Putin 67 yaşını Tayqa meşələrində qeyd etdi

  • 08 okt 2019, 09:35

"O, polad iradəyə malikdir” - deputat

Boris Yeltsindən sonra Rusiyanı dirçəldən, dünya siyasətində təsirini, mövqeyini möhkəmlədən, "İkinci Stalin” adlanan, regionda dominantlığını qoruyan, illər sonra ABŞ-la qarşı-qarşıya gəlməyi məharətlə bacaran, xüsusən Suriya və Ukrayna böhranında gücünü nümayiş etdirən Rusiya prezidenti Vladimir Putinin oktyabrın 7-də 67 yaşı tamam oldu.

Məhz Rusiya kimi ambisiyalı dövlətə, Kremlin soyuq divarları arasında taleyüklü qərarlar verməyə Putin qədər qətiyyətli lider lazım idi. O, 19 ildir ki, Kremlin rəhbəri və dünyanın ən güclü liderlərindən biridir.

"Yeni Müsavat” xəbər verir ki, Putin 67 yaşını da, həmişə olduğu kimi, gözlərdən uzaq, ailəsi və yaxın dostları ilə birlikdə keçirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Sibirə getdiyini açıqlayıb. Sibirin tayqa meşələrini və təpələrini təkbaşına gəzən Putinin daha sonra müdafiə naziri Sergey Şoyqu ilə birlikdə piknik etdiyi görüntüləri yayılıb.

Kreml Putinin ad gününü təbrik etmək üçün zəng edən və ya mətn yazan dünya liderlərinin siyahısını açıqlayacağınıda bəyan edib.

***

Rusiya liderinin bioqrafiyası kifayət qədər zəngindir. Putinin atası Vladimir Spiridonoviç Leninqradın müdafiəsində iştirak edib, müharibədən sonra vaqon istehsal edən zavodda işləyib.

Anası Mariya İvanovna Şelomova da Leninqradın müdafiəsində iştirak edib, "Leninqradın müdafiəsi uğrunda” medalı ilə təltif olunub. Onun valideynləri xərçəng xəstəliyindən vəfat ediblər.

Putin 7 oktyabr 1952-ci ildə Leninqradda  dünyaya gəlib, ailənin üçüncü oğlu olub. Ondan əvvəl doğulan iki qardaşı uşaq yaşlarında xəstəlikdən ölüb. Uşaqlıqda kəşfiyyatçı olmaq istəyən Vladimir orta təhsilini 2 məktəbdə alıb.

Leninqradın 193, sonra isə 281 saylı orta məktəblərində təhsilini başa vurub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirən Putin 1975-ci ildən SSRİ DTK-da xidmətə başlayıb.

O, bir müddət Almaniyada da işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçak Leninqrad meri seçildikdə onun köməkçisi işləyib.

Putin 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib.İki qızları var: Mariya və Katerina.

Putin 2013-cü ilin iyunun 6-da həyat yoldaşı Lyudmila ilə boşanması haqda mətbuata açıqlama verib. 1999-cu ilin 31 dekabrından Rusiya prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb.

18 mart 2018-ci ildə keçirilən prezident seçkilərində 56 432 768 səs toplayaraq ümumi seçicilərin 51.77 faiz səsi ilə 2024-cü ilə kimi prezident seçilib. Putin bu sayla artıq 4-cü dəfədir ki, prezident seçilir.

***

Bəs Azərbaycanda onun barəsində nə düşünürlər? Azərbaycan-Rusiya münasibətləri Putinin iqtidarı dövründə necə xarakterizə olunmalıdır? Bəzi siyasətçilərin fikrincə, Kreml rəhbəri vaxtaşırı ölkəmizə təzyiqlər göstərir.

Lakin rəsmilər iki ölkə və dövlət başçıları arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd edirlər. Xüsusilə "Valday” forumuna prezident İlham Əliyevin dəvət edilməsi, oradan verilən bəyanatlar, ölkə başçısının elə oktyabrın 7-də Putinə telefon açaraq doğum gününü təbrik eləməsi münasibətlərin hansı müstəvidə olduğunu göstərir.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə "Yeni Müsavat”a Rusiya liderini xarakterizə edərkən bildirdi ki, Putin Stalin ola bilməz: "Stalin dahi idi. Amma  Putin istedadlı, polad iradəyə malik insandır. O, dövlətinin və müttəfiqlərinin arxasında axıra kimi durmağı bacaran siyasətçidir.

Putin hər zaman dostunu və düşmənini ayırır, sözünə sadiq insandır. Hələ o, ilk prezidentliyi dövründə Yeltsinə sözvermişdi ki, onun komandasına birinci prezidentlikdə toxunmayacaq. Və sözünün üstündə dayandı. İkinci beşildə isə Rusiyanı rüşvətxorlardan, müttəfiqini satanlardan təmizlədi".

A.Əlizadə hesab edirki,  Yeltsin dönəmində kim gəldi "ayağını Rusiyaya silirdi": "Putin isə Rusiyanı ayağa qaldırdı. Sonra o, Medvedyevə inandı, özü baş nazir oldu. Amma gördü ki, Medvedyev sözünə sadiq adam deyil. Ən əsası Liviya məsələsində bu xüsusiyyəti özünü qabarıq göstərdi. Putin demişdi ki, Liviyaya müdaxilə olarsa, vuracağıq, amma Medvedyevin prezidentliyi dövründə Rusiya bitərəf qaldı, Liviya məhv oldu. O zaman Putin anladıki, Medvedyevə inanmaq olmaz, özü prezidentliyə qayıtdı”.

Deputatın fikrincə, Medvedyev özü hakimiyyətə təkbaşına gəlmişdi: "Putinin dönüşü ilə Rusiya Yaxın Şərqə qayıtdı, yeni silahlar sınaqdan keçirdi, ölkəni dünyanın aparıcı dövlətlərindən birinə çevirdi. Məsələn, SSRİ vaxtı kimi kənd təsərüfatına göndərirdilərsə, bilirdiki karyerasının sonudur. Onun dövründə isə Rusiya bir nömrəli taxılçıdır. Eyni zamanda Rusiyaya qarşı iqtisadi sanksiyalar Putinə kömək etdi. Ümumiyyətlə, iradəli insan dövlətin başındadırsa öz istehsalını inkişaf etdirir və ağalarından asılı vəziyyətə düşmür. Belə desək, ABŞ və Avropa bu mənada Putinə kömək elədilər".

ASDP sədri sanksiyaların Kuba və İranı da inkişaf etdirdiyini, daxili istehsalatın güclənməsinə səbəb olduğunu xatırlatdı: "Bütün dövlətlərə güclü lider lazımdır. Əgər dövlətin lideri zəifdirsə, getdikcə o ölkə dağılır.

Məsələn, SSRİ dağılanda çoxları, eləcə də mən düşünürdük ki, Ukrayna aparıcı dövlət olacaq. Amma siyasi çəkişmələrə girdi, indidən yoxsul ölkələrdən biridir. Rusiyanın Yeltsindən sonra hərbi sənayesi dağılmışdı, Putin gələr-gəlməz onu bərpa elədi".

A.Əlizadə zaman-zaman Putin administrasiyasının Azərbaycana və onun hakimiyətinə təzyiqlər göstərdiyi fikrini bölüşmür: "Azərbaycana təsir etməyin mənası yoxdur. Azərbaycan prezidenti təzyiqə davamlı, iradəli insandır. Yadıma gəlir ki, kiçik Buş regionumuzda İrana qarşı hərbi baza yerləşdirməyi, Tehranı vurmağı bəyan eləmişdi.

Cənab İlham Əliyev elə "Ağ Ev”in qarşısından elan etmişdi ki, kimin kiminlə ədavəti varsa, özü həll etsin, biz heç kəsə meydan verməyəcəyik. Üstəlik, İranda əhalinin yarısı azərbaycanlıdır".

Oxşar xəbərlər