Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür

  • 09 noy 2019, 09:41

Bu gün Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur.

Bu bayram prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamı ilı təsis edilib. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Nəticədə Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr tarixi qeyri-iş günü sayılıb.

Ölkə başçısı bu qərarı qəbul edərkən Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alıb, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin edib. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar vermişdi.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət bayrağını bərpa edilib. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edirAzərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının yerləşdirdiyi binada qəbul edilib və qaldırılıb. Azərbaycan Bayrağı tarixində ən sərfəli günlərdən biri 7 dekabr 1918-ci ildə şərqdə ilk demokratik, dünyəvi dövlət olan AXC parlamentinin açılışı zamanı qaldırılıb. Parlamentin birinci iclasını açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə üçrəngli milli bayrağına xitabən deyib: «Bir kərə yükləsən bayraq, bir daha enməz!».
1957-ci ilin mayın 28-də SSRİ-nin ən güclü vaxtında Cahid Hilaloğlu və Çingiz Abdullayev adlı iki soydaşımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancırlar. Sonradan 10 ilədək həbs cəzası alan bu soydaşlarımız üçrəngli bayrağımızın yaddan çıxmadığını göstərirlər.
Bu da sevindirici haldır ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilib. Bu gün həmin təşkilatın Nyu-Yorkdakı igamətgahının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.

Azərbaycan Bayrağının 101 yaşı mübarək olsun!
Demokratik.Az

Oxşar xəbərlər