Paradoks - Daşkəsəndə bələdiyyə, yoxsa onbaşı seçkiləri?

  • 24 dek 2019, 22:43
Öncədən də bilinirdi ki, dünkü bələdiyyə seçkiləri xeyli sönük və coşqusuz olacaq, elə də oldu! Qeyri iş günü olsa da, insanların gündəlik qayğıları səsverməni unutdurmuşdu. Gəncədə saatlarla bəzi dairələr üzrə seçki məntəqələrini müşahidə etdim, təəssüf ki, həvəslə səsverməyə gələn bircə adama belə rastlamadım. Əslində dünənki abu-hava mənə çox şey pıçıldadı, amma bu yerli özünüidarə qurumuna seçkilərin şəffaflığını ya da karusel əməliyyatlarını burda yazıb da təftiş etməyəcəm. Məncə dünənki seçkidə bundan daha betər problemlər, nöqsanlar mövcud idi.
İndicə mənə xəbər gəldi ki, dünənki seçkilərdə Daşkəsən rayonunda elə qıvraq kəndlər olub ki, səsvermə hüquqlu adamın sayı oralarda 100-dən bir az artıq olub. Bu hal rayon rəhbərliyinə və MSK-ya öncədən bəlli olsa da, kəndlər az kontingentli əhali ilə öz bələdiyyə seçkilərinə qatılıb və əyani rüsvayçılıq baş verib. Təsəvvür edin, namizədlər və məntəqə sədrliyi adlar siyahısında seçicilərini axtarıblar, güc bəla ilə 20-30 nəfəri Gəncədə tapıb axşamçağı özəl avtobusla kəndə daşıyıblar. Gətirilən camaata səs verdiriblər. Yekunda da ki, ümumilikdə 70 səslə böyük bir qutunu açıb sayıblar. Sevincək olublar və seçki o tipli kəndlərdə də baş tutmuş elan edilib...
Məntiqə vardınızmı dostlar, deməli 70 nəfərin seçdiyi 5-6 nəfərlə istənilən kəndimizin bələdiyyəsi mövcuddur. Orta hesabla hər namizədə 10 nəfər səs verib. Sizcə bu nə biabırçılıqdı? Bu hal hansı hüquqi normalara söykənir? Sanki bəzi kəndlərdə bələdiyyə yox, onbaşılar seçib camaat!
Hələ bir bələdiyyə sədri də olacaq o kəndlərin ki, qərarlar versin.
Orta hesabla 15-20 təsərrüfatla hansı kəndin bələdiyyəsi uğur qazanacaq? Belə kəndlərin bələdiyyə sədrləri hansı büdcə ilə azsaylı seçicisinə hesabat verəcək, necə və nədən vergi ödəyəcək?
Bu sualların cavabını Daşkəsənin icra başçısı cənab Əhəd Abıyev, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mütləq ki, verməlidir.
* Hansı əsaslarla 100 nəfərlik kəndlərdə bələdiyyə seçkiləri keçirilib? Bunun hüquqi əsasları mövcuddurmu?
* Hər bələdiyyə namizədinə orta hesabla 15-20 seçici düşürsə, seçkilərin nəticələri sonda qanunidirmi?
Bu günlərdə daha geniş yazımla bütün bunlara aydınlıq gətirməyə, Daşkəsən kəndlərində bələdiyyə qurumlarının formal və ya qanuni mövcudluğuna aydınlıq gətirməyə çalışacağam...
Osman Nərimanoğlu

Demokratik.Az


 


 

Oxşar xəbərlər