"Əli Həsənov və Vüqar Səfərli məsuliyyətə cəlb edilməlidir” - Jurnalist

  • 05 apr 2020, 11:32
Azərbaycan mediasının ən bəduğur adamlarından biri, medianı bərbad günə qoyan, Əli Həsənovun qara daşı olaraq müstəqil medianın başına düşən, azad və tənqidçi mətbuatın düşməni, hər cür yeniliklərin qarşısında bir kötük kimi dikələn mətbuat qəssabı Vüqar Səfərli prezident İlham Əliyevin sərəncamı ilə media tarixinin zibilxanasına göndərilib. Vüqar Səfərli təkcə vəzifəsindən azad edilməklə qalmamalıdır, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi onun fəaliyyətini araşdırmalı, KİVDF hüquq-muhafizə orqanlarının yoxlamalarından keçməlidir. Bu uğursuz adam milyonlarla pulu necə və kiminlə bölüşdürüb, araşdırılmalıdır.
Əli Həsənovun, Vüqar Səfərlinin cinayət əməlləri öz qiymətini almalıdır. Tarixdə Azərbaycan mətbuatı çox qara günlər görüb, repressiyalardan keçib, ölümlərdən adlayıb, başına çox nadan, cahil, media işini bilməyənlər gəlib, çox ədalətsizliklər-vicdansızlıqlar görüb, amma bunların dövründəki vicdansızlıqlar heç bir zaman təkrar olunmayacaq, heç bir zaman media belə zülm görməyəcək. Bu adamlar sorğuya çəkilməli, dövlət büdcəsindən ayrılan pulları necə quduzluqla bölüşdürüblər, hər şeyi aydınlığa qovuşdurmalıdırlar. Heç bir zaman bu cür ədalətsiz və vicdansız adamlar mediaya bir də gəlməyəcək. Proses davam etməlidir. Mətbuat qəssablardan və qəssab təfəkkürlü media yalaq-yaltaqlarından təmizlənməlidir. Bunlar və bunların tör-töküntüləri öz layiqli cəzalarına çatmalıdırlar... Gün gələcək Əli Həsənovun da, Vüqar Səfərlinin də işdən çıxarıldıqları günlər tarixi günlər olacaq, azad və tənqidi media həmin günlərdə azadlıq nəğmələri oxuyacaqlar...
Əvəz Zeynallı
Jurnalist
Oxşar xəbərlər