Qara maskalı, “ağ atlı” oğlanın rayon səfərləri

  • 22 fev 2020, 22:16
Yüksək mənsəbli, orta ranqlı dövlət məmurlarına xalqın münasibəti bir başqaymış. Əsasən mənfi işarəli… Bu, öncədən bilinirdi, amma hiddətin miqyasını təsəvvür etmək mümkün deylidi.

Neftçala rayonunun İH başçısı İsmayıl Vəliyevin, ondan da əvvəl Ağstafanın başçısı Nizaməddin Quliyevin iş başındaykən, kabinetlərindəcə qandallanması və onların kütləvi şəkildə söyülüb-yamanlanması göstərdi ki, xalq rüşvətxorlara necə nifrət edir.

Bu şəxslər barədə deyilən ən güclü müdafiə arqumenti “guya başqa rayonların İH başçıları təmiz işləyirmi” sualından o yana keçmir. Ürəklərində onlara haqq qazandıran, “vəzifə pul yığmaq üçündür” deyə düşünənlər də susurlar.

Əvəzində dünəndən bəri minlərlə sosial media fəalı sabiq başçıların həbsi zamanı fotosu çəkilmiş qara maskalı hüquq-mühafizə orqanı əməkdaşını nəzərdə tutaraq aşağıdakı kimi şərhlər yazırlar: “O qara maskalı oğlan Tərtərə də gəlsin”; “Qazax əhli maskalı oğlanın yolunu səbirsizliklə gözləyir”; “Qara maskalı qardaş, bir bizim Zərdaba da baş çək”; “Cəlilabada gəl, burda yeyib-dağıdanlar çoxdur” və sair və ilaxır.

Adı çəkilməyən rayon yoxdur. Hər kəs “qara maskalı oğlan”ı öz rayonuna dəvət edir, onun yerli korrupsionerləri qandalladıqdan sonra onlarla xatirə şəkli çəkdirməsini istəyir.

Bu günlərdə ölkənin ən populyar adamı adını rəislərindən başqa heç kəsin bilmədiyi, üzünü yalnız yaxınlarının gördüyü həmin o qara maskalı əməkdaşdır. O, korrupsiya və rüşvətxorluqla mübarizənin simvolu halına gəlib, “ağ atlı xilaskar”a dönüb.
Neftçalanın sabiq İH başçısının eynilə Ağstafanın başçısı kimi ifşa və həbs edilməsi onu da göstərdi ki, bu adamların gözündə qorxu yoxdur. Az qala hər rayonda (bəlkə də istisnalar var) eyni cür korrupsiya və rüşvətxorluq halları var: rayondakı idarə və müəssislərdən aylıq xərac yığmaq, tabelikdəki müdirlərə rüşvət zərfləri daşıtdırmaq, dövlət büdcəsindən ayrılmış vəsaiti təyinatı üzrə xərcləmədən mənimsəmək, aztəminatlı adamların minimal dolanşığı üçün nəzərdə tutulmuş müavinətlərə tamah salmaq, qanunsuz biznes strukturları yaratmaq və s.

Bir sözlə, rayonda uçan, qaçan nə varsa, hamısı İH başçısının şəxsi varidatının artmasına xidmət etməlidir. O, hamının ağasıdır, hamı onun köləsidir, hər kəs ona, köhnə vaxtların ifadələri ilə desək, töycü verməlidir, qapısında (obyektlərində) biyar işi görməlidir.

Günü bu gün “qara maskalı oğlan” başqa bir rayona təşrif buyursun, gedib görəcək ki, orda da eyni durumdur, tutulanların, “kinosu çəkilənlər”n aqibətindən dərs çıxaran olmayıb. Bax, bu sətirlərin yazıldığı, eləcə də oxunduğu dəqiqələrdə hansısa İH başçısı öz müavinini yanına çağırdı, aybaay ona çatmalı olan xəracın vaxtının bu gün dolduğunu bildirdi və əmr verdi: “Gecikdirməsinlər. Ağlınız o tutulanlarla, içəri basılanlara getməsin. O başqa söhbətdir”.

Ona görə də hazırda ictimaiyyəti düşündürən əsas sual bdur: “Başçı ovu davamlı olacaqmı”?

Xalq davamlı olmasını istəyir. Çünki korrupsiya və rüşvtəxorluq hər bir rayonda varsa, başqa korrupsionerlər niyə kənarda qalmalıdır? Belə olsa, işdən çıxarılıb tutulanlara ədalətsizlik olar.

Yox, əgər bu vəzifəyə yeni təyin olunanlar hələ korrupsiyaya bulaşmayıblarsa, onlara bir söz deyən yoxdur, dəyməsinlər.
Həm də bu trend təkcə İH başçılarını əhatə etməməlidir, nazirlik, komitə, konsern, xidmət, şirkət rəhbərləri, idarə rəisləri, şöbə müdirləri arasında haram yollarla yığıdığı varidatın miqyasına görə İH başçısını kölgədə buraxan adamlar var.

Şamaxıda, Qəbələdə, Qubada, o biri yaşıl rayonlarda göylərə baş çəkən və sıraya düzülən villaların sahibləri araşdırılsa, o binaların özülündən damına qədər yalnız korrupsiya puluyla inşa edildiyi ortaya çıxacaq.

Hazırda bəzi yadfikirli şəxslər ilk baxışdan haqlı görünən bir sualla çıxış edirlər, deyirlər, bu kiçik korrupsionerləri (onların fikrincə, ölkədə daha böyük korrupsionerlər var) əvvəlcə işdən çıxarıb, sonra aidiyyatı orqanlara çağırıb tutmaq olmazmı. Onsuz da hamısının cinayət qovluqları, başqa sözlə, torbaları hazırdır.

Düzdür, elə də olar. Amma bu cür daha effektiv və daha ibrətlikdir. Belə olanda ictimaiyyət bu hadisəni uzun müddət, həm də təəccüblənə-təəccüblənə, “nələri varmış e” deyə-deyə müzakirə edir və ümidvar olur ki, nəhayət, haqq-ədalət qalib gəlir, zülmkarların cəzalandırılması erası başlayır.

Xalqın belə şeylərə ümidvar olması, nikbinliyi çox önəmlidir.
 
Xalid Kazımlı

Xalid KAZIMLI
Oxşar xəbərlər