“Jurnalistika və həyəcan” - Könül Alı yazır

  • 14 okt 2019, 20:25

Könül Alı

Məmləkətdə redaksiyaların büdcələrinin kiçildiyi, çap mediasının çoxdan oxucusuyla vidalaşdığı vaxtda əlçatmaz jurnalistikanın hələ də həyəcan verən peşə olduğu bir gerçəkdir.

"Jurnalistika və həyəcan”. Azərbaycan mediasına yad kəlimələr olsa da, bu, dünyanın bir çox yerində belədir. Yoxsa məhdudiyyətlərə rəğmən jurnalistikaya bu qədər axın olmazdı. Azərbaycanda mətbuata yaradılan "imkanlar” isə təəssüf ki, jurnalisti yüksəltmək əvəzinə, yerdən-yerə vurur…

Ana Yasamızın vəd etdiyi azad söz və müstəqil fəaliyyət imkanlarından yararlana bilməməyimiz, avropalı, qərbli həmkarlarımızın keçmiş, bugünkü uğurlarına boylana-boylana qalmağımıza səbəb olur…

Doğru xəbər əldə etməyin müəyyən süzgəclərdən keçdiyinin qaçınılmaz olduğu bir sistemdə bizim mediada çalışanlarımız nə qədər həyəcanlı jurnalistika fəaliyyəti yürüdür, bu da sual doğurur… dünyada isə sfera fərqlidir.

Dünya mətbuatında diqqətimi daha çox amerikan jurnalistikası çəkir. Araşdırmalara görə James Agee, Christiane Amanpour, Russell BakerJames Baldwin kimi imzalar son yüz ilin ən yaxşılarından hesab olunur. Sadalamaqla bitməyən başqa maraqlı imzalar da var…

Amerikadakı "The Chicago Tribune”nın Şimali Asiya bürosunun şefi Kim Barker (Tina Fei) haqda əminəm çoxunuz eşitmisiniz. Redaksiyada oturub işləməkdən bezən Kim Barker eyni şəhərdə, eyni mövzuları yazmaqdan yorulur. Həyatına və peşə fəaliyyətinə  rəng qatmaq, bozluqdan yaxa qurtarmaq arzusu ilə Əfqanıstana hərbi jurnalist kimi yollanır. Jurnalist fərqli fəaliyyət müstəvisi istəyir və buna da nail olur…

Əfqanıstanla bağlı təəssüratlarını yazıya köçürən Kim Barker həyəcanla qorxunun sintezində yaşadığı adrenalini həzzlə anladır. Dövri mətbuatda hələ Əfqanıstanda olduğu vaxtdan etibarən qaynar nöqtələrdən xəbərlər verir, ötürdüyü isti xəbərlərdən məqalələr yazılır. Amerikaya qayıtdıqdan sonra da uğurlu bir kitab yazır, şöhrətin ta zirvəsinə çatır.

Kim Barker

 

Kim Barkerin Əfqanıstan səfərini əhatə edən "Reporter” filmi də geniş auditoriya qazanır, təqdir olunur. Kim Barker haqda məlumatı ilk dəfə barəsində çəkilən filmə baxarkən almışdım. Maraqlı yaradıcılıq yolu olan jurnalist hesab etmişdim Kimi.  Amerikan mediasının Kim Barker kimi jurnalistinin varlığına həsəd qarışıq bir "qısqanclıq” keçirmişdim. Rəqabət mühitinin olmaması bizləri belə zövqlərdən məhrum etdiyi üçün "qısqanmışdım” bir qədər…

Amerikada jurnalistikanın kökləri bizimkindən bir əsr qabağa dayanır.

Amerikada mətbuatın bünövrəsinin qoyulması məqsədi ilə 17-ci əsrin sonlarında bir neçə kitab nəşri üçün can atılsa da bu baş tutmayıb. 1704-cü ildə amerikan qəzetçiliyinin əsası "The Boston News-Letter” nəşrinin fəaliyyətə başlaması ilə qoyulub. İlkin dövrlərdə Amerikan mediası Amerikanın müstəqillik kampaniyasında siyasi güclərin alətinə çevrilsə də, ABŞ Ana Yasasının ilk maddəsi "Söz azadlığı və mətbuat” haqda qanun qüvvəyə mindikdən sonra sürətlə inkişaf edib. Lakin zaman-zaman sensasiya xarakterli məlumatlara tələbat daha ağır basmağa başladığından məhz sensasiya yarada bilən potensial jurnalistlərin meydana çıxması vüsət alıb.

Nelli Blayın da məhz elə sensasiya yarada bilən üslubu mənə cazibəli gəlmişdi – peşəsini mükəmməl təqdim etmək üçün obrazlara girən jurnalist kimi.

Amerikan jurnalistikasında Nelli Blay (Nellie Bly) kimi tanınan imzanın sahibi Elizabeth Jane Cochrandır. Sensasiya doğuran xəbərlərin müəllifi olduğundan "Xanım sensasiya” kimi tanınan Nelli Blay ABŞ-nın  Pensilvaniya ştatında anadan olub. Jurnalistikaya təsadüfən gələn Nelli az vaxtda araşdırmaçı jurnalistika tarixinin əfsanəvi imzasına çevrilib. Nellinin jurnalistikada metodu fərqli şəxsiyyətlərə bürünüb xəbər hazırlamaq olub. O, bu fərasəti və prinsipiallığı ilə Amerika ictimaiyyətinin diqqətini çəkməyi bacarıb.

Nelli 18 yaşında "The Pittsburgh Dispatch” qəzetində nəşr olunan və qadınların yerinin ev olduğu, qadının iş həyatında olmasının canavarlıq olduğu kimi cinsiyyətçi ifadələrin yazıldığı məqaləyə məktubla cavab yazır. Yazdığı məktub qəzet rəhbərinin diqqətini çəkir və Nelliyə həmin qəzetdə işləməyi təklif edir. O, bu təklifi qəbul edir və qəzetin ilk qadın müxbiri olur. Elə bu qəzetdə jurnalist fəaliyyətinə başlayan Elizabeth Jane Cochran "Nelli Blay” ləqəbini istifadə etməyə başlayır. Nelli Blay fəaliyyətinin ilk günlərində qadınların iş həyatında üzləşdikləri diskriminasiyanı üzə çıxarıb xəbər hazırlamaq üçün bir işçi ilə yer dəyişdirir, sonralar da bu kimi metodlarla məşhurluq qazanır.

Nelli qadın haqları barədə materiallar hazırlayım deyərkən özü iş yerində diskriminasiyaya məruz qalır. Qadın olduğu üçün Nellidən modadekorasiya kimi mövzularda məqalələr yazmaq tələb olunur. Buna etiraz etsə də, Nelliyə bundan artıq imkan yaradılmır. O da bu qəzetdə işləməkdən imtina edir.

Bir müddət işsiz qalan Nelli Meksika haqda məqalə yazmaq üçün dəvət aldığında araşdırmalara başlamaq üçün altı aylıq Meksikaya gedir. Orada dinc durmayan Nelli məqalələrinin birində Meksika hökuməti əleyhinə tənqidi fikirlər bildirən bir jurnalistin həbs olunmasına qarşı çıxdığı üçün deportasiya edilərək Amerikaya qaytarılır. Əsl və fərqli jurnalistika nümunələri yaratmaq ideyası iliklərinə işləmiş Nelli 1888-ci ildə Meksika ilə bağlı məqalələrini kitab şəklində çap etdirir.

ABŞ-a qayıtdıqdan sonra Nyu-Yorka  köçən Nelli Blayd Cozef Pulittserin "New York World” qəzetində işləməyə başlayır. Bu qəzetdəki ilk işi "psixi xəstə qadın” qiyafəsində  Blekvell qadın psixiatriya xəstəxanasına daxil olub, içəridəki vəziyyəti müşahidə etmək olur. Elə Nelli haqda ilk məlumatı da barəsində çəkilmiş məhşur "Escape From the Madhouse” bioqrafiya filminə baxanda almışdım.

 

Nelli Blay

 

Filmdə də olduğu kimi Nelli psixatriya xəstəxanasında baş verən şayiələr barədə məlumatın dəqiqiliyini aydınlaşdırmalı idi. Bu üzdən xəstəxanaya daxil olacaqdı. Jurnalist kimi yox, ruhi xəstə kimi. Nelli ilk əvvəl ruhi xəstə insanların hərəkət və əlamətlərini ustalıqla təqlid edərək ətrafındakı insanları aldadır. Bundan sonra onun dəli olduğuna inanaraq xəstəxanaya yatırırlar. Xəstəxanada ruhi xəstələrin keçdiyi bir çox ağır müayinə və müalicə üsullarını keçən Nelli bəzən öz davranışlarından, verdiyi reaksiyalardan özünü gerçəkdən də ruhi xəstə kimi hiss edir. Bütün bu əzablara qatlanan Nelli doğru və isbatlanmış xəbəri əldə etmək naminə həyatını təhlükəyə atır. Xəstəxanada yaşadıqları, müşahidələri və xəstəxanada gözü önündə baş verən bütün hadisələr dolaşan şayiələrin doğru olduğunu sübut edirdi. Burada xəstə qadınlara xəstəxana işçiləri və həkimlər tərəfindən qəddar münasibət vardı. Gözü ilə gördüyü hər şeyi qələmə yalan Nelli Blay artıq buradan çıxmalı idi.

Nellinin qaçmaq planının üstü açıldığından onu xüsusi nəzarətə götürürlər. Kəskin amneziya və ruhi xəstəlikdən əziyyət çəkən xəstələrə tətbiq edilən tibbi və "tərbiyəvi” üsullar ona da tətbiq olunur. Psixiatriya xəstəxanasının idarəçisinin Nellinin həyatına son qoymaq istədiyi məqamda redaktoru dadına çatır. Nəhayətdə Nelli gerçək işgəncələrin mövcud olduğu qadın psixatriya xəstəxanasından çıxa bilir. Bununla da peşəsinin daha bir uğurlu layihəsinə imza atır – "10 gün dəlixanada” kitabını yazaraq daha bir sensasiya yaradır.

Mütəxəssislər onun bu kitabının günümüzdə tənqid olunan sarı jurnalistika konsepsiyasını üzə çıxaran mübahisələrin də başlanğıcı olduğu qənaətindədirlər.

Nellinin bu macəralı araşdırmanın sensasiyanın gətirdiyi şöhrətdən başı gicəllənmədi. Bundan sonra o, Jül Vernin "Səksən gün dünya ətrafında” əsərindən ilhamlanaraq dünya səyahətinə çıxdı. Səyahətini 72 gün 6 saat 11 dəqiqə sonra başa vuran jurnalistin Fransanın Amyen şəhərində Jül Vern ilə tanış olduğu deyilir.

 

Nelli Blay

 

1895-ci ildə milyonçu sənayeçi Robert Simon ilə evləndi və bununla da Elizabet Ceyn Kokrane Simon oldu – "Nelli Blay” adından imtina etdi. O, artıq hər yerdə tanındığı üçün jurnalistikanı buraxır. Həyat yoldaşının ölümündən sonra "İron Clad Manufacturing Co” adlı şirkətə rəhbərlik edirdi. İşçilər üçün idman zalı, kitabxana, sağlamlıq xidməti təqdim etmək kimi o vaxta qədər görünməmiş sosial islahatlar həyata keçirir. Maddi cəhətdən problemlər yaşamağa başlayanda isə yenidən jurnalistikaya qayıdır.

1920-ci ildə "New York Journal” üçün yenidən işləməyə başlayan Blay maraqlı, öz qeyri-adi jurnalistika üslubu ilə tarix yazmağa davam edir. O, 1922-ci il yanvarın 22-də sətəlcəmdən dünyasını dəyişir.

Kim Barker, Nelli Blay haqda belə həvəslə danışmağım o demək deyil ki, sensasiya yaratmaq cəhdi hər zaman uğurlu sonla nəticələnir. Məhz elə amerikan mediasında sensasiya arxasınca qaçdığından sevimli karyerasına son qoymaq məcburiyyətində qalan nümunələr də var. "The New Republic” nəşrinin jurnalisti Stephen Glass kimi. Yuxarıda adını çəkdiyim həmkarlarından fərqli olaraq Stephen Glass doğru xəbər deyil,  yalan və əsilsiz xəbər yaymaq, hətta yaratmaq naminə ağlasılmaz sensasiyalar yaradıb…

Stephen Glass haqda növbəti yazıda.

Oxşar xəbərlər