Akademiyası Pierre Curie və Henri Becquereli radioaktivliyin öyrənilməsində əvəzsiz xidmətlərinə görə Nobel mükafatına təqdim edir. Bunu eşidən Pierre bildirir ki, əgər Marianın da adı qaliblər sırasına qatılmasa, o mükafatdan imtina edəcək. Nəticədə Akademiya məcbur olub Marianın da adını nominantlar sırasına əlavə edir. Beləliklə, Maria Salomea Skłodowska Curie ilk Nobel mükafatına layiq görülmüş qadın kimi tarixə düşür.
Mənbə: Ens.az - azlogos.eu /
Oxşar xəbərlər