Putin Kərbəlayi İsmayıl yolunda…

  • 16 mart 2020, 13:11

Qorxulan oldu. Yox, bütün həyatımızı az qala bir qorxulu «k» hərfindən asılı edən xəstəliyi demirəm. Hakimiyyət xəstəliyi ilə hələ nə edəcəyini bilməyən Rusiyanı deyirəm…Kim nə deyir-desin, Putin indi bir az da bizim Kərbəlayi İsmayıla bənzəyir. Müdrik, ağayana, qərarlı…Həm sözünü deyir, həm işini görür. Dumadakı çıxışı da bir az «Canımıza elə bir od salıblar ki…» gileyinə bənzəyirdi. 

Dünyanın nüfuzlu qəzetlərinin rus dilində yayımlanan əsas məqalələrində virusla yanaşı, Rusiyadakı referendum da ciddi müzakirə mövzusudur. Bəs, bu virus təhlükəsi fonunda nə baş verdi ki, Rusiyanın «k»sına da bunca diqqət yetirmək lazım gəldi?
Martın 11-də Dumada konstitusiya düzəlişləri səsverməyə çıxarılarkən, birdən Yaroslav vilayətindən deputat, Sovet İttifaqı Qəhrəmanı, ilk qadın kosmonavt Valentina Tereşkova tribunaya qalxır və… konstitusiyaya təklif edilən düzəlişlər paketinin ya indiki prezidentə yenidən prezident seçilmək imkanı yaradılmasını, ya da prezidentlik müddəti üçün qoyulan məhdudiyyətin “sıfırlanmasını” təklif edir. Alqışlar qopur…
Hələ yanvarda konstitusiya düzəlişləri ortaya çıxanda deyirdilər ki, Putin hakimiyyətdə qalmağın hüquqi yollarını axtarır. Bir neçə variant vardı: Dövlət Şurasının sədri, genişləşdirilmiş səlahiyyətli Duma spikeri və sair. Amma Tereşkovanın göydən düşməyən, həm də gözlənilməz təklifindən məlum oldu ki, Putin hakimiyyət iddiasını dolayısı ilə deyil, birbaşa ortaya qoymağa qərar verib. Niyə? Olmaya, dünyanın başı virusla mübarizəyə qarışdığı vaxtda Putin bunu fürsət bildi və qəfil bu qərarı verdi. Axı, bu təklifədək də Putinə ictimaiyyət, xüsusən müharibə veteranları buna bənzər təkliflər vermiş, Putin isə nəzakətlə etiraz etmişdi. Bəs nə oldu?
Tereşkovanın təklifindən dərhal sonra Putin gözlənilmədən Dumaya gedəcəyi barədə qərar verir. Hər halda, spiker Volodin belə deyir. Putin özü ilə gətirdiyi sarı rəngli qovluqla deputatların qarşısına çıxır və ölkədəki vəziyyət, konstitusiya düzəlişlərini zəruri edən səbəblər barədə bir daha danışır. Nəhayət, Tereşkovanın təklifini dəyərləndirən Putin deyir ki, iki dəfəlik müddət qalsın, amma onun prezident yarışında yenidən iştirakının önünün açılmasına etirazı yoxdur, bir şərtlə ki… Zalda hamı heyrətlə prezidentə baxır-nə şərt? Olmaya, Putin 2024-də seçkilərdə iştirak etməyəcəyini bəyan edəcək?
Prezident deyir ki, Konstitusiya Məhkəməsi bunun ali qanuna ziddi olmadığını bəyan etməlidir. Prezident çıxışının sonunda 2024-dək hakimiyyətdə olacağını yada salıb, «sonrasına baxarıq» deyib.
Yaxın günlərdə KM-nin hansı qərar verəcəyini biləcəyik, amma Moskvada artıq «əbədi prezidentə» qarşı etiraz aksiyaları başlayıb, həbslər var.
Putinin niyə hiylə və ya dolayı yollarla, məsələn, Qazaxıstan lideri Nazarbayev kimi prezidentdən çox səlahiyyətləri olan Təhlükəsizlik Şurasına bənzər bir qurum yaratmadı, iddiasını birbaşa, həm də onun 20 illik idarəçiliyindən yorulmuş rus seçicisinin və Qərbin acığına prezidentlik müddətini sıfırlamağa razı oldu. Aydındır ki, Tereşkova bu teatrda düşünülmüş şirmadı, XXI əsrdə bu cür gedişlər hətta modası keçdiyinə görə qıcıq və bir az da ironiya doğurur. Amma gəlin, Putinin niyə birbaşa yolla getdiyini anlamağa çalışaq.
Əvvəla, Putin ona görə bu addıma getdi ki, Dumadakı çıxışında dediyi kimi, ikihakimiyyətlilikdən ehtiyat edir. Yəni prezident yox, məsələn, Dövlət Şurasının sədri kimi əsas söz sahibi qala bilərdi, amma bunu istəmədi. Zənnimizcə, Putin bu variantı sınaqdan çıxardığı üçün bu addıma getməyə razı olmadı. Prezident kreslosuna yaxın dostu Medvedyevi oturtdu, özü isə Kremldən köçmədi, bütün əsas qərarları şəxsən, amma pərdəarxasında qəbul etdi. Medvedyev gözlənildiyindən də zəif fiqur çıxdı, hətta dünya liderlərinin bir görüşündə içib ayaqüstə dura bilmədi. 2008-ci ilin avqustunda Gürcüstanın ərazi bütövlüyünü hərbi yolla məhz Medvedyevin prezidentlik dövründə bərpa etmək cəhdi təsadüfi deyildi. İddia olunurdu ki, bu 5 gün davam edən hərbi provokasiyanı Qərb məhz Putinin «yuvasından başını çıxarmaq», yəni Rusiyada əsas adamın baş nazirin olduğunu dünyaya sübut etmək üçün düşünüblərmiş. Saakaşvili bu provokasiyaya getdi, Putin də özünü ələ verdi. Medvedyev ifadələrini cilalayarkən, Putinin Saakaşvilini bir yerindən asacağı hədəsini xatırlamaq kifayətdir. Putin baş nazir kimi də nüvə çemodanını özündə saxlayırdı, amma bu, «evcik-evcik oyunu» onun xoşuna gəlmədi. Bu səbəbdən Putin müəyyən tərəddüddən sonra növbəti dəfə iddiasını birbaşa ortaya qoydu, həm onun əleyhinə olanları, həm onun 4 ildən sonra gedəcəyi üzərində planlar quran dünya güclərini xəyal qırıqlığına uğratdı.
Putin hakimiyyətdə qalmaq istəməsini birmənalı bəyan etməyib, amma onun əbədi prezident olacağı barədə artıq Qərbdə də, Şərqdə də danışırlar. Bu isə Putinin maraqlarına uyğundur. Ona görə ki, Putinin 4 ildən sonra hər hansı adla hakimiyyətini davam etdirəcəyi deyilirdi, amma gözlənilirdi ki, bunun adı prezidentlik olmasın. Belə vəziyyətdə isə Putinin varis planları üzərində spekulyasiyalar davamlı xarakter alacaq, hakimiyyətdə mərkəzdənqaçma meylləri güclənəcək, hətta hansısa saray çevrilişləri ola bilərdi. Putin Dumadakı çıxışında bir daha dedi ki, Rusiya bütün inqilablar limitini bitirib. Bu isə təkcə xarici qüvvələrə deyil, daxili qüvvələrə də mesaj sayıla bilər.
«Putin güclü liderdir, onu kimsə hakimiyyət taxtından sala bilməz» deyirsinizsə, haqlısız. Amma unutmayaq, Putin ölkədə qaykaları o həddə sıxıb ki, bundan sonra sına və arzuedilməz nəticələrə səbəb ola bilər. Ona görə kommunistlərin gücü ona çatdı ki, 43 səslə bu düzəlişlərlə qarşı çıxsınlar, amma onlar da yalnız bitərəf qalmaqla kifayətlənməli oldular.
Hazırda Putin Rusiyanı ayaqda, ordunu isə tətikdə saxlaya biləcək yeganə liderdir. Sorğulara görə, Dumanın prezidentlik müddəti ilə bağlı düzəlişlərini referenduma çıxarılması barədə qərarından sonra 22 apreldə məntəqələrə gedəcəklərini bəyan edənlərin faizi iki dəfə artıb….
XIX əsrin əvvəllərində yaşamış mütəfəkkir-şair Fyodr Tütçevin «Rusiyanı ağılla başa düşmək mümkün deyil» fikri iki əsr sonra da aktuallığını saxlayır…
 


Nazim SABİROĞLU
Oxşar xəbərlər