Konstitusiyada qeyd olunduğu kimi...

  • 05 dek, 08:32
  • baxış sayı: 195

"Xoşbəxtlik - sabahkı gün haqda düşünməməkdir”

(Culian Barns, ingilis yazıçısı)

Ermənistanda tələbələr təhsil qanununa edilən hansısa dəyişikliyə etiraz aksiyası keçiriblər, polis 24 nəfəri tutub zindana basıbdır. Bizdə də tələbələr kütləvi şəkildə zəhərlənirlər, çünki bizim təhsil qanunu yaxşı vəziyyətdədir. İstəsən lap qanunu götür dibindən ləğv elə, tələbələrimizin vecinə olmaz. Niyə də olsun? Qanun vacib deyil, əsas oxumaqdır. Bu gedişlə bizim tələbələr dünyada zəhərlənən tələbələr reytinqində birinci onluğa düşəcəkdir. Ali məktəblərimizin qarnı ağrıyan və qusan tələbələrə, orta məktəblərimizin süpürgə pulu və intihar edən şagirdlərə, uşaq baxçalarımızın da tərbiyəsiz tərbiyəçilərə görə gündəmə gəlməsi hansı yolda olduğumuzu göstərən əlamətlərdir. İndi həmin yolun təmirinə ehtiyat fonddan pul ayrılıbdır, lap yaxşı olacaqdır. İqtisadiyyatımız da inkişaf edir, dünən Bakıda ət dükanını yarıb qəssabın neçə kilosa ətini oğurlamışdılar. Yazıq deyir bununla üçüncü dəfədir dükanım yarılır.

Hərçənd, idarədən açıqlama verildi, deyir tələbələr yeməkdən zəhərlənməyib, hadisələr nəsə başqa şeydən olur. Toksik maddələr varmış. Yəqin çox kitab oxuyurlar, hərflərdəki qurğuşunu barmaqlarıyla yalayırlar. Gərək bu qədər də oxumayaq. Onsuz ermənilər qaçıb gedirlər. Başqa tərəfdən, bir uşaq var, yağışdan enerji almaq qurğusu düzəldibdir, o bizə, oxumasaq, min il bəsdir. Təkcə qalır yağışın yağmağı, ondan sonra kef eləyəcəyik. İşığı yığıb xaricə satarıq, bəy kimi yaşayarıq. Müxalifətçi ac bəylər kimi yox, qədim pullu bəylər kimi. Bir deputatımız da soğandan günəş enerjisi almağı kəşf eləmişdi, heyf, nakam getdi, deputatlığı ləğv olundu.

Söz açılmışkən, bu deputatlığın ləğvi proseduru ölkəmizdə qanunvericiliyə, demokratik dəyərlərə nə qədər böyük hörmət qoyulduğunu göstərdi. Ermənistanda hökumət deputatlardan bezəndə 3-4 avtomatlı gədə göndərir, girib deputatxanada hamısını qırırlar. Bizdə isə dünən Konstitusiya Məhkəməsi Milli Məclisi ləğv elədi. Ondan da qabaq Milli Məclis özü Konstitusiya Məhkəməsinə ərizə yazmışdı ki, bəs, istəyirəm özümü buraxım, nə deyirsən. Səhv yazdım, Məclis prezidentə yazmışdı bizi ləğv elə, prezident də qanunları, demokratiyanı əldə əsas tutdu, ərizəni Konstitusiya Məhkəməsinə göndərdi. Ancaq bu da hələ hamısı deyil, lap öncə YAP deputatlara məsləhət görmüşdü özlərini buraxsınlar. Gördüyünüz kimi, bizdə hər şey məsləhətlə olur, avtoritarizmə, təkhakimiyyətliyə yer yoxdur. Misal üçün, dünən ən son ana qədər hamı qorxurdu birdən Konstitusiya Məhkəməsi ərizənin üstünü yazmaz, deputatlar məcbur olar qayıdıb bu qışın günündə təzədən iclasda otursunlar. O məhkəmədə o qədər elə şeylər olub ki... Dünyada ən müstəqil məhkəmədir. Hətta bir dəfə kimsə iclasda baxıb ki, məhkəmənin sədri Fərhad müəllim məşvərətə getmədən başını qaşıyır!

Təbii ki, bütün bunlar bizi sevindirir, ürəyimizi açır. Ona qalsa Britaniyada heç konstitusiya yoxdur. Hər yerdən bankir arvadları pulları oğurlayıb Londona qaçırlar.

Milli Məclisin ləğvi zamanı səslənən bəzi arqumentlər olduqca ləzzətli idi. Misal üçün, deputatların prezidentə müraciətində belə fikir var idi ki, artıq fəaliyyətimiz mümkünsüz hala gəlibdir. Özünütənqidin səviyyəsi heyranedicidir. Yaxud, KM-in iclasında hüquqşünas-deputat Əli Hüseynli görün nə deyir: "Konstitusiyada qeyd olunduğu kimi, Azərbaycan demokratik və hüquqi dövlətdir. Hüquqi dövləti xarakterizə edən isə hakimiyyət bölgüsüdür. Qanunvericilik hakimiyyəti dövlət hakimiyyətinin çox vacib elementidir. Sözsüz ki, Qanunvericilik hakimiyyəti təkcə millət vəkillərinin qanunları qəbul etməsi kimi başa düşülməməlidir. Milli Məclisin Konstitusiya ilə üzərinə qoyulmuş və dövlət həyatında müstəsna əhəmiyyət kəsb edən digər funksiyaları var”. Gözəl izahatdır. Yoxsa bizdə hələ də bəziləri düşünür, deputat düymə basmalı, sonra çıxıb getməlidir. Halbuki deputatın dükan açmaq, sosial şəbəkədəki avaralara tema vermək, söyüş yiyəsi olmaq, elçiliyə getmək kimi digər funksiyaları vardır. Ancaq etiraf edirəm, Əli müəllimin ən çox bu cümləsindən həzz aldım: "Konstitusiyada qeyd olunduğu kimi, Azərbaycan demokratik və hüquqi dövlətdir”. Şükür. Qeyd olunmasa nə edərdik?

Lakin bu qədər əziyyət çəkmədən də deputatları ləğv eləmək olardı. Sadəcə, deyilərdi ki, bizim Milli Məclis "Ayfon” telefonun yeni modeli kimi hər il yenilənməlidir, ona görə 5 il gözləyə bilmədik. İndi sürət əsridir, cavan uşağı deputat qoyursan, 5 il keçməmiş işin ağırlığından qocalır, "mümkünsüz hala gəlir”. Baxarsınız, növbəti deputatların daha yeni funksiyaları olacaqdır. Üç gözlü, qatlayıb baxmaq imkanlı, barmaqla açılan, enerjini çox saxlayan, nə bilim, dərinlikdə də işləyə bilən... Amma onlar özlərini haçan buraxacaqlar, bunu indidən proqnoz etmək çətindir. Sabah başımıza nə gələcəyini bilsək, yaşamaq maraqsız olardı.

Oxşar xəbərlər