Press Klub “Yol xəritəsi” hazırlanmasını zəruri hesab edir

  • 10 yan 2020, 20:28

Xaricdəki jurnalistlərlə, media qurumları ilə əlaqələr Press Klubun fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir

Press Klubun İdarə Heyətinin ilk toplantısı keçirildi. İclasda tanınmış ekspertlər və media qurumlarının rəhbərləri Zeynal Məmmədli, Qulu Məhərrəmli, Mehman Əliyev, Aynur Kərimova, Eiçin Şıxlı, Arif Əliyev iştirak edirdi, digər İH üzvlərinin, o cümlədən xaricdə olan Rahim Sadıqbəylinin (Skandinaviya bürosunun rəhbəri) və Xəyal Tağıyevin (Rusiya bürosunun rəhbəri) də müzakirə olunan məsələlərə münasibəti nəzərə alınırdı.

Klub bərpa olunduqdan sonra onun 3 aylıq fəaliyyəti müzakirəyə çıxarıldı. Klubun saytının işi barədə məlumat verildi. Mətbuat konfransları, dəyirmi masalar, treninqlər və digər tədbirlərin keçirilməsi üçün müvafiq yer axtarışı, bununla bağlı maliyyə məsələləri barədə fikir mübadiləsi aparıldı. Fevralda internet kanalın yayıma başlamasını təmin etmək üçün iş bölgüsü təsdiqləndi.

Xaricdəki jurnalistlərlə, media qurumları ilə əlaqələr Press Klubun fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Araşdırmalar göstərir ki, son on ildə mühacirətdə olan azərbaycanlı jurnalistlərin sayı xeyli artsa da, onların xarici mediada təmsilçiliyində, ümumiyyətlə, digər ölkələrin kütləvi informasiya vasitələri ilə əməkdaşlıqda geriləmə baş verib. Bunları nəzərə alaraq, Press Klubun Skandinaviya bürosunun modeli üzrə Rusiya bürosunun da fəaliyyətinin genişləndirilməsi və Almaniyada eyni strukturun yaradılmasına hazırlıq vacib vəzifələr kimi qarşıya qoyuldu.

Azərbaycan mediasının hazırkı vəziyyəti ayrıca müzakirə edildi. Böhrandan çıxış şansının yarandığı bir vaxtda mövcud imkanlardan yararlanmaq üçün çox az təşəbbüs göstərildiyi təəssüflə qeyd edildi. İdarə Heyəti mediamızın dirçəlişinə və inkişafına yönəldilmiş "Yol xəritəsi”nin - strateji sənəd layihəsinin hazırlanması barədə qərar qəbul etdi.

Müəllif: Ayna.az  

Oxşar xəbərlər