Vüqar Səfərlinin ad gününə! Onun dirənişi uzun sürəcəkmi?

  • 19 mart 2020, 16:58
Azərbaycan mətbuatının qarşısında “qara daş” olan bu şəxsin hələ nə qədər vəzifədə qalacağı bəlli olmasa da, onun fəaliyyəti mətbuat tarixində “qara ləkə” kimi anılacaq
Mart ayı xalqımızın ən əziz bayramı olan Novruzu və baharın gəlişini qeyd etdiyimiz üçün həmişə xoş ovqat yaradır. Çox acı bir təsadüfdür ki, son onillikdə Azərbaycan mətbuatına yaz təravətinin gəlişini əngəlləyən, mediamızı baharın üzünə həsrət qoyan bir neçə əsas sima mart ayıında doğulub. Keçən dəfə “xüsusi təbrik” ünvanladığımız Əli Həsənovun ən sevimli kadrlarından olan, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) icraçı direktoru Vüqar Səfərlinin də bu gün 62 yaşı tamam olur.
Öncədən bu şəxs haqqında qısa bir araşdırmanın nəticəsi ilə sizi tanış etməklə, Azərbaycan mətbuatına qətiyyən dəxi olmayan Vüqar Səfərlinin virtual ortamda necə təqdim olunduğuna nəzər yetirək. AzToday.az xəbər verir ki, 1958-ci il martın 19-da Ordubad rayonunun Tivi kəndində anadan olan və indiki BDU-nun Mexanika-riyaziyyat fakültəsini bitirən Vüqar Səfərovun həyat yolu çox məşəqqətli olub. 1991-ci ilin mart ayında (yenə mart?!.) Qəzet Jurnal Ekspedisiyası İdarəsinə rəis vəzifəsinə təyin olunana qədər Culfa üzümçülük sovxozunda fəhlə işləyib, həmçinin nəşriyyatda çeşidləyici, elektrik mexaniki vəzifələrində çalışıb. 1996-cı ilin noyabr ayından “Azərmətbuatyayımı” İstehsalat Birliyinin sədri təyin olunan və 10 ildən çox “Azərmətbuatyayımı”nın rəhbəri olan V.Səfərlinin aldığı fəxri adlar da maraqlıdır: “Rabitə ustası”, “Əməkdar mədəniyyət işçisi” (???!!!). Onun “Vikipediya”da təqdimatı da çox qəribədir. Sən demə, əslində yayımla məşğul olan rəhbərlik etdiyi qurumun köşklərində qələm, siqaret, su, saqqız alveri edən, üstəlik qəzet açan, baş redaktor olan, sonra sırf regional baxımdan KİVİDDF-nin rəhbərliyinə gətirilən Vüqar Səfərov həm də siyasətçi (???) imiş. Rəsmi olaraq Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı sədrinin müavini olsa da, bu şəxsin nə vaxtsa siyasətlə məşğul olduğunu indiyə qədər görməmişik. Yaxşı ki, məşğul olmayıb… Amma onun indiyə qədər apardığı siyasətin məğzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuat siyasətinin qarşısına əngəl yaratmaq, onu sırf jurnalistlərin yox, özünün və havadarlarının maraqlarını təmin etmək siyasəti dayanıb.
Belə ki, hələ “Azərmətbuatyayımı” İstehsalat Birlyiinin rəhbər olduğu dövrdə siqaret, saqqız satdığı halda öz doğum gününə hədiyyə olaraq “Mövqe” və “Futbol+qol” adlı qəzetlər açan V.Səfərlinin iddiaları o qədər böyük olub ki, özünün həmyerlisi və havadarı Əli Həsənovun dəstəyi ilə Mətbuat Şurasına da ayaq açıb. Şuranın İdarə Heyətində təmsil olunan V.Səfərov sürətli addımlarla mediamızı dövlət dəstəyinin təmin olunması məqsədilə yaradılan quruma rəhbərliyə gətirilib. Fondun adındakı abreviaturanı ixtisar etdiyi kimi (Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu – KİVİDDF yazılmalı olduğu halda, KİVDF yazılır), fəaliyyətində KİV-in İnkişafına Dövlət Dəstəyi göstərməli olduğu halda, vəzifəyə təyin olduqdan sonra da (KİV-in İnkişafına Dövlət) dəstəyi özünün və Həsənovun sevimli qəzetlərinə göstərib. Yəni “inkişaf və dövlət” sözlərini adını arxa plana keçirən V.Səfərli heç bir özünəməxsus fəaliyyəti olmayan bu qəzetlərə dövlətdən milyonlarla yardım verilməsinin təmin edilməsi ilə məşğul olub. Biz hələ onun jurnalistlər üçün tikilən binalara ayrılan pullardan nə qədərini həzm-rabedən keçirdiyini deyə bilmirik. Amm müvafiq qurumlar yəqin ki, onun 10 ildən çoxdur rəhbərlik etdiyi qurumun başındakı fəaliyyətini dərindən araşdıracaqlar.
Ömrünün pensiya çağına qədər gəlib çıxan V.Səfərli son illərdə hansı yaxşı fəaliyyəti ilə yadda qaldı?
Düzünü desək, heç nə ilə. Onun fəaliyyəti yalnız layiq olmadığı və jurnalistikaya dəxli olmadığı halda neçə-neçə şəxslərə öz maraqlarını təmin edərək dövlət başçısı adından mənzil verilməsi və ildə bir neçə dəfə jurnalistlər üçün müsabiqələr təşkil edib, bu müsabiqələrdə Ə. Həsənovun və öz qəzetlərinin işçilərinə ən yüksək yerləri əta etmək olub. Bu bir tərəfə, Mətbuat Şurasındakı təsiri və nüfuzundan istifadə edəərk onun haqqında yazan saytların və mətbuat orqanlarının “reket damğası” ilə sıradan çıxarılmasında da V.Səfərlinin rolu böyük olub.
Hər dəfə media qarşısına çıxanda özünəməxsus tərzdə “quş buraxan” bu mediadan xəbərsiz, özündən müştəbeh bəndə məntiqsiz çıxışlarını müzakirə edənlərə qarşı da dözümsüz olub. Üstəlik bu illər ərzində özünün üzərində işləməyi də bacarmayıb ki, danışanda özünü gülünc vəziyyətə salmasın. Onun sonununcu “quşlar”ından biri jurnalistlərin ikinci binasının “yataqxana” elan etməsi oldu. Jurnalistlərin kütləvi etirazından sonra mənzillərə sənədlərin gözlənildiyindən də qısa müddətə verilməsi onun bəlkə də mediamıza ilk və son töhfəsi olub. Yox, o son olmayıb. Bundan sonra da mediamız üçün ən böyük töhfələrdən brini verib, bu yaxınlarda Əli Həsənovun qəzetlərinə maliyyə yardımının ayrılmasının qarşısını alıb.
İndi deyirlər ki, Səfərlinin vəziyyəti o qədər də ürəkaçan deyil. Hətta neçə ildir nəticələri ilə bağlı tədbirləri özünün və qəzetinin ad gününüə ərmağan etdiyi jurnalist müsabiqələrini bu dəfə keçirə bilməyib. Onun özü bəlkə də heç nə itirməyib. Bir də görünən odur ki, ən böyük havadarının gedişindən sonra V.Səfərli neçə aydır ciddi müqavimət göstərir. Onun bu dirənişinin daha neçə ay davam edəcəyi bəlli olmasa da, artıq onun qanunsuzluqlarının və “toxunulmaz şəxs” kimi Mətbuat Şurasını toplayıb öz maraqlarını qorumaq üçün qərarlar qəbul etdirmək dövrü çoxdan arxada qalıb. Azərbaycan mətbuatının qarşısında “qara daş” olan bu şəxsin hələ nə qədər öz layiq olmadığı vəzifədə oturacağı bəlli olmasa da, bir şey dəqiqdir ki, bu adam mətbuatımızı bərbad günə qoyduğu üçün mətbuat tarixində “qara ləkə” kimi anaılacaq. Bu dəfə mart ayının, Novruz bayramının uğurlu olması, Azərbaycan mediasına yaz təravətinin gəlişini əngəlləyən V.Səfərlidən mətbuatımızın xilas olması diləyi ilə.
Hikmət Ağayev /Aztoday.az/
Oxşar xəbərlər